Məhkəmə qərarları › İş №2-1(118)-1510/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1510/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1510/2024 18.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçı iştirtakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 may 2006cı il tarixli, 07 saylı qərarı ilə ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Mehdiabad bələdiyyəsi tərəfindən ayrılmış sahəsi 0,08 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 may 2006-cı il tarixli, 07 saylı qərarı ilə ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Mehdiabad bələdiyyəsindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi almışdır. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh idarəyə ərizə ilə müraciət etdikdə ona imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtina məktubunda göstərdiyi Mehdiabad bələdiyyəsi tərəfindən 0,03 ha torpaq sahəsinin 27 may 2006-cı il tarixdə, 07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 12 dekabr 2022-ci il tarixində verildməklə qanunvericiliyin müvafiq qaydada təsdiq (hüquq sahibinin imzası ilə) olunmadığı barədə göstərdiyi halla bağlı bildirir ki, iddiaçı torpaq sahəsini sənədləşdirmək üçün Abşeron rayon Mehdiabad bələdiyyəsinə müraciət etmişdir. Mehdiabad bələdiyyəsi tərəfındən 12 dekabr 2022-ci il tarixli Torpaq alqı-saqtqısına dair Akt tərtib edilmişdir. Torpaq alqı-satqı aktının sonradan verilməsi torpağın iddiaçıya verilməməsi anlamına gəlmir. Bu işin formal tərəfidir. Əksinə Mehdiabad bələdiyyəsi satıcı tərəf olaraq bir daha torpağın iddiaçıya mənsub olduğunu təsdiqləmişdir. Cavabda təqdim edilmiş sənədlərdə hüquq sahibinin soyadına və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilməsi ilə bağlı bildirir ki, iddiaçı torpaq sahəsi alarkən soyadı “Qasımova” olmuşdur. Sonradan idiaçının soyadı dəyişdirilmiş və “Qasımlı” kimi qeyd edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Abşeron rayon qeydiyyat şöbəsindən verilmiş 02 sentyabr 2023-cü il tarixli 3-16-5/8-69-126/2023 saylı arayışdan da görünür ki, iddiaçının 13 oktyabr 2010-cu ildə Abşeron rayon qeydiyyat şöbəsində tərtib olunmuş 08B saylı akt qeydində onun soyadının “-ova” sonluğu Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 02 fevral tarixli 495 nömrəli qərarına əsasən “-lı” sonluğu ifadə forması ilə əvəz edilərək dövlət dilinə uyğunlaşdırılmışdır. Torpaq sahəsi iddiaçıya 2006-cı ildə ayrıldığı üçün həmin vaxt sənədlərdə soyadı “Qasımova” kimi qeyd edilmişdir. Torpaq sahəsi iddiaçıya ölçülüb təqdim edilmiş, torpaq sahəsi uzun illərdir ki, iddiaçının istifadəsindədir. Hesab edir ki, iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Mehdiabad bələdiyyəsi tərəfindən İddiaçı Mirəvvub qızına 0,03 ha torpaq sahəsinin 27 may 2006-cı il tarixində 07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 12 dekabr 2022-ci il tarixində verilməklə qanunamüvafiq qaydada (hüquq sahibinin imzası ilə) təsdiqlənmədiyi; ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəylərinin idarəyə təqdim edilmədiyi, müraciət ərizəsinə əlavə edilmiş Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi, təqdim edilmiş sənədlərdə hüquq sahibinin soyadı və ata adına münasibətdə uyğunsuzluq olduğu,İddiaçı 18 iyul 2023-cü il tarixli müraciətinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinə dair ünvanlandığı, lakin iddia ərizəsində Abşeron Rayonu Mehdiabad bələdiyyəsi tərəfindən ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi tələbi qoyulduğu müəyyən olunmuşdur. Bununla bağlı iddiaçıya imtina bildirişi verilmişdir. İş materiallarında olan : - Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 may 2006-cı il tarixli, 07 saylı qərarından görünür ki, Mehdiabad bələdiyyəsinə məxsus perspektiv inkişaf üçün ayrılmış torpaq sahəsindən fərdi mənzil tikintisi üçün İddiaçı 0,03 ha torpaq sahəsi satılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Mehdiabad bələdiyyəsinin 27 may 2006cı il tarixli, 07 saylı qərarına əsasən Abşeron rayon Mehdiabad bələdiyyəsi İddiaçı 0,03 ha torpaq sahəsi satmışdır. - 28 iyun 2006-cı il tarixli aktdan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsinin Siyanşor yeni yaşayış massivində fərdi yaşayış evi tikintisi məqsədilə layihələndirilməsi üçün 300 kv m 203B saylı torpaq sahəsi İddiaçı təhvil verilmişdir. - Abşeron rayon Mehdiabad bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,03 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuş İddiaçı doğumu haqqında 13 oktyabr 2010-cu ildə Abşeron rayon qeydiyyat şöbəsində tərtib olunmuş 08B saylı akt qeydində onun soyadının “-ova” sonluğu Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 02 fevral tarixli 495 nömrəli qərarına əsasən “-lı” sonluğu ifadə forması ilə əvəz edilərək dövlət dilinə uyğunlaşdırılmışdır. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 may 2006-cı il tarixli, 07 saylı qərarının və əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon qeydiyyyat şöbəsi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının atası X1, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinanın dəlilləri kimi göstərilmiş torpaqların alqı-satqısına dair aktın sonradan tərtib edilməsi, DTXK-nin Abşeron rayon şöbəsinin və memarlıq və şəhərsalma şöbəsinin rəyinin olmaması, torpaq sahəsinin yerquruluşu planından çıxarışın DTXK-nin Abşeron rayon şöbəsinin və memarlıq və şəhərsalma şöbəsinin möhürü ilə təsdiqlənməməsi iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Cavabdehin təqdim edilmiş sənədlərdə hüquq sahibinin soyadı və ata adına münasibətdə uyğunsuzluq olduğu dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli arayışa əsasən xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuş İddiaçı doğumu haqqında 13 oktyabr 2010-cu ildə Abşeron rayon qeydiyyat şöbəsində tərtib olunmuş 08B saylı akt qeydində onun soyadının “-ova” sonluğu Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 02 fevral tarixli 495 nömrəli qərarına əsasən “-lı” sonluğu ifadə forması ilə əvəz edilərək dövlət dilinə uyğunlaşdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 may 2006-cı il tarixli, 07 saylı qərarı ilə ayrılmış 0,03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 may 2006-cı il tarixli, 07 saylı qərarı ilə ayrılmış 0,03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar