Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1497/2025 18.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “0.15 ha həyətyanı torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayon İcra Hakimiyyəti başçısının Amsar kənd inzibati ərazisi üzrə nümayəndəliyinə müraciət etmişdir. Quba rayon XDS-nin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 60 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 266 saylı qərarı ilə A.Bakıxanov adına sovxozun ərazisindən (Amsar kəndində yerləşir) 17.5 hektar əkin sahəsi 1993-1994cü illərdə eyni ölçüdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi şərti ilə həmin sovxozun ərazisində yaşayan fəhlə, qulluqçu və digər şəxslərə müəyyən edilmiş norma daxilində həyətyanı torpaq kimi ayrılmasına razılıq verilmişdir (Arxiv çıxarışı). Quba RİHBnın Amsar kənd İƏV üzrə nümayəndəliyinin 15 iyul 1993-cü il tarixli 17 saylı qərarı ilə həmin ərazidən 0,15 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə iddiaçının adına verilmişdir.(Akt) Torpaq sahəsində elə həmin ildə evinin 1-ci mərtəbəsini inşa etdirmişdir. Lakin sonradan hüquqmühafizə orqanlarında xidmətini başqa rayonlarda davam etdirməyi ilə əlaqədar evini tikib qurtarmamışdır və həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi başa çatdıra bilməmişdir. Evini tikib başa çatdıra bilməsə də vaxtaşırı ora gedib gəlmişdir, torpaq sahəsindən istifadə etmişdir. Həyətində hər cürə meyvə ağacları var. Hazırda təqaüddədir. Qonşuları çoxdan ev tikib, sudan, elektrik enerjisindən, təbii qazdan istifadə edərək evlərində normal vəziyyətdə yaşayırlar. Məhkəməyə təqdim olunan arxiv arayışından müəyyən olunur ki, Quba rayon XDSnin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 60 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 266 saylı qərarı ilə A.Bakıxanov adına sovxozun ərazisindən (Amsar kəndində yerləşir) 17.5 hektar əkin sahəsi 1993-1994cü illərdə eyni ölçüdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi şərti ilə həmin sovxozun ərazisində yaşayan fəhlə, qulluqçu və digər şəxslərə müəyyən edilmiş norma daxilində həyətyanı torpaq kimi ayrılmasına razılıq verilmişdir. Məhkəməyə təqdim olunan Aktdan müəyyən olunur ki, Quba RİHB-nın Amsar kənd İƏV üzrə nümayəndəliyinin 15 iyul 1993-cü il tarixli 17 saylı qərarı ilə həmin ərazidən 0,15 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə İddiaçı adına verilmişdir. Bu torpaq sahəsi və üstündə tikilən yarımçıq ev 1993-cü ilin iyul ayından istifadəsində və sahibliyindədir. Quba rayonunun Amsar kənd bələdiyyəsinin təsdiq etdiyi 1:2000 və 1:10000 miqyasda yerquruluşu sxemlərindən müəyyən olunur ki, 0,15 ha həyətyanı torpaq sahəsi Quba rayonunun Amsar kəndində yerləşir. Bu torpaq sahəsi iddiaçıya məxsusdur və başqa birisi tərəfindən mübahisələndirilmir. Baxmayaraq ki, yerquruluşu sxemlərində həmin torpaq sahəsinə Şəhadətnamə verildiyi göstərilir. Lakin bununla əlaqədar müraciətinə bu şəhadətnamənin aşkar olunmaması barədə cavab verilmişdir. Məhkəməyə təqdim olunan Quba RİH Başçısının Amsar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 153 saylı arayışla təsdiq olunur ki, Quba RİH Başçısının Amsar kənd İƏD üzrə nümayəndəliyinin 05 saylı təsərrüfatbaşına kitabının-136 saylı şəxsi hesabında İddiaçı mülkiyyətində 0,15 ha həyətyanı torpaq sahəsi var. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Belə ki, qeyd oluna 0.15 ha torpaq sahəsinə dair ərizəyə Quba rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 8 saylı qərarı əlavə edilmişdir. Quba rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 8 saylı qərarı həyətyanı torpaq sahələrinin paylanması üçün nəzərdə tutulmuş ümumi fond torpağının ayrılması barədədir. 0.15 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000, 1:10000 miqyasda yerquruluşu sxemləri Quba RİHB-nın memarlıq şöbəsi tərəfindən təsdiq olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 153 saylı arayışında qeyd edilmişdir ki, nümayəndəliyin 05 saylı təsərrüfatbaşına kitabının 436 saylı şəxsi hesabında Amsar kənd ərazisində olmaqla İddiaçı mülkiyyətində 0.15 ha torpaq sahəsi var. Azərbaycan Respublikası Dövlət X1 tərəfindən verilmiş Quba rayon XDS Rəyasət heyəti iclasının 29 iyun 1993-cü il tarixli 8 saylı protokolundan arxiv çıxarışında qeyd edilmişdir ki, Quba rayon XDS-nin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 60 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 266 saylı qərarı ilə A.Bakıxanov adına sovxozun ərazisindən 17.05 hektar əkin sahəsi 1993- 1994-cü illərdə ölçüdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi şərti ilə həmin sovxozun ərazisində yaşayan fəhlə, qulluqçu və digər şəxslərə müəyyən edilmiş norma daxilində həyətyanı torpaq kimi paylanmasına razılıq verilmişdir. Tapşırılsın rayon Torpaq şöbəsinin müdiri M.Məmmədov, rayonun baş memarı F.Qurbanov yoldaşlara və RİHB-nın Amsar İƏV üzrə nümayəndəsinə, A.Bakıxanov sovxozunda vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsi üçün xəritədə göstərilmiş sahəni müəyyənləşdirsinlər, komissiyaya təqdim olunmuş ilkin sənədləri bir daha yoxlasınlar. Veriləcək torpaq sahələrində gələcəkdə sosial obyektlərin və vətəndaşların fərdi mənzillərinin tikintisini həmin kəndin baş planına uyğun aparılmasını təmin etsinlər. Qeyd: həmin qərarda torpaq alacaq vətəndaşların siyahısı aşkar edilməmişdir. Torpaq sahəsinin təhkim aktının surəti iş materiallarına əlavə edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-15848/2024 saylı məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmiş və iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Həmin torpaq sahəsinin daxilində fərdi yaşayış məqsədi ilə tikilmiş yarımçıq tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi 0.1544 ha təşkil edir. Həmin torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinə dair tərəflərindən sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət X1nın 31 yanvar 2025-ci il tarixli 3-48-DA-6F/2-xxxx/2025 saylı məktubunda qeyd edilmişdir ki, Quba RİHB-nin Amsar kənd İƏV üzrə nümayəndəliyinin heç bir il üçün sərəncamları arxivə təhvil verilməmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar kənd İƏD üzrə nümayəndəliyinin 31 yanvar 2025-ci il tarixli 5-61/2-07/2025 saylı məktubunda qeyd edilmişdir ki, 15 iyul 1993cü il tarixli, 17 saylı Qərar barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı qeyd edir ki, Quba rayon İcra Hakimiyyəti başçısının Amsar kənd inzibati ərazisi üzrə nümayəndəliyinə müraciət etmişdir. Quba rayon XDS-nin Rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 60 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 266 saylı qərarı ilə A.Bakıxanov adına sovxozun ərazisindən (Amsar kəndində yerləşir) 17.5 hektar əkin sahəsi 1993-1994-cü illərdə eyni ölçüdə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi şərti ilə həmin sovxozun ərazisində yaşayan fəhlə, qulluqçu və digər şəxslərə müəyyən edilmiş norma daxilində həyətyanı torpaq kimi ayrılmasına razılıq verilmişdir (Arxiv çıxarışı). Quba RİHBnın Amsar kənd İƏV üzrə nümayəndəliyinin 15 iyul 1993-cü il tarixli 17 saylı qərarı ilə həmin ərazidən 0,15 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə iddiaçının adına verilmişdir.(Akt) Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba RİHB-nin Amsar kənd İƏV üzrə nümayəndəliyinin heç bir il üçün sərəncamları arxivə təhvil verilməmişdir. 15 iyul 1993-cü il tarixli, 17 saylı Qərar barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 8-ci maddəsinə əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici heç bir lazımi sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən təhkim aktı hüququn dövlət qeydiyyatı üçün əsas deyildir. Aktda istinad edilən 15 iyul 1993-cü il tarixli, 17 saylı Qərar məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən həmin akt məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Belə ki, iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınmasına əsas verən hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsinə şərh edilərək, göstərilmişdir ki, “...Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim edilməsini tələb etməyə haqlı deyil” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Hazırki işdə də ilk növbədə iddiaçı özünnün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1497/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1497/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver