Məhkəmə qərarları › İş №2-1(118)-1484/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1484/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1484/2025 20.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus 10 avqust 1985-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.

2. “Zərərli və xüsusi zərərli iş şəraitli sexlərdə işçilərin işlərinin və iş saatlarının Jurnalı”.

3. Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsinin 22 iyul 2010-cu il tarixli, 205 nömrəli arayışından görünür ki, İddiaçı Xanbala qızı 10 avqust 1985-ci il tarixdən 10 noyabr 2006-cı il tarixə kimi tam iş günü “Sintezkauçuk” zavodunun Lateks, Kauçuk və Spirt sexlərində korroziyadan mühafizə sahəsində izolioedici peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

4. Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsinin 23 iyul 2010-cu il tarixli, 204 nömrəli arayışından görünür ki, İddiaçı Xanbala qızı 10 avqust 1986-cı il – 10 noyabr 2006-cı il tarixə kimi tam iş günü ərzində “Azmənzilsənayetikintitəmir” birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində korroziyadan mühafizə sahəsində izolə edici peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 108A010 şifrinə əsasən 1 saylı siyahı üzrə “izoliyasiyaçılar” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 6 may 2024-cü il tarixli, 3-17-1/2-C-106128/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 23 iyul 2010-cu il tarixli, 204 nömrəli arayışında 10 avqust 1985-ci il – 10 iyun 2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən idarədə korroziyadan mühafizə sahəsində izoləedici peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Eyni zamanda, sözügedən arayışda 1 yanvar 2004-cü il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işlədiyi günlərin sayı ilə bağlı hər hansı məlumat göstərilməmişdir. Həmçinin, araşdırma zamanı 1 yanvar 2006-cı il – 10 noyabr 2006-cı il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də 1 yanvar 2004-cü il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr üzrə də işləməyinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəblərdən də 1 yanvar 2004-cü il – 10 noyabr 2006-cı il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də ümumi iş stajı 20 ildən az (18 il 4 ay 21 gün (10 avqus 1985-ci il – 31 dekabr 2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 iyul 2024-cü il tarixli, 3-17-1/2-167679/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsinin 22 iyul 2010-cu il tarixli, 205 nömrəli arayışı (§3); - Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsinin 23 iyul 2010-cu il tarixli, 204 nömrəli arayışı (§4); - İddiaçı məxsus 10 avqust 1985-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti; - 6 may 2024-cü il tarixli, 3-17-1/2-C-106128/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktub (§5).

7. Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsinin 18 oktyabr 2024-cü il tarixli, 250 nömrəli arayışından görünür ki, İddiaçı işlədiyi müəssisə Sumqayıt Sintez Kauçuk Zavodunda fəaliyyət göstərmişdir. 1 yanvar 2004-cü il – 31 may 2005-ci il dövrünə aid əmək haqqı ödənişi sənədləri saxlanmadığına görə həmin tarixlərdə işlədiyi günlərin sayını müəyyən etmək mümkün deyildir. 1 yanvar 2006-cı il – 10 noyabr 2006-cı il dövründə işçinin əmək haqqından məcburi dövlət sığorta haqqının tutulub-tutulmaması barədə arxiv arayışı idarənin Cəbrayıl rayon tam orta məktəbi kimi fəaliyyət göstərdiyindən əldə etmək mümkün olmamışdır (arxiv sənədləri saxlanmadığına görə). 1 yanvar 2004-cü il – 31 dekabr 2005-ci il tarixlərdə bütün aylar üzrə tam iş günü işləmişdir. Xüsusilə zərərli iş sahəsində işləməsini 204 saylı arayış və “Jurnal” təsdiq edir. İşlədiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabientinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının Vİİİ bölməsinin “1-ci yarımbəndinin 108A010” saylı şifrəsi ilə təsdiq edilir. Həmin qərara əsasən vətəndaş güzəştli əmək pensiyası hüququ əldə etmişdir. Üzərində “Jurnal” yazılmış zərərli və xüsusilə zərərli işlərdə İddiaçı işləməyini təsdiq edən sənədlərdə iş gününün 1 iyul 2002-ci il kimi göstərilməsi ilə əlaqədar olaraq bildirilmişdir ki, İddiaçı idarədə 10 avqust 1985-ci il tarixdən 10 noyabr 2006-cı il tarixə qədər işləmişdir. İddiaçı əmək kitabçasına qeyd olunanlar ilə əlaqədar bildirilmişdir ki, kitabçada qeyd edilənlər həqiqidir və işçi həmin işlərdə göstərilən tarixlərdə işləmişdir.

8. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 mart 2025-ci il tarixli, 3-17-1/3-1- 26662/2025 nömrəli xidməti məktubdan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasında 10 avqust 1985-ci il – 10 noyabr 2006-cı il tarixləri arasındakı dövr ərzində 1 saylı Təmir-Tikinti Quraşdırma idarəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, 1 yanvar 2006-cı il – 10 noyabr 2006-cı il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma idarəsinin 23 iyul 2010-cu il tarixli, 204 nömrəli arayışında adıçəkilən şəxsin 31 dekabr 2003-cü il tarixədək işlədiyi günlərin sayı qeyd olunmuşdur. Buna görə də 1 yanvar 2004-cü il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr üzrə İddiaçı işləməsinə dair əsaslı şübhələr yaranmışdır. Bundan başqa, “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin Sumqayıt İnzibati Məhkəməsinə göndərdiyi İddiaçı dair 18 oktyabr 2024-cü il tarixli, 250 nömrəli arayışında 1 yanvar 2004-cü il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində, sözügedən müəssisədə həm işlədiyi günlərin sayını müəyyən etməyin mümkün olmadığı, həm də sözügedən dövrdə bütün aylar üzrə tam iş günü işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, sözügedən arayışda qeyd olunan məlumatlarda uyğunsuzluq var. Eyni zamanda, “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyildir. Göstərilən səbəblərdən də 1 yanvar 2004-cü il – 10 noyabr 2006-cı il tarixləri arasındakı dövrü İddiaçı iş stajına daxil etmək mümkün deyildir. Həmçinin, adıçəkilən şəxsin ümumi iş stajı 18 il 4 ay 21 gün (10 avqust 1985-ci il – 31 dekabr 2003-cü il tarixləri arasındakı dövr) təşkil edir, güzəştli iş stajı isə yoxdur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

9. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşının tamamında, yəni 5 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə (§1-5) onunla əsaslandırılmışdır ki, iddiaçı 5 avqust 1968-cı il təvəllüddür, hazırda 56 yaşı tamam olmuşdur. Qeyd edilir ki, iddiaçının əmək fəaliyyəti – kimyaçılar şəhəri sayılan Sumqayıtda kimya istehsalında zərərli istehsalat sahəsi sayılan bir müəssisə ilə bağlıdır. Belə ki, iddiaçı 10 avqust 1985-ci il tarixdən keçmiş SSRİ Kimya və Neft Emalı Nazirliyinin “Sintezkauçuk” İstehsalat Birliyinin 10 saylı “Sumqayıtkauçuktəmirtikinti” İdarəsində sıravi işçi kimi işə başlamış, 7 yanvar 1987-ci il tarixdən isə həmin idarənin korroziyadan mühafizə sahəsində izoləedici peşəsinə keçərək əmək fəaliyyətini davam etdirmişdir. SSRİ-nin süqutundan sonra həmin müəssisənin bazasında “Azmənzilsənayetikintitəmir” İstehsalat Birliyinin nəzdində l nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi, daha sonra isə 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsi yaradılmışdır. Həmin müəssisdə 10 noyabr 2006-cı il tarixədək işləmişdir. Qeyd edilir ki, SSRİ-nin süqutundan sonra işlədiyi müəssisənin ad dəyişikliyi baş versə də, iş yeri və sahəsi profilə uyğun qalaraq əvvələr olduğu kimi “Sintezkauçuk” İstehsalat Birliyində kimya istehsalında davam etmişdir. Ümummilikdə, iddiaçının fasiləsiz olaraq 10 avqust 1985-ci il – 10 noyabr 2006-cı il tarixlər üzrə zərərli kimya istehsalat sahəsində 21 il 3 ay iş stajına malikdir. İddiaçının zərərli kimya istehsalat sahəsi - “Sintezkauçuk” zavodunun Lateks, Kauçuk və Spirt sexlərində tam iş günü ərzində çalışmağı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 koduna əsasən 1 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququnun yaranması iş yerindən verilmiş arayış ilə bir daha təsdiq olunmuşdur. Beləliklə, zərərli sahədə güzəştli pensiya hüququ verən peşədə çalışmaqla 1 yanvar 2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajının qarşılığında iddiaçı 21 il 3 ay ümumi iş stajına, tələb olunan 10 il zərərli sahədə iş stajının qarşılığında isə 19 il 10 ay iş staja malik olmaqla 52 yaşın tamamında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 9.8, prosessual hüquqi əsası kimi İPM-in 8.1.2, 33.1-ci maddələrinə istinad olunmuşdur.

12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

14. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir- Tikinti Quraşdırma İdarəsinin iddiaçıya dair 23 iyul 2010-cu il tarixli, 204 nömrəli arayışında 10 avqust 1985-ci il – 10 noyabr 2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən idarədə korroziyadan mühafizə sahəsində izoləedici peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyildir. Eyni zamanda, sözügedən arayışda 1 yanvar 2004-cü il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə iddiaçının işlədiyi günlərin sayı ilə bağlı hər hansı məlumat göstərilməmişdir. Həmçinin, araşdırma zamanı 1 yanvar 2006-cı il – 10 noyabr 2006-cı il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də 1 yanvar 2004-cü il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr üzrə də iddiaçının işləməyinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəblərdən də 1 yanvar 2004-cü il – 10 noyabr 2006-cı il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (18 il 4 ay 21 gün (10 avqust 1985-ci il -31 dekabr 2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir, güzəştli iş stajı isə yoxdur.

16. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahı”sına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazını müdafiə etmiş, müəssisənin arayışın birinci hissəsində 1 yanvar 2004-cü il tarixdən 31 may 2005-ci il tarixədək zəruri sənədlərin saxlanılmadığı üçün iddiaçının işlədiyi günlərin sayının müəyyən etmək mümkün olmadığının qeyd olunmasını, lakin eyni zamanda iddiaçının tam iş günü ərzində işlədiyinin qeyd olunduğunu, mövcud olan ziddiyyətlərə görə arayışın nəyə əsasən tərtib olunduğunun müəyyən olunmadığını bildirmişdir.

19. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş şahid X1 ifadə verərək, iddiaçının işlədiyi müəssisəsində rəis vəzifəsində işlədiyini, təqdim edilmiş arayışın səhhəti ilə əlaqədar onun tərəfindən deyil, digər işçilər tərəfindən tərtib edildiyini, arayışının nə vaxt tərtib olunduğunu bilmədiyini, müəssisədə olan bütün işçilərin tanıdığını bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

21. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

M a d d ə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər

9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. M a d d ə 1. Əsas anlayışlar (-) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. (-) 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; (-)

M a d d ə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. (-)

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları

“4. Sosial sığorta stajının hesablanması

4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: (-)

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; (-)

28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; (-) ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; (-) Maddə 69. İş stajının təsdiq edilməsi qaydası

İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (-) Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

29. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarı

1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

30. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 10. Peşə təhsili müəssisəsi ... 10.7. Peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

32. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

33. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

34. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

35. İddia tələbinin əsaslarına görə iddiaçının ümumi əmək stajı 20 ildən artıqdır, onun da 10 ildən çox hissəsi zərərli iş sahəsidir və bu hal iddiaçıya hüququnun yarandığı vaxtdan, yəni 52 yaşdan pensiyası təyin edilməlidir. Belə ki, 10 avqust 1985-ci il tarixdən keçmiş SSRİ Kimya və Neft Emalı Nazirliyinin “Sintezkauçuk” İstehsalat Birliyinin 10 saylı “Sumqayıtkauçuktəmirtikinti” İdarəsində sıravi işçi kimi işə başlamış, 7 yanvar 1987-ci il tarixdən isə həmin idarənin korroziyadan mühafizə sahəsində izoləedici peşəsinə keçərək əmək fəaliyyətini davam etdirmiş, daha sonra 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsi yaradıldıqdan həmin müəssisdə 10 noyabr 2006-cı il tarixədək işləmişdir.

36. İddiaçı tərəfindən təqdim edilmiş “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir- Tikinti-Quraşdırma İdarəsinin 22 iyul 2010-cu il tarixli, 205 nömrəli və 23 iyul 2010-cu il tarixli, 204 nömrəli arayışlarına əsasən iddiaçı 10 avqust 1985-ci il tarixdən 10 noyabr 2006-cı il tarixə kimi tam iş günü “Sintezkauçuk” zavodunun Lateks, Kauçuk və Spirt sexlərində korroziyadan mühafizə sahəsində izolə edici peşəsində işləmişdir.

37. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyildir, arayışlarda ziddiyətlərin mövcud olduğundan 1 yanvar 2004cü il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr üzrə iddiaçının işləməyinə dair əsaslı şübhələr yaranmış, bu səbəbdən də həmin dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Bildirilmişdir ki, iddiaçının ümumi iş stajı 20 ildən az (18 il 4 ay 21 gün (10 avqust 1985-ci il – 31 dekabr 2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir, güzəştli iş stajı isə yoxdur.

38. Yuxarıda sadalanmış normaların məzmunundan da göründüyü kimi güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

39. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 6 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

40. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.

41. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

43. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 1 yanvar 2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 1 yanvar 2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

44. 1 yanvar 2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmuşdur: a) yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) b) iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

45. 1 yanvar 2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmuşdur: a) yaş (kişilərdə 57, qadınlarda 52), b) iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

46. 10 mart 2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud olmuşdur: a) yaş (kişilərdə 60, qadınlarda 55); b) iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); c) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

48. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

49. İş materiallarına əlavə edilmiş “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir- Tikinti-Quraşdırma İdarəsinin iddiaçının əmək fəaliyyətinə dair arayışlarında onun 10 avqust 1985-ci il tarixdən 10 noyabr 2006-cı il tarixə kimi tam iş günü “Sintezkauçuk” zavodunun Lateks, Kauçuk və Spirt sexlərində korroziyadan mühafizə sahəsində izolə edici peşəsində işlədiyi qeyd edilsə də, iş dövrünün sonuncu günü 31 dekabr 2003-cü il olaraq göstərilmişdir.

50. Məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi müəssisəyə müvafiq sorğular ünvanlanmış, sorğulara cavab olaraq göndərilmiş məlumatlar ilə müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt Sintez Kauçuk Zavodunda fəaliyyət göstərmiş, 1 yanvar 2004-cü il – 31 may 2005-ci il dövrünə aid əmək haqqı ödənişi sənədləri saxlanmadığına görə həmin tarixlərdə işlədiyi günlərin sayını müəyyən etmək mümkün deyildir, 1 yanvar 2006-cı il – 10 noyabr 2006-cı il dövründə işçinin əmək haqqından məcburi dövlət sığorta haqqının tutulubtutulmaması barədə arxiv arayışı idarənin Cəbrayıl rayon tam orta məktəbi kimi fəaliyyət göstərdiyindən və arxiv sənədləri saxlanmadığına görə əldə etmək mümkün olmamış, lakin 1 yanvar 2004-cü il – 31 dekabr 2005-ci il tarixlərdə bütün aylar üzrə tam iş günü işlədiyi qeyd edilmişdir. Həmçinin, iddiaçıya dair tərtib edilmiş “Zərərli və xüsusi zərərli iş şəraitli sexlərdə işçilərin işlərinin və iş saatlarının jurnal”da qeyd edilən son iş günü 1 iyul 2002-ci il kimi göstərilməsi ilə əlaqədar olaraq bildirilmişdir ki, iddiaçı idarədə 10 avqust 1985-ci il tarixdən 10 noyabr 2006-cı il tarixə qədər işləmişdir.

51. Qeyd edilən ziddiyyətlərin araşdırılması məqsədilə istinad olunan arayışları öz imzası ilə təsdiq etmiş müəssisənin rəisi Məhərrəmov B.C-nin iştirakı məhkəmə iclasında təmin edilmişdir. Verdiyi ifadəsində həmin arayışların səhhəti ilə əlaqədar onun tərəfindən deyil, digər işçilər tərəfindən tərtib edildiyini, daha sonra başqa işçilərin mövcud olmadığını bildirmiş, müəssisədə işləmiş bütün işçilərin tanıdığını bildirsə də, iclasda göstərilən iddiaçının şəkilinə əsasən şəxsiyyətin müəyyən edə bilməmiş, işçilərin əmək fəaliyyəti ilə əlaqədar olan sənədlərin mövcud olmadığını qeyd etmiş, arayışların hansı məlumatlar əsasında tərtib etdiyinə aydınlıq gətirə bilməmişdir. Nəzərə alınmalıdır ki, müəssisəyə dair məlumatlar arxivə də təhvil verilməmişdir. Bundan əlavə, idarədə hər şeyin dağıldığı, binanın hal-hazırda məktəb kimi istifadə edildiyini bildirmişdir. Həmçinin, arxivə sənədləri verə bilmədiklərini, məcburi köçkünlər gələn zaman sənədlərin itdiyini, bu səbəbdən də, arxivin sənədlər yarımçıq olduğu üçün qəbul etmədiyini əlavə etmişdir.

52. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 1 yanvar 2004cü il tarixdən 31 dekabr 2005-ci il tarixədək dövr üzrə əmək fəaliyyəti barədə məlumatlar öz təsdiqini tapmamış, həmin dövrdə qeyd edilən müəssisədə işlədiyi sübuta yetirilməmişdir.

53. Bununla da müəyyən olunur ki, iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün, onun ən azı 20 il ümumi sığorta stajının 1 yanvar 2006-cı il tarixədək qazanmasına dair şərt ödənilmir.

54. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən 1 yanvar 2006-cı il – 10 noyabr 2006-cı il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir.

55. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа olunduğu üçün, iddia tələbi təmin edilməməlidir.

56. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

57. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar