Məhkəmə qərarları › İş №2-1(118)-1486/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1486/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1486/2025 27.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN 519, KOD 30316028 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına” əsasən iddiaçıya məxsus 0.78 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək JN 519, KOD 30316028 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına” əsasən iddiaçıya məxsus 0.78 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 dekabr 2005-ci il tarixli 4-Ə-419 reyestr №-li alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Bağbanlı kənd sakini X6 0.78 ha torpaq sahəsini satın almışdır və adına ləğv edilmiş DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən JN-519 KOD 30316028 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” verilmişdir və həmin vaxtdan torpağa sahiblik edərək istifadə edir. O, satın aldığı 0.78 ha torpağa çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etmişdir, cavabdeh təşkilat xx.xx.2024-cü il tarixli məktubu ilə ona çıxarışın verilməsinə imtina etmişdir. İddia ərizəsinə əlavə etdiyi 30 dekabr 2005-ci il tarixli 4-Ə-419 №-li alqı-satqı müqaviləsindən aşkar olur ki, qeyd edilən alqı-satqı müqaviləsinə əsasən 0.78 ha torpağı satın almışdır. İddia ərizəsinə əlavə etdiyi JN-519 KOD 30316028 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktın”dan aşkar olur ki, Dövlət Aktında qeyd edilən 1.56 ha torpağın 0.78 ha hissəsini Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 dekabr 2005-ci il tarixli 4-Ə-419 saylı alqı-satqı müqaviləsinə əsasən satın almışdır. İddia ərizəsinə əlavə etdiyi JN-338 №-li Dövlət Aktından aşkar olur ki, 30 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsində qeyd edilən torpaq sahəsidir. İddia ərizəsinə əlavə etdiyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan aşkar olur ki, 30 dekabr 2005-ci il tarixli 4-Ə-419 reyestr nömrəli müqaviləsinə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilmişdir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli çıxarışdan aşkar olur ki, JN-519 №-li Dövlət Aktında qeyd edilən 1.56 ha torpağın 0.75 ha hissəsinə çıxarış almışdır. 30 dekabr 2005-ci il tarixli 4-Ə-419 saylı alqı-satqı müqaviləsinə dair müqavilənin və qeydə alındığı kitabların Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının təqsiri üzündən baş verməmiş və bu halda ona çıxarışın verilməsinə imtina edilməsi üçün əsas ola bilməz. Digər tərəfdə 519 №-li Dövlət Aktında cavabdehin qeydiyyat kitablarından qeydiyyatdan keçməməsi iddiaçının təqsiri üzündən baş verməmişdir. Həmçinin ekspertiza müayinə keçirilərsə məlum olacaqdır ki, 338 №-li Dövlət Aktında qeyd edilən 0.78 ha torpaq 519 №li Dövlət Aktında olan 1.56 ha torpağın 0.78 ha hissəsi ilə bütün parametrlərində uyğun gəlir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, 0.75 ha torpaq sahəsi üçün JN 519 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. X10 və X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 338, KOD 30316028 Torpağa Mülkiyyət Hüququna X17 görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə X11 və ailə üzvlərinə 0.78 ha torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş 30 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Quba rayonu, Bağbanlı kəndində yerləşən 0.78 ha torpaq sahəsini İddiaçı X10 və X3 almışdır. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin 27 iyun 2024-cü il tarixli məktubu ilə Quba rayon dövlət notariat ofisində xx.xx.2003-cü il tarixdə 4Ə-49 nömrəsi ilə təsdiq edilmiş müqavilənin kserosurəti məhkəməyə təqdim edilmişdir. Quba rayon dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə 4Ə-1419 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-X14 Məsuliyyətli Cəmiyyətinin 31 iyul 2024-cü il tarixli 3-21-3-60/2-1810/2024 saylı məktubunda qeyd edilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı JN-519 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib edilməsinə əsas olmuş Quba rayon DNK-nun xx.xx.2003-cü il tarixli 4-Ə-49 və xx.xx.2005-ci il tarixli 4-Ə-1419 saylı alqısatqı müqavilələri aşkar edilməmişdir. Əlavə olaraq elektron bazada JN-519 (kod ********) nömrəli Dövlət Aktına dair məlumat mövcuddur. Eyni zamanda Quba rayon Aqrar İslahat Komissiyasının Qərarı olaraq müraciətdə qeyd edilmiş tarix və nömrə (xx.xx.1999-cu il № 115) Quba rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Kompüter Mərkəzinin direktoruna ünvanladığı məktubun tarixi və nömrəsidir. Arxivdə saxlanılan X8 adına verilmiş JN-338 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 23 avqust 2024-cü il tarixli məktubu ilə JN 519, KOD 30316028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Vətəndaşlıq X5 18 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Feyruz Bahadirovun və Səringül Bahadirovanın (Vəliyevanın) doğumu və sonuncunun X12 ilə nikahı haqqında akt qeydlərinin kserosurəti təqdim edilir. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Feyruz Bahadirovun nikahı və övladı, həmçinin Səringül Bahadirovanın övladı haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə müayinə aktı məhkəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Mübahisəli torpaq sahəsinin müayinəsi zamanı qonşu mülkiyyətçilər ilə heç bir mübahisə halı qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi iki hissədən ibarətdir. Həmin torpaq sahələrinin bir hissəsi çoxillik əkmə kimi bir hissəsi isə əkin kimi iddiaçı tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, DT və XK- nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-519 nömrəli Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahələri baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-338 nömrəli Dövlət aktına əsasən torpaq sahələri ilə tam olaraq üst-üstə düşür. Həmin torpaq sahələri digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür və ya kəsişmir. DBF siyahısına əsasən 338 nömrə X10 və ailə üzvlərinin adında 0.78 ha olaraq qeyd edilmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 0.75 ha hissəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X1b uqodiyası çoxillik əkmə kimi, 0.03 ha hissəsi isə X1b uqodiyası əkin kimi göstərilmişdir. Kənd təsərrüfatına yararlıdır. JN-519 nömrəli Dövlət aktında qeyd olunan digər iki planşet üzrə torpaq sahələri mübahisə predmeti deyildir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, JN 338, KOD 30316028 Torpağa Mülkiyyət Hüququna X17 görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə X11 və ailə üzvlərinə 0.78 ha torpaq sahəsi ayrılmışdır. 30 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Bağbanlı kəndində yerləşən 0.78 ha torpaq sahəsini İddiaçı X10 və X3 almışdır. İddiaçı “JN 519, KOD 30316028 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına” əsasən ona məxsus 0.78 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, 0.75 ha torpaq sahəsi üçün JN 519 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün hüquqi əsaslar mövcuddur. Cavabdehin imtinasının əsaslarına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Mübahisəli torpaq sahəsinin müayinəsi zamanı qonşu mülkiyyətçilər ilə heç bir mübahisə halı qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi iki hissədən ibarətdir. Həmin torpaq sahələrinin bir hissəsi çoxillik əkmə kimi bir hissəsi isə əkin kimi iddiaçı tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, DT və XK- nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-519 nömrəli Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahələri baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-338 nömrəli Dövlət aktına əsasən torpaq sahələri ilə tam olaraq üst-üstə düşür. Həmin torpaq sahələri digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür və ya kəsişmir. DBF siyahısına əsasən 338 nömrə X10 və ailə üzvlərinin adında 0.78 ha olaraq qeyd edilmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 0.75 ha hissəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X1b uqodiyası çoxillik əkmə kimi, 0.03 ha hissəsi isə X1b uqodiyası əkin kimi göstərilmişdir. Kənd təsərrüfatına yararlıdır. JN-519 nömrəli Dövlət aktında qeyd olunan digər iki planşet üzrə torpaq sahələri mübahisə predmeti deyildir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin 27 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayon dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə 4Ə-1419 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Məhkəmə qeyd edilən halla bağlı bildirir ki, müqavilənin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, iddiaçı tərəfindən müqavilənin surəti təqdim edilmişdir. Cavabdeh JN 519 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsinə və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamasına istinad etsə də, məhkəmə sorğusu ilə JN 519 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN 519 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxin nüsxəsi mövcuddur və iddia edilən torpaq sahəsinin koordinatları ilkin hüquqmüəyyənedici sənəd olan JN-338 nömrəli Dövlət aktına əsasən torpaq sahəsinin koordinatları ilə tam olaraq üst-üstə düşür. Beləliklə, torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “JN 519, KOD 30316028 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına” əsasən İddiaçı məxsus 0.78 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar