Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1505/2022 25.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2018-2020 illər üzrə işlədiyi DSMF Qobustan rayon şöbəsindən əmək haqqına ödənilən əlavə mükafatdan tutulan dövlət sosial sığorta haqlarının nəzərə alaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27 il dövlət qulluğunda çalışıb və xx.xx.2020-ci ildən “dövlət qulluqçusu” kimi DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialından tədaüdə çıxıb. 2018-2019-2020-ci illərdə onun əmək haqqının üzərinə hər ay ödənilən mükatlardan 14 % sosial sığorta haqları tutulmuş, lakin əmək pensiyası hesablanarkən həmin məbləğ nəzərə alınmayıb. Buna görə də cavabdeh orqana müraciət edərək onun aldığı əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin müraciəti 20 sentyabr 2021-ci il tarixdə aldığı cavab məktubu ilə onun xahişi təmin edilməmişdir. Hesab edir ki, ona əmək haqqına əlavə verilmiş mükafatlardan 14 % sosial sığorta haqları tutulduğu üçün həmin məbləği pensiya hesablanarkən nəzərə alınmalıdır. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya 01,04.2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 129.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 188.13 manat olmaqla orta aylıq əmək haqqı 812.13 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının 74 faizi - 600,98 manat məbləğində müəyyən edilərək ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.3-cu maddəsinə uyğun olaraq, dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Göründüyü kimi, iddiaçının əmək pensiyası mövcud qanunvericiliyin tələblərinə müvafiq şəkildə hesablanmış, qanunda nəzərdə tutulmuş bütün məbləğlər pensiya məbləği hesablanarkən nəzərə alınmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərinin birində də iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********5 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir” . Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ dövlət qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı X3 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin **********5 nömrəli, xx.xx.2021-ci il tarixli imtina cavabını almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında” Əsasnamənin 1.2.1-ci bəndinə əsasən büdcədənkənar vəsaitlər – Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların (bundan sonra - idarə və təşkilat) büdcədən ayrılan təxsisatlardan əlavə daxil olmuş vəsaitlərdir. Həmin Əsasnamənin 1.2.2-ci bəndinə əsasən büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetası - cari büdcə ili üçün idarə və təşkilatlar tərəfindən tərtib olunmuş, bu Əsasnaməyə uyğun təsdiq edilmiş və büdcədənkənar vəsaitlərin gəlir mənbələri üzrə məbləğini və bu vəsaitlərin dövlət büdcəsinin iqtisadi təsnifatının bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri üzrə xərc istiqamətlərini müəyyən edən sənəddir. Həmin Əsasnamənin 2.1-ci bəndinə əsasən büdcədənkənar vəsaitlər malların satışından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən büdcə təşkilatlarının əldə etdiyi vəsaitlər, habelə inzibati cərimələrin, maliyyə sanksiyalarının, dövlət nəfinə müsadirə olunmuş əmlakın satışından, habelə dövlət nəfinə müsadirə olunmuş pul vəsaitlərinə görə daxil olan vəsaitlərin qanunvericiliklə müəyyən edilmiş məbləğdə həmin gəlirlərin yığılmasını təmin edən dövlət orqanlarının xüsusi xəzinə hesabına köçürülən hissəsi, idarə və təşkilatların qanuna və ya ondan irəli gələn normativ hüquqi aktlara uyğun olaraq göstərdikləri xidmətlərə görə tutulan haqlar hesabına formalaşdırılır. Həmin Əsasnamənin 3.2-ci bəndinə əsasən büdcədənkənar gəlirlərin idarə və təşkilatların kassasına mədaxil edilərək birbaşa xərclənməsinə yol verilmir. Həmin Əsasnamənin 3.4-cü bəndinə əsasən il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasında nəzərdə tutulduğundan az məbləğdə vəsait daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, inzibati təsnifat üzrə xərclər isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada azaldıla bilər. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetalarının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilmir. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən inzibati cərimələr və maliyyə sanksiyaları üzrə daxilolmaların qanunvericiliklə müəyyən edilmiş hissəsi ayda bir dəfə həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsini təmin edən dövlət orqanlarının xüsusi xəzinə hesabına köçürülür və bu daxilolmaların azaldılmasına aid edilir. Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən büdcədənkənar vəsaitlər təsdiq edilmiş gəlirlər və xərclər smetası əsasında təyinatı üzrə istifadə olunur. Xərc ilk növbədə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş müdafiə olunan xərc maddələri üzrə aparılır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci maddəsinə əsasən büdcədənkənar dövlət fondları - qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində və (və ya) hüquqi şəxs yaratmadan təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə və ya pul vəsaitlərinə malik olan məqsədli dövlət maliyyə fondları. Həmin Qanunun 1.1.19-cu maddəsinə əsasən dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin, həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarına sekvestr deyilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər müdafiə olunan xərc maddələri hesab edilir və onlara sekvestr tətbiq olunmur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: 1) pensiya yaşına çatmaq; 2) əlilliyin müəyyən edilməsi; 3) ailə başçısını itirmək; 4) əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); 5) hamiləlik və doğum; 6) uşağın anadan olması və sair. Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə tətbiq edilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: 1) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; 2) könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr; 3) hamiləliyə və doğuma görə müavinət; 4) uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənişi və sair. Həmin Qanunun 12-ci maddəsinə əsasən 1) Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; 2) əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; 3) prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; 4) vergi orqanlarının işçiləri; 5) vəkillər kollegiyasının üzvləri və sair şəxslər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Sığorta haqqının dəyəri adətən 25 % olur. Həmin dəyərin bir hissəsi işəgötürən, digər hissəsi işçi tərəfindən ödənilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə sosial sığorta haqqı hesablanır: 1) iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr; 2) faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi; 3) müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər; 4) əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri, 5) işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri; 6) istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri; 7) təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar; 8) aliment ödənişləri, 9) donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq; 10) məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri; 11) yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri; 12) dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq; 13) sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət və sair. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında əmək pensiyasına əlavələr müəyyən edilir. Həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd normativ hüquqi akt hesab edilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 1.2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaitinin toplanılması və təyinatı üzrə istifadəsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X1 İqtisadiyyat Nazirliyinin xüsusi xəzinə hesabı açılır. Həmin Qaydanın 1.4. Büdcədənkənar vəsaitin toplanılmasına və həmin vəsaitdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən büdcədənkənar vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, İqtisadiyyat Nazirliyinin sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən büdcədənkənar vəsaitin 50 faizinədək olan məbləği bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş (işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə) məqsədlər üçün ayrılır. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi 3.1.1) işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına; 3.1.2) işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə; 3.1.3) işçilərə maddi yardımın göstərilməsinə; 3.1.4) işçilər üçün səhiyyə xidmətlərinin təşkilinə və müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə; 3.1.5) işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə; 3.1.6) işçilərə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə; 3.1.7) işçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsinə xərclənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən işçilərin kollektiv mükafatlandırılması 4.1.1) işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; 4.1.2) mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi; 4.1.3) qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar həyata keçirilir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən işçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilər. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən işin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Həmin Məcəlləin 157.3-cü maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 157.4-6-cı maddələrinə əsasən tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsi, əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc, mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Sadalanan maddi hüquq normalarından məlum olur ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların malların satışından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən, habelə inzibati cərimələrin, maliyyə sanksiyalarının, dövlət nəfinə müsadirə olunmuş əmlaklarının satışından, o cümlədən dövlət nəfinə müsadirə olunmuş pul vəsaitlərinə görə formalaşan büdcədənkənar vəsaitlər hesabına işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə istifadə olunur. Belə ki, qeyd olunan vəsaitlər hesabına formalşan büdcədənkənar vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyində büdcədənkənar dövlət fondlarının xüsusi xəzinadarlıq hesabına toplanır və həmin hesabdan öncədən təsdiq edilmiş gəlirlər və xərclər smetası əsasında təyinatı üzrə istifadə olunur. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən şəxslərə işlədikləri vaxt aldıqları əmək haqqının 50 % məbləğində əmək pensiyası təyin edilir. 15 ildən artıq qulluqda olan şəxslərə isə 50% məbləğində təyin edilmiş əmək pensiyasına hər il üçün 3 % olmaqla əlavələr verilir, lakin həmin əlavələrin son həddi işçinin aldığı əmək haqqının 80 % ilə məhdudlaşdırılır. Qeyd olunan Qanunun 20-ci maddəsindən bəlli olur ki, 20-ci maddənin 30-cu bəndində göstərilən məhdudiyyət yalnız vergi işçisinin əsas pensiya məbləğinə (aldığı aylıq əmək haqqının 50% məbləğində olan hissəsinə) artıq hesablanacaq hissəsinə şamil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminatın həyata keçirilməsi məqsədi ilə aldıqları əmək haqlarından məcburi dövlət sosial sığorta haqları tutulur. Qeyd olunan normanın tələblərinə əsasən Dövlət Vergi Xidmətinin əməkdaşlarının əmək haqlarından və əmək haqlarına büdcədənkənar vəsaitlər hesabına edilmiş əlavələrdən (mükafatlardan) məcburi dövlət sosial sığorta haqları tutulur. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə əsasən Vergi Xidmətinin əməkdaşlarına əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqlarına, dövlət məvaciblərinə və vəzifə maaşlarına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən əmək pensiyasının təyin edilməsinin məqsədi məcburi dövlət sosial sığortaolunan şəxslərə əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiya olunmasıdır. Göründüyü kimi, həm “Sosial sığorta haqqında”, həm də “Əmək pensiyaları haqqında” Qanun işçiyə aldığı əmək haqqının itirilməsinin qarşısının alınması və gələcəkdə pul təminatının əvəzi olaraq pul kompensasiyanın ödənilməsinə xidmət edir. Başqa sözlə desək, “Sosial sığorta haqqında” Qanun əmək pensiyası sistemini müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinin təmin edilməsini həyata keçirir. Nəzərə alınmalıdır ki, hər iki Qanun bərabər hüquqi qüvvəyə malikdir və eyni hüquqi tənzimləmə sisteminə aiddir. Lakin o da nəzərə alınmalıdır ki, fiziki şəxslərə pensiya təyin edilərkən “Sosial sığorta haqqında” Qanunun deyil “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad olunur. Ona görə də hesab olunur ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən sahə normativ hüquqi akt hesab olunan “Əmək pensiyaları haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. Həmin Qanunun 20.30-cu maddəsinə əsasən əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, inzibati orqanının hərəkətlərində hər hansı bir qanun pozuntusu mövcud olmadığından ona qarşı qaldırlmış iddia tələbi təmin edilə bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1 və 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2018-2020 illər üzrə işlədiyi DSMF Qobustan rayon şöbəsindən əmək haqqına ödənilən əlavə mükafatdan tutulan dövlət sosial sığorta haqlarının nəzərə alaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1505/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1505/2022
25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver