Məhkəmə qərarları › İş №2-1(118)-150/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-150/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-150/2022 31.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “18.08.2012-ci il tarixli ******* saylı Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilərək, reyestr qeydiyyatının silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qəçrəş qəsəbəsi ərazisində iddiaçıya məxsus torpaq sahəsi mövcuddur. Belə ki, o, 2006-cı ildə müxtəlif şəxslərdən alqı-satqı vasitəsilə hissə-hissə olmaqla torpaq sahələri əldə etmişdir. X2 göstərildiyi kimi adıçəkilən ərazidə bitişik olmaqla toplam 9,21 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahələrini alqı-satqı etdikdən sonra elə həmin dövrdə ərazi tərəfindən hasarlanmış, yüngül konstruksiyalı tikililər inşa edilmişdir. Əlavə etdi ki, adıçəkilən torpaq sahəsi meyvə bağıdır və məqsədinə uyğun istifadə edilir. Bir müddət öncə torpaq sahəsinin bir hissəsinin zəbt edilməsinə cəhd edilmişdir. Məsələni araşdırdığı zaman məlum olmuşdur ki, bu işi törədən cavabdeh X4r. Onun mübahisəli torpaq sahəsinə hansı hüquqlarının olduğu ilə maraqlandıqda cavabdeh tərəfindən 3-cü şəxsin verdiyi Dövlət Reyestrində Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Həmin çıxarışa əsasən guya cavabdehə ərazidə 2,0 ha torpaq sahəsi məxsusdur. Bundan sonra tərəfindən vəkillə müqavilə imzalanmış və 3-cü şəxsə müvafiq sorğu verilmişdir. Sorğuya cavab olaraq ƏMDK yanında DƏDRX-in Xaçmaz Ərazi İdarəsindən çıxarış verilməsinə səbəb olmuş Dövlət Aktının surəti təqdim edilmişdir. Həmin sənəddən görünür ki, cavabdehə Dövlət Aktı ilə 1,5 ha torpaq sahəsi məxsus olmuşdur. Lakin həmin akt əsasında verilmiş çıxarışda heç bir səbəb olmadan torpaq sahəsinin ölçüsü 0,5 ha artırılmışdır. Beləliklə müəyyən olunur ki, cavabdehlə 3-cü şəxsin əməkdaşları əlaqəyə girərək, qanunvericiliyin tələblərini pozmaqla torpaq sahəsinin ölçülərini artıraraq, faktiki olaraq saxta olan Dövlət Reyestrindən çıxarış vermişlər. Həmçinin cavabdehə məxsus torpaq sahəsinin naturada harada yerləşməsini dəqiqləşdirmək üçün mütəxəssisə müraciət edilmişdir. “X1” MMC-nin 24 yanvar 2020-ci il tarixdə 146 saylı ekspert rəyi vermiş və qarşısında qoyulmuş suallara cavab vermişdir. Həmin rəyə əsasən cavabdehə məxsus torpaq sahəsi iddiaçının mülkiyyətində olan sahənin cənub hissəsinə bitişik yerləşir, meşə fonduna aid torpaqlara aiddir. Habelə bildirilmişdir ki, cavabdehə məxsus meşə fonduna aid torpağın koordinatları heç bir səbəb olmadan qanunsuz olaraq mülkiyyətində olan sahənin üzərinə işlənmişdir. Habelə qeyd edilir ki, torpaq sahəsinin ölçülərinin artırılmasının qanuni əsaslan mövcud deyil. Həmçinin bildirilmişdir ki, cavabdehə məxsus sahə aktda torpaq sahəsinin uqodiyası dəmyə kimi göstərilsə də Qəçrəş kəndində torpaq islahatı bölgü lahiyəsində isə meşə fonduna aiddir. Beləliklə müəyyən edilir ki, cavabdehə məxsus 18.08.2012-ci il tarixli ******* saylı Dövlət Reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü saxta sənədlər əsasında hazırlanmışdır və qanuna uyğun deyil. Həmçinin bu məsələ ilə əlaqədar Quba rayon məhkəməsinə müraciət edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə hazırkı işə inzibati qaydada baxılması qət edilmişdir. Bundan sonra cavabdeh ƏMDK yanında DƏDRX-in Xaçmaz Ərazi İdarəsinə müraciət edilmiş və 1 aydan çox vaxt keçməsinə baxmayaraq hər hansı bir cavab verilməmişdir. Ona görə də inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırda iddianın dəyişdirilməsinə ehtiyac yaranmışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq çıxarışın verilməsinə əsas olmuş JN-0787 saylı Dövlət Aktı məhkəməyə təqdim edilmişdir. Arxivdə saxlanılan nüsxənin surəti məhkəmə iş materiallarına əlavə edilmişdir. Hər iki sənədə baxış keçirdikdə məlum olur ki, eyni nömrəli 2 dövlət aktı mövcuddur və torpaq ölçüləri müxtəlifdir. Beləliklə müəyyən edilir ki, çıxarışın verilməsinə səbəb olmuş dövlət aktı qanunsuz yollarla əldə edilmişdir. Torpaq sahəsinin ölçüsünün 2,0 ha göstərilmiş KOD-30317018, JN-0787 Dövlət Aktının, onun əsasında verilmiş 18.08.2012-ci il tarixli çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün, Daşınmaz Əmlakın Dövlət Reyesterində olan ********** nömrəli qeydiyyatın ləğv edillməsi barədə qərar çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən X3 adına olan 2.0 ha torpaq sahəsinə dair 18.08.2012-ci il qeydiyyat tarixli, ******* nömrəli dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-0787 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq ...aktlar ” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların. ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, təmsil etdiyi şəxs həmin torpaq sahəsini notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət aktı verilmiş və həmin dövlət aktının əsasında DƏDRX tərəfindən müvafiq çıxarış verilmişdir. Quba rayon Məhkəməsinin icraatında olan mülki işin araşdırması zamanı təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq ekspertinin 15.02.2016-cı il tarixli rəyinə əsasən torpaq sahəsi 128 kv.m olan hissədə üst-üstə düşməsi müəyyən edilmişdir. Əgər dövlət aktı ləğv ediləcəksə həmin hissədə ləğv edilməsinə etirazları yoxdur. Lakin dövlət aktının bütövlükdə ləğv edilməsinə zərurət yoxdur. Qeyd olunanlara əsasən 3-cü şəxsin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı tərəfindən cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş pretenziya məktubu, cavabdehin etiraz ərizəsi, JN-0805 KOD 30317018 saylı, JN-0787 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrinin surəti, 18.08.2012-ci il tarixli, **********05 reyestr nömrəli çıxarışın surəti, Quba Rayon Məhkəməsinin 2(027)-370/2020 nömrəli, 12.02.2020-ci il tarixli qətnaməsinin surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-1241/2021 nömrəli, 15.04.2021-ci il tarixli qərardadın surəti, Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş Q/01-4573/11 nömrəli, 04.10.2021-ci il tarixli məktub, cavabdehin **********86 nömrəli, 17.12.2021-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-0805 və JN-783 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”larının verildiyi vaxtdan etibarən yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqan iddiaçının müraciətinə cavab verməmiş, bununla da cavabdehin hərəkətsizliyinə görə iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayonu, Qəçrəş qəsəbəsi ərazisində JN-0805 və JN-783 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”larına əsasən iddiaçıya məxsus 9,21 ha torpaq sahəsi mövcuddur. Bir müddət öncə iddiaçıya məlum olmuşdur ki, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X5 18.08.2012-ci il tarixli, **********05 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Həmin çıxarışa əsasən Elman Əliyevə sahibliyində oan torpaq sahəsinin yerləşdiyi ərazidə 2,0 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-in Xaçmaz Ərazi İdarəsindən Elman Əliyevin adına çıxarış verilməsinə səbəb olmuş JN-0787 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı həmin aktın qanunsuz olduğu qənaətinə gələrək, həmin akt əsasında verilmiş X5 məxsus 18.08.2012-ci il tarixli, **********05 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinin digər şəxsin adına JN-0787 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənilməsi səbəbindən onun müraciətini təmin etməmişdir. Cavabdeh təşkilat imtinasını onunla əsaslandırmışdır ki, X5 18.08.2012-ci il tarixli, **********05 reyestr nömrəli çıxarış verilmiş və həmin çıxarış ləğv edilmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş 24 yanvar 2020ci il tarixli 146 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, X3 adına verilmiş və sahəsi 2,0 hektar olan torpaq sahəsinin koordinatları İddiaçı sahibliyində olan meyvə bağlarına işlənmişdir. Koordinatların üst-üstə düşməsi həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 15.02.2016-cı il tarixli, 10210 saylı rəyində də öz əksini tapmışdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, X3 adına eyni nömrəli müxtəlif ölçülü dövlət aktlarının verilməsi də həmin dövlət aktlarının qanunsuz olmasına dələalət edir. Nəzərə alınmalıdır ki, cavabdehin iddia tələbinə dair gətirdiyi yeganə arqument X3 adına olan JN-0787 KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qüvvədə olmasıdır. Cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Xaçmaz rayonu Qəçrəş kəndi ərazisində yerləşən, JN-0787 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınsa da, həmin hüququn yaranması üçün əsas olmuş Quba rayon dövlət notariat konturunda bağlanmış 17.03.2006-cı il tarixli, 4-ə-94 saylı alğısatqı müqaviləsi mövcud olmamışdır. Belə ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş Q/01-4573/11 nömrəli, 04.10.2021-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, saxlanılan arxiv məlumatlarında 17.03.2006-cı il tarixli, 4-ə-94 saylı alğı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda JN-0787 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə qanusuz dövlət aktıdır. Hesab olunur ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən həmin dövlət aktı əsasında 3-cü şəxs X3 mülkiyyət hüquqlarının qeydiyyata alındığı 18.08.2012-ci il tarixli, **********05 reyestr nömrəli çıxarış da qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş KOD-30317018, JN-0787 Dövlət Aktının, onun əsasında X3 adına verilmiş 18.08.2012-ci il tarixli çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün, Daşınmaz Əmlakın Dövlət Reyesterində olan ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar