Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1512/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “ona təyin edilmiş yaşa görə əmək pensiyasının 2021-ci ilin aprel ayından bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə pensiya ilə bağlı müraciətinə əsasən xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, sonradan 2021-ci ilin aprel ayından, onun pensiya işindəki şəxsiyyət vəsiqənin verilmə tarixi xx.xx.2017-ci il olduğunu əsas getirərək ona verilən əmək pensiyası əsassız olaraq dayandırılmışdır. İddiaçı bununla bağlı cavabdehə, eləcə də əlaqədar orqanlara ərizə ilə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Qeyd etdi ki, o, xx xxxx 1954-cü il tarixdə, Azərbaycan Respublikası, Xaçmaz şəhərində anadan olmuş, 1979-cu ildən 1994-cü ilə kimi Xaçmaz MRX-nın Vərəm Dispanserində 15 il sanitar işləmiş, onunla birlikdə işləyən iş yoldaşları, güzəştli şərtlələ 45 yaşında pensiyaya çıxmış və o X1 işlədiyinə görə onun yaşa görə əmək pensiyası xx.xx.2014-cü ildən deyil, xx.xx.2017-ci il tarixdən təyin edilməli idi. Belə ki, 01 iyul 2017-ci il tarixindən Xaçmaz şəhəri sakinidir, xəstəliyi ilə bağlı, böyrək köçürülmə əməliyyatı ilə əlaqədar İsrail dövlətinə getmiş və orada yaşayan qızının, qohumlarının köməyi ilə, Flippinin Manila şəhərində əməliyyat keçirilib bir böyrəyi dəyişdirilib. Böyrək əməliyyatı ilə bağlı, Xaçmaz şəhərində, doğulduğu və yaşadığı evi satmış, hal-hazırda qeydiyyatda olduğu, Xaçmaz şəhəri, M.F.Axundov küç. ev 72 isə qohum evidir. Quba şəhəri, Qırmızı Qəsəbə, S.Vurğun küçəsi 57 saylı evdə onun qızı yaşayır. Səhhətində problemlər olduğundan və həkimi İsrail dövlətində olduğu üçün əvvəllər altı aydan bir həkimin yanına gedib-gəlmişdir. Bir ildən çoxdur ki, Pandemiya ilə bağlı sərhədlər bağlandığına görə o İsrail dövlətində qalmış və qızının evindədir. Pandemiya ilə bağlı Respublikaya qayıda bilmir, Təqaüdünü, Quba şəhərində, yuxarıda qeyd olunan ünvanda yaşayan qızı Hana alıb ona göndərmiş, 1 (bir) ilə yaxındır təqaüdünün verilməsini dayandırıblar, səbəbini də əvvəllər guya onun Azərbaycan Respublikasının vətəndaşı olmağına şübhə ilə yanaşmaları idi. Pensiya İdarəsindən ona demişlər ki, DİN-nin Baş Pasport və Qeydiyyat İdarəsinə sorğu göndərilib ancaq cavab gəlməyib. Əmək Pensiyaları haqqında Qanuna əsasən “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında 19-cu hissənin a/ bəndində göstərilir: “vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində işləyən - opta tibb heyəti və - kiçik tibb heyətinin güzəştli şərtlərlə təqaüdə çıxmaq hüquqları vardır. Qadınlarda ən azı 10 il, kişilərdə isə 12,5 il iş stajı olduqda. Onun isə 15 il iş stajı olub, eləcə də onun 3 (üç) uşaqları da olub. Bütün bunlar onun güzəştli şərtlərlə pensiyaya çıxmağına kömək etmirmi? Ona, xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdi. Halbuki ona güzəştli şərtlərlə 2005-ci ildən pensiya təyin edilməli idi. Ona 2017-ci ilin qanunda edilən dəyişikliklər şamil olunmamalıdır. Onun, işdən çıxmağına səbəb də səhhətində yaranan problemlər olub, böyrəyi ilə bağlı əməliyyata getməyi olub. Onu da qeyd etdi ki, 2017-ci ilə kimi onda keçmiş sovet pasportu olub və 2017-ci ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış, desab edir ki, cavabdehin onun əmək pensiyasının əsassız olaraq dayandırması qanuna ziddir və cavabdehin üzərinə ona pensiyanın bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmişdir. İddiaçı isə ona pensiyanın təyin edilməsi üçün inzibati orqana 2017-ci ildə müraciət etmişdir. İnzibati orqan tərəfindən iddiaçıya 14 il 5 ay sığorta stajı olmaqla xx.xx.2014-cü il tarixdən hesablanıb təyin edilib. Əslində təyinat iddiaçının vəsiqəsinin verilməsi tarixindən hesablanmalı idi. Həmin tarixdən isə tələb olunan sığorta stajı və ya pensiya kapitalı olmadığından haqlı olaraq iddiaçının pensiyası ləğv edilmişdir. Bundan əlavə iddiaçının əmək kitabçasının əsli mövcud deyildir. Təqdim edilən isə əmək kitabçasına əlavədir. Göründüyü kimi iddianın təmin edilməsi üçün istər faktiki, istərsə də hüquqi əsaslar mövcud deyildir. Bu səbəbdən də iddiaçının tələbi təmin olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubu, DSMF-nin etiraz ərizəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 08/A-2545-QV nömrəli, xx.xx.2022-ci il tarixli məktub, iddiaçının pensiya işinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığı və sosial sığorta stajı olmadığından tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmamış, ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, cavabdeh tərəfindən 2021-ci ilin aprel ayından iddiaçının pensiya işindəki şəxsiyyət vəsiqənin verilmə tarixi xx.xx.2017ci il olduğunu əsas getirərək ona verilən yaşa görə əmək pensiyası dayandırılmışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçının pensiya işindən də müəyyən olunur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən də görünür ki, faktiki olaraq onun əmək kitabçası mövcuddur. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən qazanılmış hüquq qanunsuz olaraq cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, cavabdehin gətirdiyi əsas arqument onun Azərbaycan Respublikasının vətəndaşlığının olmamasıdır. Halbuki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 08/A-2545-QV nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və onun vətəndaşlığdan çıxarılması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən gətirilən bütün arqumentlər əsassız olduğundan, iddiaçının yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək onun sosial təminat hüququ təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyasının dayandırıldığı 2021-ci ilin aprel ayından bərpa edilərək ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1512/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1512/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver