Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1497/2024 29.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: müvəqqəti kirayə xərclərin kompensasiyasının ödənilməsi - mənzil kirayə haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “müvəqqəti kirayə xərclərin kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 noyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlər:
1. ZE seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 4 iyul 2007-ci il tarixdən 7 may 2009-cu il tarixədək xidməti olub, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 26 iyul 2010-cu il tarixdən 7 avqust 2012-ci il tarixədək tağım komandiri vəzifəsində çalışmış və xəstəliyinə görə ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin 23 avqust 2019-cu il tarixli, 229 nömrəli sərəncamından görünür ki, ehtiyata buraxılmış baş leytenant və hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlil İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır.
3. Sumqayıt bələdiyyəsinin 20 avqust 2020-ci il tarixli, 2424 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, hal-hazırda Sumqayıt bələdiyyəsinin yaşayış təyinatlı sərbəst ehtiyat fondu torpaqları mövcud olmadığından müraciətinin müsbət həlli Sumqayıt bələdiyyəsinin imkanı xaricindədir. Gələcəkdə Sumqayıt bələdiyyəsinə fərdi ev tikmək üçün perspektiv inkişaf fonduna torpaq sahəsi ayrıldığı təqdirdə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması məsələsinə baxılması istisna deyildir.
4. 13 aprel 2023-cü il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi”ndən görünür ki, kirayəyə verən X3 ona məxsus ünvan 3 ünvanda yerləşən mənzili kirayəçi İddiaçı kirayəyə verimişdir.
5. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş qonşuların tərtib edildiyi 15 iyul 2023-cü il tarixli aktından görünür ki, İddiaçı və onun ailə üzvləri X4, X15 oğlu və Əsədli Bəxtiyar Emin oğlu ünvan 4 ünvanda pasport qeydiyyatda olaraq yaşamırlar, 13 aprel 2023-cü il tarixdən faktiki 42-ci məhəllə, ev 15, mənzil 27 ünvanda kirayə yaşayırılar.
6. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsinin 1 sentyabr 2023-cü il tarixli, 1007 nömrəli arayışdan görünür ki, İddiaçı və onun ailə üzvləri X4, X15 oğlu və Əsədli Bəxtiyar Emin oğlu 42-ci məhəllə, ev 15, mənzil 27 ünvanda kirayə müqaviləsinə əsasən yaşayırılar.
7. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin 17 avqust 2023-cü il tarixli, çıx-26 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 4 nəfər ailə tərkibilə atasına məxsus yaşayış sahəsi 50,22 kv.m ibarət 3 otaqlı ünvan 4-də qeydiyyatda olmaqla 23 avqust 2019-cu il tarixdə xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu və hərbi xidmət dövrü ilə əlaqədar 2 dərəcəli əlil kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Təqdim edilmiş sənədlər, o, cümlədən ünvan 3-ə dair bağladığı kirayə müqaviləsi araşdırılmış və məlum olmuşdur ki, o, 42-ci məhəllə, ev 15, mənzil 27-də yaşamadığı halda həqiqətə uyğun olmayan sənəd təqdim etmişdir. Belə ki, ərazi üzrə 8 saylı Mənzil Kommunal Sahəsinin 827 saylı, 9 avqust 2023-cü il tarixli arayışına əsasən sözügedən ünvanda uzun müddətdir Qubadlı rayonundan məcburi köçkün X6 özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı isə öz ailə üzvlərilə atasına məxsus 48-ci məhəllə, ev 8b, mənzil 25-də yaşayır. Qeyd edilənlərə əsasən mənzil kirayə xərci ödənilməsi barədə xahişi müsbət həlli mümkün olmamışdır.
8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal Sahəsinin 25 sentyabr 2024-cü il tarixli, 474 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanda 2023-cü ilin avqust ayından kirayədə yaşayır.
Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
9. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal Sahəsinin 9 avqust 2023-cü il tarixli, 827 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanda X6 və onun ailə üzvləri X7, X9, X10 yaşayırlar, mənzilin sahibi X1r.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra hakimiyyətinin Mənzil Təsərrüfatı və Mənzillərin uçotu şöbəsinin 17 avqust 2023-cü il tarixli, 26 nömrəli məktubunda göstərilən hərəkətləri qanunsuz hesab edilməsi və kirayə pulunun ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi işin hallarına (§1-8) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən 2012-ci ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində baş leytenant rütbəsində zabit qismində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası DSX rəisinin 31 iyul 2012-ci il tarixli, 1221 S/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçının faktiki yaşayış yerinin olmaması səbəbindən 13 aprel 2023-cü il tarixli kirayə müqaviləsinə əsasən ünvan 7 ünvanında ailəsilə kirayə qalır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarını və “Hərbi Qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2ci maddəsini əsas tutaraq iddiaçıya kirayə pulunun verilməsi üçün cavabdehə 10 may 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. 19 iyun 2023-cü il tarixdə Sumayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Mənzillərin uçotu şöbəsindən iddiaçıya cavab məktubu daxil olmuşdur. Həmin məktubda iki sənədin (S.H.X.C.D.X-dən hərbi xidmətkeçmə haqqında arayış və Hərbi Hissə komandirinin əmrindən çıxarış) gətirilərək həmin şöbəyə təqdim olunması bildirilmişdir. 23 iyun 2023-cü il tarixdə iddiaçı tələb olunan sənədləri və əlavə olaraq kirayə müqaviləsin və qeydiyyatda olduğu ünvanda yaşamadığı haqqında arayışı Sumayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Mənzillərin uçotu şöbəsinə təqdim etmişdir. Lakin cavabdeh təqdim edilən sənədləri əsassız sənəd hesab edərək, Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarını və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsini pozaraq 17 avqust 2023-cü il tarixli 26 nömrəli məktubla xahişindən imtina vermişdir. Hesab edir ki, imtina qanunsuzdur.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə istinad olunmuşdur.
13. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 2023-cü ilin avqust ayından etibarən kirayə pulunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 28 noyabr 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri
16. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş etiraz onunla əsaslandırmışdır ki, iddiaçı 4 nəfər ailə tərkibi ilə atasına məxsus yaşayış sahəsi 50,22 kv.m ibarət 3 otaqlı ünvan 4-də qeydiyyatda olmaqla 23 avqust 2019-cu il tarixdə xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu və hərbi xidmət dövrü ilə əlaqədar 2 dərəcəli əlil kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Belə ki, iddiaçı hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunur. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər, o cümlədən ünvan 3-ə dair bağladığı kirayə müqaviləsi araşdırılmış və məlum olmuşdur ki, 42-ci məhəllə, ev 15, mənzil 27-də yaşamadığı halda o, həqiqətə uyğun olmayan sənəd təqdim etmişdir. Belə ki, ərazi üzrə 8 saylı Mənzil Kommunal Sahəsinin 827 saylı, 9 avqust 2023-cü il tarixli arayışına əsasən sözügedən ünvanda uzun müddətdir ki, Qubadlı rayonundan məcburi köçkün X6 özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı isə öz ailə üzvləri ilə birlikdə atasına məxsus 48-ci məhəllə, ev 8B, mənzil 25-də yaşayır. Sonradan məhkəmə baxışı yaxınlaşdıqca iddiaçının həmin mənzilə yerləşməsi barədə məlumatın daxil olmasına baxmayaraq, həmin mənzildə ev sahibinin mütəmadi dərs məşğələləri apardığı məlum olmuşdur. Beləliklə, kirayə pulunun ödənilməsini həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və kirayə pulu almaq üçün əsas olmuş məlumatlar aşkar edildiyi üçün və eyni zamanda o, hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunduğu səbəbdən iddiaçıya mənzil kirayə xərcinin ödənilməsi barədə iddia tələbinə etiraz olunmuşdur.
Tərəflərin iştirakı və izahatları:
17. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
24. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
25. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
26. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
28. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ 2-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 7-ci bənd. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər.
29. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsilə ləğv edilmişdir.)
Maddə 18. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma Ehtiyatda olmağın son yaş həddinə çatmayan və səhhətinə görə dinc dövrdə və ya müharibə dövründə hərbi xidmətə yararlı olan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılırlar: a. xidmət müddəti başa çatdıqda, kadr zabitlərdən başqa; b. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; v) xəstəliyə görə- hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan və ya 12 aydan sonra yeni müayinədən keçməklə müharibə dövründə müharibə dövründə həqiqi hərbi xidmətə yararsız sayıldıqda; q) ştatların ixtisarına görə - ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ğ) ailə vəziyyətinə görə, qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları; d) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); e) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) törədilmiş cinayətə görə məhkəmə tərəfindən həqiqi hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə; y) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
30. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
31. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 147. 8-ci hissə. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
32. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
c) Məhkəmənin mövqeyi:
34. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunubolunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur.
35. İddiaçının hazırkı iş üzrə tələbinin əsası ondan ibarətdir ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində baş leytenant rütbəsində ehtiyatda olan hərbi qulluqçu kimi 23 avqust 2019-cu il tarixdən müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi tələbi ilə müraciət edir.
36. Cavabdeh tərəfin etirazı iki dəlilə söykənmişdir: 1) iddiaçı tərəfindən təqdim edilmiş kirayə müqaviləsi həqiqətə uyğun deyil kirayə müqaviləsi əsasında qeyd edilmiş ünvanda yaşamır; 2) iddiaçı hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunmuşdur.
37. İş materialında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin 23 avqust 2019-cu il tarixli, 229 nömrəli sərəncamı ilə ehtiyata buraxılmış baş leytenant və hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlil qismində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. 13 aprel 2023-cü il tarixdə iddiaçı X3 ilə kirayə müqaviləsini bağlamış, ünvan 3 ünvanda yerləşən mənzili kirayə əsasında istifadə edir.
38. Eyni zamanda, cavabdeh istinad etdiyi 8 saylı Mənzil Kommunal Sahəsinin arayışında qeyd edilmişdir ki, həmin kirayəyə götürülmüş mənzildə iddiaçı ailəsi ilə deyil, digər şəxslər yaşayır. Bu səbəbdən də cavabdeh kirayə müqaviləsini həqiqətə uyğun hesab etmir. Lakin daha sonra həmin 8 saylı Mənzil Kommunal Sahəsi iddiaçıya arayış təqdim edərək, həmin ünvanda yerləşən mənzildə yaşamasını təsdiq etmişdir (§8). Bununla da , məhkəmə cavabdehin etirazınının ilk dəlilini əsassız hesab edir.
39. Cavabdehin ikinci dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının yuxarıda qeyd edilmiş normalarına əsasən iddiaçının hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunduğu ona kirayəsi üçün hər ay kompensasiyanın ödənilməsini istisna etmir. Bu səbəbdən də məhkəmə cavabdehin ikinci dəlilini əsassız hesab edir.
40. Məhkəmə, tərəflərin iddia tələbinə dair mövqelərini iş materialına əlavə edilmiş sənədlər, mövcud qanunvericiliyin normaları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
41. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı mənzillə təmin olunanadək 2023-cü ilin avqust ayından etibarən mənzil kirayə haqqının ödənilməsi (müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi) öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova