Məhkəmə qərarları › İş №2-1(118)-149/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-149/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-149/2021 29.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (Sumqayıt bələdiyyəsində Hüquq şöbəsinin müdiri işləyən, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11/13, mənzil 88-də yaşayan) Üçüncü şəxsin nümayəndəsi X1 (“Seyhun” şirkətinin direktoru işləyən, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Məhəmməd Əsədov və Niyazi küçələrinin kəsişməsindəki ərazidə yerləşən, sahəsi 820 kv m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestrdən çıxarışının təqdim edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İddiaçı Sumqayıt bələdiyyəsi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Məhəmməd Əsədov və Niyazi küçələrinin kəsişməsindəki ərazidə yerləşən, sahəsi 820 kv.m olan torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestrdən çıxarışının Sumqayıt bələdiyyəsinə təqdim edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 oğlu iddianı müdafiə edərək izah etdi ki, “Seyhun” şirkətinin direktoru Ə.İbrahimov ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək bələdiyyə mülkiyyətində olan və sahibkarlıq fəaliyyətinin həyata keirilməsi məqsədi ilə icarə hüququ əsasında “Seyhun” şirkətinin istifadəsində olan Sumqayıt şəhəri, 17-ci və 18-ci mikrorayonların ərazisində Koroğlu prospekti ilə Məhəmməd Əsədov və Niyazi küçələrinin kəsişməsində yerləşən sahəsi 818,6 kvadrat metr olan torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə şirkətin mülkiyyətinə verilməsini xahiş etmişdir. Sözügedən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən icarə hüququ əsasında, onun üzərində yerləşən sahəsi 45 kv m olan qeyri-yaşayış binası isə mülkiyyət hüququ əsasında “Seyhun” şirkətinin adına 24 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən” çıxarış verilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə torpaq sahəsinin hərrac (müsabiqə) yolu ilə rəsmiləşdirilməsi üçün müvafiq prosedurlara başlamışdır. Baxmayaraq ki, Cavabdeh tərəfindən “Seyhun” şirkətinin adına 24 fevral 2012-ci il tarixdə verilmiş “Hüquaların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən” Çıxarışda torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsi göstərilmişdir və bu səbəbdən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun təkrar qeydiyyata alınmasına ehtiyac yoxdur, cavabdehin tələbi nəzərə alınaraq hal-hazırda qüvvədə olan bələdiyyə torpaqlarına dair qanunvercilik aktlarına əsasən müvafiq sənədləşmə işlərinə başlanılmışdır. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 19.06.2017ci il tarixli 75 saylı rəy verilərək 824,3 kv m torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən müvafiq məktubla Cavabdehnə müraciət edilmiş və göstərilmiş torpaq sahəsinə dair rəyin və torpaq sahəsinin kateqoriyası barədə məlumatların Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi xahiş edilmişdir. Həmin müraciət əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı ərazi idarəsi tərəfindən 11 oktyabr 2017-ci il tarixli, 1022 saylı rəy verilərək torpaq sahəsinin müsabiqə və ya hərraca çıxarılmaqla sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Həmin rəylər əsasında Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli, 14 saylı iclasının 11 saylı qərarı ilə sözügedən torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasını qərara alınmışdır.Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı ərazi idarəsi tərəfindən 10 aprel 2018-ci il tarixli, 1494 saylı yeni rəy verilərək sahəsi 820 kvadrat metr olan torpaq sahəsinin müsabiqə və ya hərraca çıxarılmaqla mülkiyyətə verilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra torpaq sahəsinin hərraca,yaxud müsabiqəyə çıxarılması məqsədilə tələb olunan mülkiyyət hüququna dair çıxarışın və digər aidiyyəti sənədlərin bələdiyyəyə verilməsi üçün bələdiyyə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət olunsa da,sonuncu 03 mart 2020-ci il tarixli məktubla cavab verərək müraciətin icrasından imtina etmişdir. Cavabdeh imtinanı bələdiyyə qərarı ilə müvafiq müraciət məktubunda torpaq sahəsinin ölçüsünün 824,3 kv m göstərildiyi halda, torpağın ölçüsünün 820 kv m olması ilə əsaslandırmağa çalışmış, həmçinin tamamilə qanunsuz olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə olunnmalı olduğunu bildirmişdir. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə, nə də Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun 24 fevral 2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Seyhun” şirkətinin adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən” çıxarış verilərkən dövlət qeydiyyatından keçirilməsinə əhəmiyyət verməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və 2012-ci ildə bələdiyyənin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Bununla bağlı iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti ilə əlaqədar olaraq Sumqayıt Bələdiyyəsinə bildirilmişdir ki, Layihə-Tədqiqat Mərkəzi 2 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən hazırlanmış müayinə baxış aktında və Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi Şöbəsinin rəyində Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün 820 kv m göstərilməsinə baxmayaraq Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli 14 saylı protokolunda və 13 fevral 2020-ci il tarixli 487 -saylı məktubunda torpaq sahəsinin ölçüsü 824,3 kv m göstərilmişdir. Bundan əlavə, nəzərdə tutulan torpaq sahəsi Sumqayıt şəhərində Koroğlu prospekti ilə Niyazi və M.Əsədov adına küçələri birləşdirən dairənin tərkib hissəsi olduğundan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə edilməli olduğu Sumqayıt Bələdiyyəsinə bildirilmiş və bu barədə ona 02 mart 2020-ci il tarixli **********84 qeydiyyat nömrəli cavab göndərilmişdir. Hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. İş üzrə üçüncü şəxs “Seyhun” şirkətinin direktoru X4 iddianı müdafiə edərək izah etdi ki, sözügedən torpaq sahəsi üzərində yerləşən obyekt şirkətin mülkiyyətində, obyektin yerləşdiyi torpaq sahəsi isə uzun illərdir şirkətin faktiki istifadəsindədir. Sumqayıt bələdiyyəsi ilə əvəllər də icarə müqaviləsi bağlanmışdır. Bununla bağlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. İş materiallarında olan : - Sumqayıt Bələdiyyəsinin 13.10.2017-ci il tarixli 14 saylı qərarından görünür ki, Sumqayıt şəhəri Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişdiyi ərazidə sahibkarlıq məqsədilə 824.3 kv m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərara alınmışdır. - Əmlak Məsələlri Dövlət Komitəsinin 5 saylı Sumqayıt ərazi şöbəsinin 10 aprel 2018ci il tarixli 1494 saylı rəyindən görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən mülkiyyətə verilməsi nəzərdə tutulan 820 kv m torpaq sahəsi Sumqayıt bələdiyyəsinin torpaqlarına aid olmaqla kateqoriyası – yaşayış məntəqələrinin torpaqları olmaqla, yaxınlıqdakı avtomobil yolunun mühafizə zolağı nəzərə alınmaqla, müsabiqə və hərraca çıxarılması yolu ilə və bilavasitə mülkiyyətə verilməsinə baxıla bilər. - ƏMDK 5 saylı Sumqayıt ərazi şöbəsinin 11 oktyabr 2017-ci il tarixli 1022 saylı rəyindən görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi ilə müsabiqə və ya hərraca çıxarılması yolu ilə icarəyə verilməsi nəzərdə tutulan Sumqayıt şəhəri Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişdiyi ərazidə 824,3 kv m torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin torpaqlarına aid olmaqla kateqoriyası – yaşayış məntəqələrinin torpaqları olmaqla,təyinatı-sahibkarlıq olmaqla müsabiqə və hərraca çıxarılması yolu ilə və bilavasitə icarəyə verilməsinə baxıla bilər. - Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 75 nömrəli 19.06.2017-ci il tarixli rəyindən görünür ki,Sumqayıt bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdıırlması qaydaları haqqında “ Əsasnaməyə uyğun olaraq Sumqayıt şəhəri Koroğlu prospekti,M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişməsində sahibkarlıq məqsədi ilə yayayış məntəəqləri torpaqları kateqoriyasına aid olan yerqurluşu, təsərrfat planına və baş plana uyğun olan 824,5 kv.m torpaq sahəsinin ayrılmasına etiraz etmir. - MA № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, M.Əsədov və Niyazi küçələrinin kəsişdiyi ərazi ünvanında yerləşən 45 kv m qeyri-yayayış binası üzərində 24.02.2012-ci il tarixdə “Seyhun” şirkətinin mülkiyyət hüququ qeydə alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin mülkiyyət növü qrafasında “bələdiyyə” göstərilmişdir. - “Seyhun” şirkətinin 01.06.2017-ci il tarixli ərizəsindən görünür ki, şirkət Sumqayıt bələdiyyəsinə müraciət edərək, şirkətin icarəsinə verilmiş Sumqayıt şəhəri, Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişməsində 818,6 kv m torpaq sahəsinin ayrılmasına sərəncam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi bələdiyyənin müraciətini təmin etməkdən imtina edərək Layihə- Tədqiqat Mərkəzi 2 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən hazırlanmış müayinə baxış aktında və Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi Şöbəsinin rəyində Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün 820 kv m göstərilməsinə baxmayaraq Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli 14 saylı protokolunda və 13 fevral 2020-ci il tarixli 487 -saylı məktubunda torpaq sahəsinin ölçüsü 824,3 kv m göstərildiyini, bundan əlavə nəzərdə tutulan torpaq sahəsinin Sumqayıt şəhərində Koroğlu prospekti ilə Niyazi və M.Əsədov adına küçələri birləşdirən dairənin tərkib hissəsi olduğundan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə edilməli olduöunu bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatlarını dinləyərək, araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı” haqqında Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi və vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyəyə təhvil verirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpa qsahəsinini qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Məhkəmə qeyd edir ki, cavabdeh imtinasının əsası kimi bələdiyyənin protokolunda və ƏMDK-nin 5 saylı Ərazi şöbəsinin rəyində torpaq sahəsinin ölçülərinin fərqli olduğunu və Azərbaycan Respublikası Dövlət Şəhəralma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə edilmədiyini qeyd etmişdir. Həmin dəlil imtina üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı iddia tələbində protokolda göstərilən ölçülərdən çox deyil, daha az ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir ki, bu da onun hüquqlarından irəli gəlir. Bundan başqa cavabdeh torpaq sahəsinin iki küçənin kəsişməsində yerləşməsini nəzərə alaraq Dövlət Şəhəralma və Arxitektura Komitəsinin razılıq məktubunun təqdim edilməsini zərurətini hər hansı qanunvericilik norması ilə əsaslandırmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudiyyət və ya imtina üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı “Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Məhəmməd Əsədov və Niyazi küçələrinin kəsişməsindəki ərazidə yerləşən, sahəsi 820 kvm olan torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestrdən çıxarışının Sumqayıt bələdiyyəsinə təqdim edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Koroğlu prospekti ilə M.Əsədov və Niyazi küçələrinin kəsişməsində yerləşən, sahəsi 820 kv m olan torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq reyestrdən çıxarışın təqdim edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar