Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1490/2023 01.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı ünvan 1 ünvanında iddiaçıya məxsus 0.0133 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “iddiaçıya məxsus Şamaxı şəhəri, N.Nərimanov küçəsi 118A ünvanında yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və layihəyə uyğun olaraq mövcud vəziyyətinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Şamaxı şəhəri, N.Nərimanov küçəsi 118A ünvanında iddiaçıya məxsus 0.0133 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0.0133 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququna əsasən iddiaçıya məxsusdur. Bu torpaq sahəsinə dair adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 04 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********87 olan hüquqların dövlət qeydiyyatı haqqınçla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2013-cü il martın ayının on ikisi tarixində adına torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş, sonuncuya təsdiq olunmuş layihə əsasında tikinti işlərinin aparılması üçün Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu ilin avqust ayının 27-də razılıq verilmiş, orada olan qeyri-yaşayış binası inşa edilmiş, qaz və su təchizatı, elektrik və kommunikasiya xətləri çəkilmiş, müvafiq orqanlar tərəfindən tikili istismara qəbul edilmişdir. Bundan sonra, torpaq sahəsindəki tikilinin (qeyri-yaşayış binasının) torpaq sahəsi ilə birlikdə vahid şəkildə qeydiyyata alınması üçün o, cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan 17 noyabr 2022-ci il tarixli **********93 nömrəli məktub imtina etmişdir. İmtina səbəbi olaraq tikintinin istismara icazə sənədinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun olmadığı bildirilmişdir. Belə ki, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Tikinti obyektinin istismara icazə sənədində Tikinti dövlət reyestri tərəfindən verilmiş kodun nömrəsinin qeyd edilmədiyi yazılmışdır. Hesab edir ki, cavabdeh orqanın verdiyi imtina əsassızdır və onun hüquqlarının pozulmasına əsas olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1,-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı Ağabala oğlunun Ərazi İdarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş Tikinti obyektinin istismara icazə sənədi Azərbaycan respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun tərtib edilməmişdir. Şamaxı rayon İcra hakimiyyəti tərəfindən verilmiş Tikinti obyektinin istismara icazə sənədində Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Qeyd olunan sənəd qanunla müəyyən edilmiş tələblərə uyğun tərtib edilmədiyi üçün müraciətin icrası mümkün olmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 89 saylı, 30 aprel 2008-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Şamaxı-Çuxuryurd yolunun şimal hissəsində, yolun mühafizə zonası (12.5m) gözlənilməklə tərtib edilmiş layihəyə uyğun 13.0 x 7.0 metr ölçüdə mağaza tikilməsinə icazə verilmişdir. - Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmiş 2016-cı il tarixli eksiz layihədən görünür ki, ünvan 3 ünvanında inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsi tərtib edilərək, Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0133 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 09 saylı, 27 avqust 2019-cu il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, 27 avqust 2019-cu ildən İddiaçı ünvan 4 ünvanında yerləşən sahibkarlıq obyektinin istismarına icazə verilmişdir. - Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 107 saylı, 01 iyun 2021-ci il tarixli “Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 30 aprel 2008-ci il tarixli, 89 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” sərəncamından görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 30 aprel 2008-ci il tarixli, 89 saylı sərəncamında qismən dəyişiklik edilərək aşağıdakı redasiyada verilməsi qərara alınmışdır “İddiaçı Şamaxı- Çuxuryurd yolunun şimal hissəsində, yolun mühafizə zonası (12.5m) gözlənilməklə tərtib edilmiş layihəyə uyğun 19.0 x 7.0 metr ölçüdə mağaza tikilməsinə icazə verilsin.” - №Ö-005813 saylı, 16 sentyabr 2022-ci il tarixli “İstismara hazırlıq aktı”nın surətindən görünür ki, əsas göstəriciləri “4 girişli, 1 mərtəbəli, tiarət obyekti, tikinti sahəsi S=133.0 kv.m, həcm V=454.44 kv.metr, ümumi sahəsi S=108.2 kv.metr olan” obyektin tikinti-quraşdırma işlərinin və sifarişçi, podratçı, layihəçi və müfəttişlik tərəfindən nəzarətin müvafiq qaydada həyata keçirildiyi təsdiq olunur. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsindən daxil olmuş 07 iyun 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyekti Şamaxı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş 2016-cı il tarixli layihəyə uyğundur, inşa edilmiş qeyri-yaşayış binası ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli İddiaçı mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 17 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 17 noyabr 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Şamaxı rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı inşa etdirdiyi Şamaxı şəhəri, N.Nərimanov küçəsi 118A ünvanında yerləşən qeyri- yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, inzibati orqan müraciətdə göstərilən qeyri-yaşayış binasına dair onun mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, tərəfindən inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilatın imtina məktubunda qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinasının əsası kimi təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, yəni sözügedən sənəddə istismara hazırlıq aktında tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməməsini bildirmişdir. Cavabdeh təşkilatın imtinasında göstərdiyi arqumenti araşdıraraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tikinti normalarına cavab verən tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən mülkiyyətində olan torpaqda tikinti işləri müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasında həyata keçirilib. Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 09 saylı, 27 avqust 2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədində olan “tikinti obyektinə verilmiş kodun göstərilməməsi” tikilmiş qeyri-yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsanamənin 8.20-3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək Komitənin vəzifəsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.7-ci maddəsinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi barədə qərar qəbul edildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 103.1.6-cı maddəsinə əsasən tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi tikinti obyektinin istismarına icazə sənədində göstərilməlidir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Məcəllənin 102.8-ci maddəsinə əsasən bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.2-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 101.4-cü və 102.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Hazırkı, iddia tələbinə əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0.0133 ha torpaq sahəsində mövcud birmərtəbəli qeyriyaşayış obyektinin (4 girişli, 1 mərtəbəli, ticarət obyekti, tikinti sahəsi S=133.0 kv.m, həcm V=454.44 kv.metr, ümumi sahəsi S=108.2 kv.metr) yenidən qurulmasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəflərindən müvafiq şərtlərlə razılaşdırılmışdır. İnşa edilən qeyri-yaşayış binasına Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən istismara icazə sənədi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2018-ci il 495 nömrəli qərarına əsasən edilmiş dəyişiklikdən sonra tikiliyə verilən icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsi göstərilməlidir. Halbuki, Şəhərsalma və Arxitektura Komitəsi tikili üçün kodu o halda verə bilər ki, həmin tikiliyə verilən icazə onun müsbət rəyi əsasında verilmiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təstiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının” 1.1-ci bəndinə əsasən tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, tikinti obyektinə müvafiq kodun verilməsinin məqsədi tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin həyata keçirilməsi üçün həyata keçirilir. Başqa sözlə desək Tikinti Reyesterinə tikili barədə məlumatların daxil edilməməsi tikinti obyektinin üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün vacib amillərdən biri olan texniki göstəricilərə cavab verməməsi anlamı ilə bərabər tutula bilməz. Nəzərə alınmalıdır ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 4.4-cü bəndində reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış tikililərə sonradan kodun verilməsi yalnız istismara qəbul edilməyən tikililərə şamil edilmişdir. Hazır ki, tikili isə 14 fevral 2020ci ildə istismara qəbul edilmiş və hal hazırda aidiyyatı üzrə istifadə edilir. Başqa sözlə desək istismara qəbul edilmiş tikililərə kodun verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 96.2-ci maddəsinə əsasən tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydaların müddəaları, Məcəllənin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də şamil olunur. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən tikinti fəaliyyətinin bütün subyektləri, mülkiyyət formasından asılı olmayaraq, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tikinti obyektlərinə (xüsusi rejimli obyektlərə - müvafiq qaydada razılıq alındıqdan sonra) maneəsiz daxil olmasını, dövlət nəzarətinin həyata keçirilməsi üçün onlara müvafiq şəraitin yaradılmasını, tikintiyə aid tələb olunan sənədlərin təqdim edilməsini və tikintidə aşkarlanmış pozuntuların Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını təmin etməlidirlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarından müəyyən edilir ki, Bakı şəhərindən kənarda olan qeyri yaşayış sahələrinin inşası yerli icra hakimiyyətinin müvafiq razılığı əsasında həyata keçirilirdi. İnşa edilmiş tikililər texniki şərtlərə cavab verməli idi. Belə ki, texniki şərtlər tikiliyə verilən icazənin tərkib hissəsi olmuşdur. Tikilinin inşası başa çatdıqdan sonra onun şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünə dair yerli icra hakimiyyəti tərəfindən istismara icazə sənədi verilir. Tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Tikililərə dövlət nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir və nəzarət çərçivəsində obyektin tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Texniki nəzarətmüvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir və obyektin texniki şərtlərə cavab verib-verməməsini müəyyən edir. Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Müəllif nəzarəti-layihəçi tərəfindən, daxili əməliyyat nəzarət isə podratçı tərəfindən həyata keçirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi birinci arqumenti əsassız olur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inşa edilmiş tikiliyə mülkiyyət hüquqlarının qeydə alınmasından cavabdehin imtinası əsaslı deyildir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən (Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmiş qeyri-yaşayış sahəsinə dair eskiz layihə, Şamaxı rayon İcra Hakimiyyətinin Başçısının 89 saylı, 30 aprel 2008-ci il tarixli sərəncamı, Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 09 saylı, 27 avqust 2019-cu il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 107 saylı, 01 iyun 2021-ci il tarixli “Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 30 aprel 2008-ci il tarixli, 89 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” sərəncamı) məlum olmuşdur ki, qanunvericiliklə nəzərdə tutulmuş bütün sənədlər olduğu halda həmin əsasla imtina edilməsi formal xarakter daşımış və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə zəruri sualların cavablandırılması üçün məhkəmə tərəfindən aidiyyatı üzrə müvafiq orqanlara sorğular göndərilmişdir. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsindən daxil olmuş 07 iyun 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyekti Şamaxı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş 2016-cı il tarixli layihəyə uyğundur, inşa edilmiş qeyri-yaşayış binası ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli İddiaçı mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 19.1-ci maddəsinə görə İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə halına gətirən hər hansı bir dəlil cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 1-ci bəndinə əsasən dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 10.3-cü bəndinə əsasən dövlət reyestrinin bölmələrinə konkret daşınmaz əmlak növünün adı verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şamaxı şəhəri, N.Nərimanov küçəsi 118A ünvanında iddiaçıya məxsus 0.0133 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Şamaxı şəhəri, N.Nərimanov küçəsi 118A ünvanında iddiaçıya məxsus 0.0133 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva