Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-150/2024 06.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli, 845 nömrəli sərəncamı ilə İddiaçı firmasına (kiçik müəssisəsi) ayrılmış 0,02224 ha ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasından imtina edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilməsi, həmin əmlakın İddiaçı firmasının mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının qanuni təmsilçisi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 06 dekabr 1993-cü il tarixli, 803 nömrəli Sərəncamına əsasən İddiaçı kiçik müəssisəsinə Xırdalan qəsəbəsində ərzaq mallarının satışını təşkil etmək məqsədilə torpaq sahəsi ayrılması üçün komissiya təşkil edilməsi qərara alınmış, komissiyaya tələb olunan sənədlərin müvafiq qaydada tərtib edib İcra hakimiyyəti başçısının təsdiqinə verilməsini təmin etmək tapşırılmışdır. İddiaçının nümayəndəsi ilə birlikdə 11 nəfərdən ibarət komissiya üzvləri tərəfindən Rayon İcra Hakimiyyəti Başçısının birinci müavininin sədrliyi ilə tərtib edilmiş İddiaçı kiçik müəssisəsinə mağaza tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında" aktda göstərilmişdir ki, İddiaçı kiçik müəssisəsinin 04.12.93-cü il tarixli, 1 nömrəli məktubu ilə əlaqədar mağaza tikintisi üçün torpaq sahəsi ayrılması məqsədilə, Xırdalan qəsəbəsində baxış keçirilmişdir. Məlum olmuşdur ki, H.Aslanov küçəsi ilə Q.Qaqarin küçəsinin kəsişdiyi ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında “Orxan-T“ kiçik müəssisəsi üçün mağaza tikilməsinə 6.0 x 4.0 ölçüdə torpaq sahəsi aşağıdakı şərtlərlə ayrıla bilər. (Sahənin mövcud küçələrdən və binalardan məsafələr baş plandan çıxarışda göstərilir). Sifarişçi təşkilat seçilmiş torpaq sahəsinin yeraltı və yerüstü kommunikasiyalarının öyrənilməsinə müsbət rəy alınmasına nail olsun. Tikinti-quraşdırma işlərinə başlanmazdan əvvəl obyektin layihə-smeta sənədləri RİH-nin mümarlıq və tikinti şöbəsi ilə razılaşdırılsın. Obyektin xarici görünüşündə milli-memarlıq üslublarından istifadə olunsun. Tələb olunan torpaq sahəsi ümumi torpaq qanunverilciliyinə uyğun sənədləşdirilsin. Başçının birinci müavini və RİH-nin baş memarı tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin Başçısına ünvanlandırılmış 24 dekabr 1993-cü il tarixli məktubda göstərilmişdir ki, təşkil edilmiş komissiya tərəfindən komission mağaza tikintisinə torpaq sahəsi ayrılması məqsədilə Xırdalan qəsəbəsinin ərazisində baxış keçirilmişdir. Məlum olmuşdur ki, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsişdiri ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında İddiaçı kiçik müəssisəsinə mağaza tikintisinə 6.0 x 4.0 ölçüdə torpaq sahəsi ayrıla bilər. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli Sərəncamınca göstərilmişdir ki, İddiaçı kiçik müəssisəsinin 1 dekabr 1993cü il tarixli, 01 nömrəli və RİH-nin 6 dekabr 1993-cü il tarixli, 803 nömrəli sərəncamına əsasən təqdim olunan arayış və torpaq sahəsinin ayrılması haqqında komissiyanın aktı nəzərə alınsın. Xırdalan qəsəbəsi, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsişdiyi ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında İddiaçı kiçik müəssisəsinə komission mağaza tikintisinə 6.0 x 4.0 metr ölçüdə torpaq sahəsi ayrılsın. RİH-nin memarlıq və tikinti şöbəsinə tapşırılsın ki, obyektin baş plandan çıxarış üzrə yerləşdirilməsini təmin etsin. Sifarişçi təşkilat seçilmiş torpaq sahəsini yeraltı və yerüstü mühəndis qurğuların öyrənilməsində müsbət rəy alınmasına nail olsun. Tikinti-quraşdırma ilşərinə başlanmazdan əvvəl obyektin layihə-eskiz sənədləri İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ilə razılaşdırılsın, tikinti-quraşdırma işlərinin aparılmasında milli-memarlıq üslublarından istifadə edilsin. Tələb olunan torpaq sahəsi ümumi torpaq qanunverilciliyinə uyğun sənədləşdirilsin. Beləliklə, iddiaçının nümayəndəsi rəhbəri və təsisçisi olduğu müəssisəyə ayrılmış torpaq sahəsində verilmiş sərəncama uyğun mağaza inşa etmiş, ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan 2011-ci ildə rayon İcra Hakimiyyətinə müraciət edərək mövcud ticarət obyektinin rekonstruksiyasına və ikinci mərtəbəsinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Abşeron Rayon icra Hakimiyyətinin başçısının 21 noyabr 2011-ci il tarixli sərəncamına əsasən ona bu icazə verilmişdir. İddiaçı firmasının təsisçisi və qanuni təmsilçisi 15 aprel 2022- ci il tarixdə cavabdehə rəsmi qaydada müraciət etməklə Abşeron rayonu, Xırdalan şəhərində yerşələn 0,0024 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ünvanladığı 04 avqust 2022-ci il tarixli bildirişdə göstərmişdir ki, “aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bundan başqa, kadastr baza məlumatlarına əsasən, sözügedən torpaq sahəsinin dövlət əmlakı olduğu müəyyən edilmişdir...” Göründüyü kimi, təxminən 1993-cü ildən fəaliyyət göstərən mağaza 2011-ci ildə icra hakimiyyəti başçısının sərəncamına əsasən rekonstruksiya edilməsinə, ikinci mərtəbəsinin artırılmasına baxmayaraq, hazırda həmin obyektin yerləşdiyi torpaq sahəsinin qeydiyyatına alınması ilə bağlı müraciətinə cavabdeh yuxarıda göstərilən məzmunda əsassız bir cavab vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi Nümayəndə iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan səhərində yerləşən 0,0024 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Dostəliyev iddianı qəbul etməmişdir. Eyni zamanda bildirmişdir ki, xx.xx.2022-ci il tarixli imtina bildirişində göstərilən sənddə göstərilən yerlə faktiki yer arasında uyğunszluğun olması barədə dəlil sonrakı araşdırma zamanı öz təsdiqini tapmamışdır. İş materiallarında olan: -Abşeron rrayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 845 saylı sərəncamından görünür ki, Xırdalan qəsəbəsinin, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsişdiyi ərazidə 1,2 №-li binaların qabağında mövcud köşkün sırasında İddiaçı kiçik müəssisəsinə komission mağaza tikintisinə 6,0 x 4,0m ölçüdə torpaq sahəsi ayrılması qərara alınmışdır. - mart 1995-ci il tarixli texniki pasportdan görünür ki, həmin sənəd İddiaçı kiçik müəssisəsinə məxsus torpaq sahəsi və tikiliyə dair tərtib edilmişdir. - Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş xx.xx.2011ci il tarixli rəydən görünür ki, Nümayəndə Xırdalan şəhəri ərazisində istifadəsində olan mövcud ticarət obyektinin rekonstruksiyasına və ikinci mərtəbəsinə etiraz etmir. - Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, Nümayəndə Xırdalan şəhəri ərazisində istifadəsində olan mövcud ticarət obyektinin rekonstruksiyasına və ikinci mərtəbəsinin tikintisinə icazə verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı "xxxx" firmasına Abşeron rayon icra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən torpaq sahəsinin mülkiyyətini (dövlət,bələdiyyə və.s) müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS-də) torpaq sahəsi texniki səhv olaraq bələdiyyə mülkiyyəti kimi göstərilmişdir.Düzəliş edilməsi ilə əlaqədar tədbirlər görülməkdədir. İddiaçı firmasına Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə (sxemə əsasən) ayrılmış 0,0024 ha torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq mövcuddur. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi vahid qeyri-yaşayış binasının bir hissəsində yerləşir. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı tərəfindən İddiaçı firmasına verilmiş xx.xx.1993-cü il tarixli, 845 saylı sərəncamın və əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının qanuni təmsilçisinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə yuxarıda göstərilən normaları nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədə olduğundan və qanunvericiliklə qaydada etibarsız hesab edilməməsi və ya ləğv edilməməsi səbəbindən iddia tələbi əsaslıdır. Cavabdehin həmin torpaq sahəsinin dövlət mülkiyətində olması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi ayrılan vaxt, yəni 1993-cü ildə bələdiyyələr hələ yaradılmamışdır və dövlət mülkiyyətində olan torpaqların yerli icra hakimiyyəti orqanları tərəfindən ayrılması qanunvericilikdə nəzərdə tutulmuşdur. 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq X3nin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. X1 müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Torpaq sahəsi iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron rayon İcra Hakimiyyəti Başçısının 06 dekabr 1993-cü il tarixli 803 nömrəli sərəncamına əsasən ayrılmışdır. Həmin vaxtdan hazıradək iddiaçınını sahibliyində və istifadəsindədir və təyinatı üzrə istifadə edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli, 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölşü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli, 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölşü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-150/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-150/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver