Məhkəmə qərarları › İş №2-1(118)-1512/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1512/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1512/2021 04.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi Dadaşzadə Rauf Qərib oğlunun, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, istifadəsində olan torpaq sahəsi üzərində inşa etdirdiyi 1194,4 kv.m ölçüdə qeyri-yaşayış binası üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, istifadəsində olan torpaq sahəsi üzərində inşa etdirdiyi 1194,4 kv.m ölçüdə qeyri-yaşayış binası üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 14.08.2013-cü il tarixli 169 saylı sərəncamı ilə ona Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən mövcud obyekt və ona bitişik əlavə 600 kv.m torpaq sahəsində əhaliyə xidmət obyektinin tikintisinin layihələndirilməsinə və 960 kv.m sahədə abadlaşdırma işlərinin aparılmasına icazə verilmişdir. Göstərilən torpaq sahəsində səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmış eskiz layihəsi əsasında 1194,4 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası inşa etdirmişdir. Həmin qeyri-yaşayış binası mövcud tikinti normalarına və qaydalarına uyğun inşa edildiyindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən 15.02.2017-ci il tarixli ö/001107 saylı istismara hazırlıq aktı verilmişdir. Bundan sonra qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun inşa etdirdiyi qeyri-yaşayış binasına dair Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 05.03.2018-ci il tarixli 8 saylı tikinti obyektinin istismarına icazə sənədi də verilmişdir. Yuxarıda qeyd etdiyi qeyri-yaşayış binası iddiaçının öz vəsaiti hesabına inşa etdirilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, onun seçilməsi və ayrılması bütün kommunal, yanğından mühafizə, sanitariya-epidemioloji və digər dövlət xidmətləri ilə razılaşdırılaraq müvafiq inşaat pasportu da tərtib edilmişdir. Lakin bu qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh inzibati orqan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmiş və ona verilən 25.06.2021-ci il tarixli **********42 saylı bildirişdə imtinanın səbəbi kimi tərəfindən inşa etdirilmiş qeyri-yaşayış binasına dair verilmiş tikinti obyektinin istismarına icazə sənədində tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd olunmadığını göstərmişdir. Halbuki yuxarıda qeyd etdiyi Sumqayıt şəhər icra hakimiyyəti başçısının 14.08.2013-cü il tarixli 169 saylı sərəncamında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən mövcud obyekt və ona bitişik əlavə 600 kv.m torpaq sahəsində əhaliyə xidmət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Yəni tikinti obyektinin bir hissəsi sərəncamın verildiyi tarixə artıq mövcud idi. Belə ki, tikililərin dövlət reyestri yaradılana qədər mövcud olmuş tikinti obyektinə kod verilə də bilməzdi. Digər tərəfdən, bunun qeydiyyat orqanına aidiyyatı yoxdur. Cavabdeh inzibati orqan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə sənədi vermiş səlahiyyətli dövlət orqanına sorğu verə bilərdi. Lakin nədənsə bunu etməyərək, hüquqlarının dövlət qeydiyyata alınmasından əsassız imtina edilməsinə üstünlük verdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına İcazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Dadaşzadə Rauf Qərib oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Dadaşzadə Rauf Qərib oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə 23 iyun 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciətilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Dadaşzadə Rauf Qərib oğluna bildirilmişdir ki, sözügedən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd ərizəyə əlavə olunmadığından, həmçinin tikinti obyektinin istismarına icazə sənədində tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd olunmadığından müraciətin icrası mümkün olmamışdır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən sonra) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə ərizəyə əlavə edilməlidir. Həmin Qanunun 11ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxanda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə onun etibarnamə üzrə nümayəndəsi Dadaşzadə Rauf Qərib oğluna 25 iyun 2021-ci il tarixli **********42 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -“Mövcud obyekt və ona bitişik sahədə əhaliyə xidmət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 169 saylı, 14 avqust 2013-cü il tarixli sərəncamında Bakı şəhəri, C.Səlimov küçəsi, ev 7, mənzil 89-da yaşayan İddiaçı 17-ci mikrorayon ərazisində yerləşən mövcud obyekt və ona bitişik əlavə 600 kv.m torpaq sahəsində əhaliyə xidmət obyektinin tikintisinin layihələndirilməsinə və 960 kv.m sahədə abadlaşdırma işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. -Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş 61 saylı, 13.09.2013-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 169 saylı, 14 avqust 2013-cü il tarixli sərəncamına əsasən 600 kv.m torpaq sahəsi intrumental təriqilə ölçüb ayırmaqla, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyulmaqla İddiaçı təhvil verilmiş və Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən mövcud obyekt və ona bitişik əlavə torpaq sahəsində əhaliyə xidmət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmiş 600 və abadlaşdırma işlərinin aparılmasına icazə verilmiş 960 kv.m torpaq sahəsi İddiaçı tərəfindən cizgidə olduğu kimi yerində qəbul edilmişdir. -Azərbaycan Respublikası "xxxx" ASC “Sumqayıt REŞ” MMC-nin 14 avqust 2013cü il tarixli məktubundan görünür ki, İddiaçı 17-ci mikrorayon ərazisində sahibkarlıq məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsindən Sumqayıt Elektrik Şəbəkəsinə məxsus 35-10-6-0,4 kv.luq kabel və hava xətti keçmir və obyekt mühafizə zolağına düşmür. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 20 sentyabr 2013-cü il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində sahibkarlıq obyektinin layihələndirilməsi üçün ayrılması nəzərdə tutulan 100 kv.m torpaq sahəsinin qüvvədə olan Qanunvericilik və Normativ aktların, o cümlədən,Ə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AZDT-nin, 2.08.02-89 “İctimai bina və qurğular” TN və Q-nın, 2.04.02-84 “Su təchizatı. Xarici xəttlər və qurğular” TN və Q-nın 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” DTN-nın, “X1 Qaydası”nın, “Tikinti quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları”nın (YTQ 05-86) tələblərinə və.s ayrılmış torpaq sahəsindən artıq sahə mənimsənilməməsi və öz təyinatına görə istifadə olunması, mövcud bina və qurğularla yanğına qarşı ara məsafələrin gözlənilməsi şərti ilə razılaşdırılmışdır. -Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 31.07.2013-cü il tarixli A- 03/113 saylı Tikinti üçün torpaq sahəsinin ayrılması barədə rəyindən görünür ki, obyektin tikintisinin ətraf mühitə, əhalinin gigiyenik şəraitinə mənfi təsirinin olmadığı müəyyən edilmişdir. -"xxxx" ASC “Sumqayıt İSİS”nin 177 saylı 05.08.2013-cü il tarixli məktubundan görünür ki, İddiaçı 17-ci mikrorayon ərazisində sahibkarlıq məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə tərəflərindən baxış keçirilmiş və istilik xətlərindən kənarda tikililməsi şərti ilə razılaşdırılmışdır. -Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində İddiaçı məxsus sahibkarlıq obyektinin eskiz layihəsindən görünür ki, 11.04.2012-ci il tarixli, 022708 saylı lisenziya əsasında fəaliyyət göstərən “Əcəmi MN” tərəfindən tərtib edilmiş eskiz layihə Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. -İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş və təsdiq edilmiş 08 saylı, 05.03.2018-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”dən görünür ki, Sumqayıt şəhəri, Niyazi küçəsində, 17-ci mikrorayon ərazisində yükdaşıyan konstruksiyaların dayanıqlığı möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlğı baxımından aparılmış müayinəyə əsasən təyinatı üzrə istifadəsinin mümkünlüyü nəzərə alınaraq 05.03.2018-ci il tarixdən tikinti obyektinin N8 istismarına icazə verilmişdir. -Cavabdeh iddiaçının nümayəndəsi Dadaşzadə Rauf Qərib oğluna ünvanladığı 25 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, qərarın təsviri hissəsində də qeyd edildiyi kimi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 169 saylı, 14 avqust 2013-cü il tarixli sərəncamı ilə İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən mövcud obyekt və ona bitişik əlavə 600 kv.m torpaq sahəsində əhaliyə xidmət obyektinin tikintisinin layihələndirilməsinə və 960 kv.m sahədə abadlaşdırma işlərinin aparılmasına icazə verilmişdir. Həmin obyektin eskiz layihəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi ilə razılaşdırılmışdır. Tikilinin aparılması üçün müvafiq orqanların- Azərbaycan Respublikası "xxxx" ASC “Sumqayıt REŞ” MMC-nin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin, Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, "xxxx" ASC “Sumqayıt İSİS”nin rəyləri alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 08 saylı, 05.03.2018-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” aktı ilə Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon ərazisində yerləşən mövcud obyektin istismarına icazə verilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən məhkəməyə həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin olmasına dair hər hansı sübut təqdim olunmamışdır. Göründüyü kimi İddiaçı tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən mövcud obyekt və ona bitişik əlavə 600 kv.m torpaq sahəsində əhaliyə xidmət obyektinin tikintisinin layihələndirilməsinə və 960 kv.m sahədə abadlaşdırma işlərinin aparılmasına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, tikinti başa çatdıqdan sonra isə istismara qəbul edilmişdir. Lakin cavabdeh inzibati orqan sözügedən obyektə dair müvafiq sənədlərin olmasına baxmayaraq, iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan başqa məhkəmə cavabdehin tikinti obyektinin istismarına icazə sənədində tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd olunmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, kodun nömrəsinin istismar aktında qeyd olunmaması tikili üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas təşkil etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X5 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunanların əyani təsdiqi üçün X4rşı 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi». Həmin işdə Avropa İnsan Hüquqları Məhkəməsi «Mülkiyyətin mövcud olubolmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözü gedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Göründüyü kimi Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında özbaşına tikilinin dövlət orqanları tərəfindən tikinti aparılarkən qarşısının alınmaması və uzun müddət həmin tikilinin mövcudluğuna susması, tikilinin sökülməsi ilə bağlı hər hansı tədbir görməməsi, tikiliyə tikinti aparmış şəxsin hüququnun mülkiyyət hüququna bərabər kimi qiymətləndirmişdir. Hazırki iş üzrə inşa edilən tikili nəinki özbaşına tikili deyildir, eyni zamanda aidiyyatı qurumlar tərəfindən tikiliyə icazə verilmiş, tikilinin layihəsi müvafiq orqanla razılaşdırılmışdır və tikili istismara qəbul edilmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisənin olduğu müəyyən edilməmişdir. Belə olan halda, inşa edilən tikililərin dövlət reyestrində mülkiyyət kimi qeydə alınması qanunsuz hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 1194,4 kv.m ölçüdə qeyri-yaşayış binası üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 1194,4 kv.m ölçüdə qeyriyaşayış binası üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar