Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1492/2021 12.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Abşeron rayon İcra Hakimiyyətinin 13.10.2017-ci il tarixli, 1492-T saylı sərəncamı ilə onun adına ayrılmış Bakı şəhəri, Abşeron rayonu, Masazır kənd ərazisində istifadəsində olan 0,015 torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Abşeron rayon İcra Hakimiyyətinin 13.10.2017-ci il tarixli, 1492-T saylı sərəncamı ilə onun adına Bakı şəhəri, Abşeron rayonu, Masazır kənd ərazisində istifadəsində olan 0,015 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti tikintisi üçün ayrılmışdır. Ayrılmış torpaq sahəsinə dair ona müfəssəl və aydın torpağın cizgi planı verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınması ilə bağlı cavabdehə 02 iyun 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdehin ona ünvanladığı 09.06.2021-ci il tarixli, **********27 saylı cavab məktubunda göstərilir ki, “Abşeron rayon, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı Abşeron Ərazi idarəsinə daxil olmuş 02 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı Müayinə və ekspertiza zamanı torpaq sahəsinin kateqoriyası ehtiyat fondu torpaqlarına aid olduğu halda, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edinlənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikası Qanununun 1 əsasən ərizənin icrasından imtina edilir”. Aşağıda göstərlən hallara görə etdiyi müraciətə verilən bu cavabla razılaşmır və ona qanuni əsaslarla verilmiş ixtiyarında və sərəncamında olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu verən qeydiyyatın aparılmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 4 saylı Abşeron Ərazi İdarəsinin müraciətinə verdiyi cavablardan, eyni zamanda Abşeron rayon İcra Hakimiyyəti Başçısına etdiyi müraciətlərdən göründüyü kimi, cavabdehin onun torpaq üzərində hüquqlarının qeydə alınmasına dair verdiyi cavab sırf bəhanə xarakteri daşıyır. Ərizəsinə imtina cavabı verilərkən ağılabatan heç bir real səbəb göstərilməmişdir. Onun torpaq üzərində xüsusi mülkiyyəti artıq 4 ildir ki, qeydə alınmışdır. Qeydiyyat vəsiqəsindən də göründüyü kimi, torpaq sahəsi ehtiyyat fondu torpaqları kateqoriyasına daxildir. O mülkiyyətində olan toıpaq üzərində ərazi arxitektura tələblərini pozmadan istənilən tikinti aparmaq hüququna malikdir. Ərizəyə əlavə etdiyi rəsmi səndlərdən göründüyü kimi, mülkiyyətində olan torpaq sahəsi Masazır qəsəbəsi yaşayış massivi ərazisindədir. Özünə aid olan və mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi ərazinin yaşayış məntəqəsi hüdudlarına daxildir. Yəni ətraf tam olaraq insanlar tərəfindən məskunlaşmışdır. Ərazidə tikilmiş fərdi yaşayış evlərinin demək olar ki, hamısı qeydiyyata alınmışdır. Bu evlərin qeydiyyata alınmasına maneyə olan hər hansı əsaslar yoxdur. Hesab edir ki, bu cavab reallığı əks etmir. Ona görə də ona məxsus fərdi yaşayış evinin qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X4 iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayonu Masazır qəsəbəsində inşa etdirdiyi ümumi sahəsi 67.87 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ tanınaraq iddiaçıya müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı, müayinə və ekspertiza zamanı torpaq sahəsinin kateqoriyası ehtiyat fondu torpaqlarına aid olduğu halda, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə müvafiq olaraq, ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Nazirlər Kabinetinin 20.01.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.14-cü bəndinə əsasən ehtiyat fondu torpaqlarının bu Qaydalarla müəyyən edilmiş əsaslar üzrə istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Eləcə də, həmin Qanunun 11.5-ci maddəsinə uyğun olaraq, Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın imtina məktubu, etirazı, 08.10.2021-ci il tarixli, **********04 nömrəli məktubu, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 13.10.2017-ci il tarixli, 1492-T saylı tikintiyə icazə sənədinin surəti, DƏDRX tərəfindən verilmiş **********94 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Cavabdeh inzibati orqan mübahisə predmeti olan fərdi yaşayış üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin təyinatı ehtiyat fondu torpaqlara aid olduğundan ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı DƏDRX tərəfindən verilmiş **********94 reyestr nömrəli çıxarış verilərək onun torpaq üzərində xüsusi mülkiyyət hüququ tanınmışdır. İddiaçının adına rəsmiləşdirilmiş 0.015 ha torpaq sahəsinin kateqoriyası ehtiyyat fondu torpaqlarına aiddir. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmiş, həmin fərdi yaşayış evi üzərində özünün mülkiyyət hüququnu daşınmaz əmlakın reyestrində qeydiyyata almaq niyyətindədir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavabdeh tərəfindən müsbət həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, cavabdeh təşkilat tərəfindən fərdi yaşayış evinə müvafiq çıxarışın verilməsindan imtina edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, aparılan araşdırma zamanı müəyən edilmişdir ki, torpaq sahəsinin kateqoriyası ehtiyyat fondu torpaqlarına aid olduğu halda, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir. Aşağıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından ehtiyyat fondu torpaqlarında fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulmayıb. Həmçinin iddiaçının nümayəndəsi istifadəsində olan fərdi yaşayış evinin qonşuluğundakı bəzi yaşayış evlərinin mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tanındığını bildirsə də bu fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Belə ki, cavabdehin 08.10.2021-ci il tarixli, **********04 nömrəli məktubuna etdiyi əlavədə sözügedən torpaq sahəsinin qonşuluğda daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş fərdi yaşayış evi aşkar edilmədiyi məlum olmuşdur. Göründüyü kimi iddiaçının sahibliyində olan fərdi yaşayış evi ehtiyyat fondu torpaqları üzərində inşa edildiyi üçün iddiaçının adına həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin o da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinin altındakı torpaq sahəsinin kateqoriyası vahid elektron baza məlumatlarında dəyişdirilməyənə qədər həmin fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması mümkün deyil. Nəzərə alınmalıdır ki, Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. Həmin Məcəllənin 47.5-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar bələdiyyə ehtiyat fondu torpaqlarına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdirdiyi ümumi sahəsi 67.87 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ tanınaraq iddiaçıya müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdirdiyi ümumi sahəsi 67.87 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ tanınaraq iddiaçıya müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1492/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1492/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver