Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1501/2024 09.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “xx.xx.1939-cu ildə anadan olmuş və xx.xx.2022-ci ildə vəfat etmiş X5 gözdən əlil kimi xx.xx.2011-ci ildən mənzil uçotuna götürülərək mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X6 iddiaçının anasıdır. Anasına AR ƏƏSMNnin 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 № 134456 saylı arayışına əsasən xx.xx.2021-ci ildə 1 (birinci) qrup müddətsiz əlillik verilmişdir. Anası qlaukoma xəstəliyi səbəbindən hər iki gözünü itirmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2011-ci il tarixli 893 saylı müayinə aktına əsasən onun kənar şəxsin daimi köməyinə ehtiyacı olmuşdur. Anasına özü baxmışdır, onun qulluğunda durmuşdur. Anasının gözdən əlil olması ilə əlaqədar olaraq iddiaçıya hər ay müavinət ödənilmişdir. Anasının gözlərinin müalicəsi məqsədilə ilə əlaqədar Sumqayıt şəhəri, 26-cı məhəllə ünvanında yerləşən mənzili sataraq kirayədə yaşamağa başlamışdır. Gözdən əlil olması ilə əlaqədar olaraq ona mənzil verilməsi üçün dəfələrlə AR ƏƏSMN-nin DSMF-nin Sumqayıt şəhər Şöbəsinə müraciət etmişdir. Lakin gözdən əlil anası mənzillə təmin edilməmişdir. Onu da bildirir ki, anası X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. İddiaçı, AR-sı ƏƏSMN-yi tabeliyində Sosial Xidmətlər Agentliyinə ərizə ilə müraciət edərək mənzillə təmin edilməyini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə mənzillə təmin olunmağını mümkünsüz hesab etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, yuxarıda qeyd etdiyi kimi anası TSEK-in qərarı ilə xx.xx.2011 -ci ildən müddətsiz birinci dərəcəli hər iki gözdən əlil hesab edilmiş və kənar şəxslərin yardımına ehtiyacının olması müəyyən edilmişdir. Anasına o qulluq etmişdir və xəstəyə qulluğa görə 2011-ci ildən 2022-ci ilin yanvar ayınadək ona müavinət ödənilmişdir. Anasının xəstəliyi səbəbindən mənzilini sataraq kirayələrdə yaşamışdır. Anasının vəfatından sonra bağ evinə köçmüşdür. Həmin ev elektrik qapanması səbəbindən yanaraq məhv olmuşdur. Cavabdeh imtina məktubunda AR-sı Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli Sərəncamı ilə həmin Sərəncam qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin AR ƏƏSMN-yi tərəfindən mənzillə təmin edilməsinin nəzərdə tutulduğunu təsdiqləmişdir. İddiaçı həmin Sərəncamla əhatə edilən şəxslərin kateqoriyasına aiddir (sərəncamın təsir dairəsinin altına düşür). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüququ yardım edilmiş, iddiaçı iddianı müdafiə etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən 492s sərəncamla gözdən əlillərə mənzil verilir. X7 Cəmiyyəti verirdi. İddiaçının müraciəti olmalı idi. İcra Hakimiyyətinin Sərəncamı olmalıdır. Burada uçot və ya sərəncamdan söhbət gedə bilməz. Vaxtında müraciət etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Belə ki, iddiaçı onun anasının mənzil növbəsinə alınmasını istəyir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 saylı Sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssislərinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492 s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı özünün yox mərhum anasının hüquqları ilə bağlı tələb irəli sürür ki, iddiaçının belə bir sübyektiv hüququ yoxdur. İddiaçının anasının yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı hüququ olsada o sağlığında bu hüquqdan istifadə etməməş, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmamışdır. Eyni zamanda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma ilə bağlı hazırkı cavabdeh inzibati orqana yox, yerli icra hakimiyyəti orqanına müraciət edilməlidir. Buda iddianın digər bir mümkünsüzlük əsasını təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev