Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1504/2025 12.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1978-ci ildən xx.xx.1987-ci ilədək olan və xx.xx.1990-cı ildən xx.xx.1996-cı ilədək olan dövrlərin əmək stajına daxil edilməklə iddiaçıya hüququnun yarandığı dövrdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “İddiaçı 13 iyun 1978-ci il tarixindən 25 may 1987-ci il tarixinədək Xaçmaz rayonu Xudat Konservi zavodunda işlədiyi 8 il 11 ay 19 günün sığorta stajına daxil edilməsi və iddiaçıya pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1978-ci ildən xx.xx.1987-ci ilədək olan və xx.xx.1990-cı ildən xx.xx.1996-cı ilədək olan dövrlərin əmək stajına daxil edilməklə iddiaçıya hüququnun yarandığı dövrdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1957-ci ildə anadan olmuşdur. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək Xaçmaz şəhər 92 №-li Texniki peşə liseyində təhsil almış, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra Xudat şəhərinə valideynlərinin yanına qayıtmışdır. 13 iyun 1978-ci il tarixindən 25 may 1987-ci il tarixinədək Xaçmaz rayonu, Xudat Konservi zavodunda müxtəlif işlərdə işləmişdir. Bundan sonra 25 may 1987-ci il tairixindən xx.xx.2020-ci il tarixinədək Xaçmaz rayonu Xudat şəhərində yerləşən (təmirtikinti təşkilatında və səyyar mexanikləşdirmə dəstəsində) işləmişdir. Bundan başqa xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi əməklə məşğul olmuş və işlədiyi bu illərdə məcburi dövlət sosial sığorta haqqı da ödəmişdir. İddiaçı 65 yaşı tamam olduqdan sonra bir neçə ay gözləmiş, lakin Dövlət Sosial Müdafiə Fondundan iddiaçıya pensiya təyin edilməsi barədə heç bir məlumat verilməmişdir. Bundan sonra iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə X3 şəxsin 2 saylı Regional ərazi filialında dəfələrlə olsa da, bu barədə bildirsə də, iddiaçıya heç bir dəqiq məlumat verilmədi. Bundan sonra bütün sənədləri toplayaraq iddiaçıya əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Oradan iddiaçıya göndərilən xx.xx.2024-cü il tarixli №3-17-1/2-3-97223/2024 saylı məktubda bildirilmişdir ki, təqdim etdiyiniz əmək kitabçanızın, hərbi biletinizin, attestatınızın surətlərinə və X1 sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əyanı təhsil dövrünüz müddət nəzərə alınmaqla) 17 il 8ay 9 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixində 16 il 6 ay 9 gün sığorta stajınıza uyğun olaraq 16651,37manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 548.62 manat (1 il 2 ay) sığorta stajınıza uyğun olmaqla ümumilikdə 17199.99 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Bu da xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci İl tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdən tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. X1 sisteinin "Sığorta" altsesistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün (VÖEN:**********) sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirilər ki, 2-1(118)-4753/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktubla ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. İddiaçı xx xxxxxx 1957-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 17 noyabr 2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə: 1) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq); 2) Qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Təqdim edilmiş əmək kitabçası, hərbi bilet, attestatın surətlərinə və X1 Sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və 01,09.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 17 il 08 ay 09 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 16 il 6 ay 9 gün sığorta stajına uyğun olaraq 16651.37 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 548.62 manat (1 il 2 ay sığorta stajınıza uyğun olaraq) olmaqla, ümumilikdə 17199.99 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək dövrün doldurulma qaydası pozulduğu üçün (müvafiq olaraq xx.xx.1979-cu il tarixdə işdən çıxma əmri möhürlə təsdiqlənmədiyindən və xx.xx.1996-cı il tarixdə işdən çıxma əmri kiril qrafikalı möhür ilə təsdiq olunduğundan) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməmişdir. İşin hallarını tam, dəqiq araşdırmaq və iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979- cu il tarixədək Xudat konserv zavodunda, xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Aqrosənayetikinti” trestinin 1 №li sənaye kombinatında işləməsi faktını dəqiqləşdirmək üçün X2 filialına sorğu göndərilmişdir. Sorğuya cavab olara təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda “Xudat Konserv zavodu”nun, “Aqrosənayetikinti”nin əməkhaqqı hesablaşma cədvəllərinin və əmr kitablarının mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyindən vətəndaşın əmək fəaliyyəti barədə məlumat verilməsinin mümkün olmadığı bildirilmişdir. Təqdim edilmiş mədaxil qəbzlərinə əsasən bildirirlər ki, 2024-cü ilin yanvar, fevral, mart aylarında ödənilmiş məcburi dövlət sosial sığorta haqqı fərdi hesabın sığorta hissəsində əks olunmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən bildiririk ki, X1 Sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək pensiya kapitalı qeydə qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: ИT-0732600 saylı əmək kitabçası;; 229 saylı, 03 may 1976-cı il tarixdə verilmiş attestatın surəti; НЗ № ******* saylı hərbi biletin surəti; cavabdehin iddiaçıya ünvanladığı 26 aprel 2024-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər, həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı 17 noyabr 1959-cu il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki iş üzrə iddiaçının 01 sentyabr 1975-ci il tarixindən 03 may 1976-cı il tarixinədək təhsil alması, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olması, 13 iyun 1978-ci il tarixindən 05 sentyabr 1979-cu il tarixinədək, 17 may 1980-ci il tarixindən 25 may 1987-ci il tarixinədək, 13 may 1987-ci il tarixdən 27 oktyabr 1987-ci il tarixinədək, 30 noyabr 1987-ci il tarixdən 01 iyul 1988-ci il tarixədək, 02 iyul 1988-ci il tarixdən 01 avqust 1988-ci il tarixədək, 29 iyul 1988-ci il tarixdən 01 oktyabr 1990-cı il tarixədək, 15 oktyabr 1990-cı il tarixdən 02 sentyabr 1996-cı il tarixədək, 02 sentyabr 1996-cı il tarixdən 26 oktyabr 2000-ci il tarixədək, 01 sentyabr 2022-ci il tarixdən 01 yanvar 2024-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan ИT-0732600 saylı əmək kitabçası, 229 saylı, 03 may 1976-cı il tarixdə verilmiş attestat və НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçasıda müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bununla yanaşı məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, məhkəmə sorğusuna cavab İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş 28 aprel 2025-ci il tarixli məktubda iddiaçının MDSS üzrə borcu olmadığı qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən iddiaçının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1978-ci ildən xx.xx.1987-ci ilədək olan və xx.xx.1990-cı ildən xx.xx.1996-cı ilədək olan dövrlərin əmək stajına daxil edilməklə ona hüququnun yarandığı dövrdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1978-ci ildən xx.xx.1987-ci ilədək olan və xx.xx.1990-cı ildən xx.xx.1996-cı ilədək olan dövrlərin əmək stajına daxil edilməklə ona hüququnun yarandığı dövrdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva