Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1491/2024 09.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401-K nömrəli əmrinin ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə “öz istəyi ilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020 tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində həkim-rentgenoloq vəzifəsində t/x leytenantı olaraq əmək fəaliyyətinə başlamışdır. Son vəzifəsi isə Müalicə Müəssisəsinin tibb xidməti Reanimasiya və İntensiv terapiya şöbəsinin həkim renimatoloq-anestezioloqu olmuşdur. xx.xx.2023-cü il tarixində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən “öz arzusu ilə” işdən çıxarılmağı üçün ərizə vermişdir. Ərizəsinə cavab olaraq ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 311/2023 saylı cavab məktubunda göstərilmişdir ki, ədliyyə orqanlarında xidmətə qəbul olunarkən öz üzərinə 10 təqvim ili müddətinə işləmək öhdəliyi götürmüşdür və bu səbəbdən də işdən çıxmaq istəyi ilə bağlı müraciəti nəzərə alınmamışdır. Bundan sonra 29 iyul 2023-cü il tarixdə “öz istəyi ilə” ədliyyə orqanlarından xaric olunmağı üçün yenidən ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etmişdir. Müraciətindən sonra, yəni 03 avqust tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli 401-K nömrəli əmri ilə intizam tənbehi alaraq ədliyyə orqanlarından xaric edilmiş və müdafiə nazirinin sərəncamına qaytarılmışdır. Hesab edir ki, heç bir intizam pozuntusuna yol vermədiyi halda ədliyyə orqanlarından xaric olmaq istəyinin intizam pozuntusu kimi qəbul edilməsi və bunun nəticəsində də ona intizam tənbehi verərək ədliyyə orqanlarından xaric etmək qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401-K nömrəli intizam tənbehi əmri ləğv edilməli və ədliyyə orqanlarında öz istəyi ilə xaric olunmağına dair yeni əmr verilməlidir. Bundan əlavə cavabdehin xx.xx.2023-cü il tarixli, 311/2023 saylı cavab məktubunda göstərdiyi ədliyyə orqanlarında xidmətə qəbul olunarkən öz üzərinə 10 təqvim ili müddətinə işləmək öhdəliyi götürməyi ilə bağlı mülahizələri də tamamilə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının 24 mart 2000-ci il tarixli Qanununu ilə ratifikasiya edilmiş “İcbari əməyin ləğv edilməsi haqqında" 105 saylı Cenevrə Konvensiyasına əsasən, Konvensiyasını ratifikasiya edən həı bir Üzvü icbari və ya məcburi əməyi ləğv etməyi və onun hər hansı bir formasına müraciət etməməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə göstərilir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Həmin maddəyə əsasən, heç kəs zorla işlədilə bilməz, əmək müqavilələri sərbəst bağlanılır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinin birinci hissəsinə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən işçinin əsas hüquqların biri də əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməkdir. Həmin Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1- ci maddəsinə əsasən ədliyyə orqanları işçisinin qulluq keçməsinə “öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə” xitam verilir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Həmçinin, 43-cü maddənin 3-cü hissəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Beləliklə, onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 6.2-ci bəndində qeyd edilmiş “ədliyyə orqanlarında 10 təqvim ili fasiləsiz işləmək” öhdəliyi yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə zidd olduğundan həmin bənd əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, Ədliyyə Nazirliyinə fevralda müraciət etmişdir. Əmr avqust ayında verilmişdir. Müdafiə Nazirliyinin sərəncamına göndərilməsi ilə razılaşmır. İddiaçıya hüquqi yardım edilərək izah edilmişdir ki, o əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Lakin iddiaçı müddətin üzürlü səbəbdən ötürülməsini əsaslandırmamış, bununla bağlı müvafiq ərizə təqdim etməmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli 130s saylı sərəncamına əsasən ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulunun hədləri təsdiq edilmiş, kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Azərbaycan Tibb Universitenin hərbi tibb fakültəsi üzrə bakalavr pilləsinə qəbul olacaq 90 nəfər tələbədən 20 nəfəri Ədliyyə Nazirliyinin tibb xidmətinin tələbatı üçün müəyyən edilmişdir. Bundan sonrakı illər müəyyən yazışmalar aparılaraq penitensiar xidmətin tibbi kadrlara olan ehtiyacı ilə bağlı həmin təhsil müəssisəsindən qəbul həyata keçirilmişdir. Kursant İddiaçı da penitensiar müəssisələrdə işləmək üçün dövlət sifarişi əsasında 2020-ci ildə təhsilini bitirərək müdafiə nazirinin şəxsi heyət üzrə 2020-ci il 19 iyun tarixli məxfi əmri ilə zabit hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətini davam etdirmək üçün ədliyyə nazirinin sərəncamına göndərilmişdir. İmtiyazlı əsaslarla tibb təhsili aldığı və ədliyyə nazirinin sərəncamına ezam edilmiş həqiqi hərbi xidmət zabiti olduğu üçün onunla baş idarə arasında müvafiq müqavilə bağlanılmış, o cümlədən İddiaçı 10 il ədliyyə orqanlarında işləmək öhdəliyini üzərinə götürmüşdür. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə uyğun olaraq kadr zabit heyətindən olan şəxslər öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. O, müvafiq əmrlə xx.xx.2020-ci il tarixdə ədliyyə orqanlarında daimi qulluğa qəbul olunmuşdur. Hərbi qulluqçu kimi ədliyyə nazirinin sərəncamına ezam olunması nəzərə alınaraq, 1 saylı cəzaçəkmə müəssisəsi Tibb-sanitar hissəsinin həkim-rentgenoloqu vəzifəsinə müsahibədən kənar təyin edilmişdir. Baş idarədə hərbi qulluq nəzərdə tutulmadığından ona müdafiə naziri tərəfindən verilən rütbəyə uyğun tibb xidməti leytenantı xüsusi rütbəsi verilmişdir. 01,08.2022-ci il tarixdən Müalicə müəssisəsinin tibb xidməti Anesteziologiya və intensiv terapiya şöbəsinin həkım-anestezıoloq-reanimatoloqu vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdən tibb xidməti baş leytenantı xüsusi rütbəsində olmuşdur. Penitensiar müəssisələrdə mövcud vəziyyətlə bağlı həkim-mütəxəssislərə ciddi ehtiyac olduğu nəzərə alınaraq İddiaçı qulluq keçməsinə xitam verilməsi barədə etdiyi müraciətinə “məsələyə hazırda baxılmasının mümkün olmadığı” məzmunlu cavab verilmiş, lakin o, qanunvericiliyin tələblərini və onunla bağlanılmış müqavilə şərtlərini, o cümlədən üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq xəstə məhkumlara kömək etməyə borclu olduğu halda işə gəlməyərək digər əməkdaşların işini çətinləşdirmiş. ış yükünün artmasına və ümumilikdə qurumda iş ahənginin pozulmasına səbəb olmuşdur. Əmək intizamını və etik davranış qaydalarının tələblərini pozduğuna görə xx.xx.2023-cü il tarixli əmrlə ona şiddətli töhmət verilmişdir. Lakin o, intizam tənbehindən lazımi nəticə çıxarmayaraq qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməmiş və xidməti intizamı kobud və mütəmadi pozduğuna görə xx.xx.2023-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı qulluğa qəbul edilərkən ilk dövrdə özünü müsbət tərəfdən göstərmişdir. Lakin sonradan xidməti intizamsızlığa başlamış, iş yerinə gəlməmiş, üzərinə düşən vəzifəni yerinə yetirməkdən yayınmışdır. Qeyd edilməlidir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 34.3-cü maddəsinə görə hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidmətini davam etdirmək üçün qanunvericiliyə uyğun olaraq başqa qurumlara və əksinə ezam oluna bilərlər. İddiaçı ezam edilməsi barədə müdafiə nazirinin əmrində də məhz həmin maddəyə istinad edilmişdir. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 77-ci maddəsinin altıncı hissəsinə uyğun olaraq mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların vəzifəyə təyin edilməsini və xidmət üzrə yer dəyişməsini həmin hərbi qulluqçuların ezamiyyətinin məqsədinə müvafiq olaraq mülki idarə, müəssisə və təşkilat rəhbərləri həyata keçirirlər. Yuxarıda qeyd edildiyi kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə uyğun olaraq kadr zabit heyətindən olan şəxslər öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və s.) tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. İddiaçı hərbi və şəxsi işindən görünür ki, o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamışdır və həqiqi hərbi xidmətdə hesab olunduğu üçün və onun həqiqi hərbi xidmət müddəti 10 ildən az olduğundan və ehtiyata buraxılması üçün əsaslar mövcud olmadığından ədliyyə orqanlarından xaric edilərək Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 74-cü maddəsinə görə vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrinin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məlumat üçün bildirirlər ki, İddiaçı Azərbaycan Tibb Universitetinə daxil olduğu 2014-cü ildə keçid balı təxminən ödənişsiz 600-dən, ödənişli 450-dən yuxarı olduğu halda o, fakültəyə 331 balla qəbul olunaraq ödənişsiz əsaslarla təhsil almışdır. Həmin dövrdə isə təhsil haqqı 3000 (üç min) manat təşkil etmişdir. Qeyd olunanlara baxmayaraq o, əsassız iddialar qaldırmaqla dövlət tərəfindən onun təhsili üçün çəkilən xərcləri və güzəştləri də heçə saymış olur. Nəzərə alınmalıdır ki, hərbi tibb fakültəsi hərbi qulluqçu hazırladığından və kursantların həqiqi hərbi xidmətində hesab edildiyi üçün İddiaçı müddətli həqiqi xidmət keçməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, İddiaçı hərəkətləri dövlətin yaratdığı imkanlardan sui-istifadə edərək ədalətsiz qaydada tibb təhsili almaq uçün güzəştdən istifadə etmək, habelə müddətli hərbi xidmətdən və zabitlərin həqiqi hərbi xidmətindən yayınmaqdır. Qanunvericiliyə əsasən bu kimi mübahisələrə dair iddia müddətinin buraxılıbburaxılmadığı iddiaçının üzərinə düşür və məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, iddiaya etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli, və iddia mümkün sayılmamalıdır. Belə ki, Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dir qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu aktın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Lakin hazırki iş üzrə iddiaçı xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görsənir ki, iddiaçı mübahisələndirirlən xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuş, müvafiq qəbul etmişdir. Lakin məhkəmədə xx.xx.2023-cü il tarixdə iddia qaldırmışdır. Bu halda iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş hesab olunur və həmin ötürülmüş müddətin bərpası üçün əsaslar mövcud deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1491/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1491/2024
09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver