Məhkəmə qərarları › İş №2-1(118)-1513/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1513/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1513/2021 10.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 2 saylı regional ərazi filialına qarşı cavabdehin imtinasını əsassız hesab etməklə, cavabdehin üzərinə ona əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 2 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq cavabdehin imtinasını əsassız hesab etməklə, cavabdehin üzərinə ona əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialından ünvanına daxil olmuş 07 iyun 2021-ci il tarixli **********3 nömrəli cavab məktubunda bildirilmişdir ki, müraciətinə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1 -dək hər il 6 ay artırılmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyasına hüququ vardır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci maddəsinə əsasən sığorta olunanların qazanılmış əmək pensiya hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi üçün təqdim etdiyi arxiv arayışlarında qeyd edilmiş 01.06.1970-31,08.1970, 01.04.1971-30.04.1972, 01.05.1975-31.07.1975, 01.12.1975-31.12.1976-cı illərə kimi olan dövrlər əmək kitabçasında qeyd edilmədiyinə görə sığorta stajına daxil etmək mümkün olmamışdır. Odur ki, tələb olunan 25 il sığorta stajı olmadığına görə onun müraciəti təmin edilməmişdir. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehin imtinası əsassız hesab edilməli və cavadehin üzərinə müvafiq təqaüdlərin hesablanaraq ödənilməsi öhdəliyi qoyulmalıdır. xx.xx.1953-cü ildə Xaçmaz rayonunun Padar kəndində anadan olmuşdur. Natamam orta təhsildən sonra bir neçə il Xaçmaz rayonunun keçmiş İ nömrəli Meyvəçilik Sovxozunda işləmiş, 23 may 1972-ci ildən 25 may 1974- cü ilədək keçmiş X7 həqiqi hərbi xidmətdə olmuşdur. 02 sentyabr 1974 - 04 senyabr 1975-ci illərdə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin Quba 103 nömrəli Texniki Peşə Məktəbinin traktorçu-maşınçı ixtisası üzrə bitirmişdir. Hərbi xidmətdən sonra da Xaçmaz rayonunun keçmiş 1 nömrəli Meyvəçilik Sovxozunda fəhlə işləmiş və müxtəlif işlərdə 1999-cu ilədək işləmişdir. Pensiya təyin olunması üçün müraciətinə verilmiş cavab məktubunda 01.06.1970-31.08.1970, 01.04.1971-30.04.1972, 01.05.1975-31.07.1975, 01.12.1975-31.12.1976-cı illərə kimi olan dövrləri əmək kitabçasında qeyd edilmədiyinə görə sığorta stajının 25 il olmaması adı ilə imtina verilmişdir. Halbuki qeyd olunan arxiv arayışları ilə onun həqiqətən də həmin illərdə Xaçmaz rayonunun keçmiş 1 nömrəli Meyvəçilik Sovxozunda işləməsi təsdiqini tapır. Həmin illərdə onun 18 yaşı tamam olmadığına görə adına əmək kitabçası açılmamışdır. Qeyd olunan illərdə işləməsi habelə, 02 sentyabr 1974 - 04 senyabr 1975-ci illərdə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə təhsili Komitəsinin Quba 103 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı müddət sığorta stajına hesablanmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının əvvəllər qüvvədə olmuş Qanununun 67ci maddəsinin “ğ” bəndində əsasən ali, orla ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti stajına daxil edilir. Məlum olduğu kimi arxiv arayışları hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün sənədlərdəndir. Qeyd olunan arxiv arayışlarında və peşə təhsili barədə attestatda göstərilən müddətdə hesablandıqda tələb olunan sığorta stajı tamamlanır. Lakin cavabdeh əsassız olaraq həmin sənədləri qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı 1970-1974-cü və 1984-1987-ci illərdə “Azərbaycan Kommunist Partiyasının 60 illiyi kolxozu”nda işlədiyini iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün Fondun 2 saylı regional ərazi filialına müraciət etmiş, lakin iddiaçının işlədiyini iddia etdiyi 01.06.1970-31.08.1970, 01.04.1971- 30.04.1972, 01.05.1975-31.07.1975, 01.12.1975-31.12.1976-cı illər əmək kitabçasında qeyd edilmədiyi üçün Fondun 2 saylı regional ərazi filialı tərəfindən ona əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir. İddiaçı pensiya yaşına 02.07.2016-cı il tarixdə çatsa da, 10.07.2012-ci il tarixdən 30.04.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Fondun 2 saylı regional ərazi filialı tərəfindən verilən imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İş üzrə icraat materiallarından da göründüyü kimi İddiaçı adına tərtib olunmuş əmək kitabçasında iddia edilən illər qeyd olunmamışdır. Lakin, istinad olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən də göründüyü kimi arxiv arayışı sığorta stajını təsdiq edən sənəd hesab oluna bilməz. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Xaçmaz rayonu Padar kəndində anadan olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin 26 may 2021-ci il tarixli, 593 saylı arxiv çıxarışından görünür ki, İddiaçı 02 aprel 1971-ci ildən 29.04.1972-ci ilədək, 04.05.1975-ci ildən (işdən çıxma əmri göstərilməyib) Xaçmaz rayonu 1 nömrəli Meyvəçilik sovxozunda işləmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin 26 may 2021-ci il tarixli, 592 saylı çıxarışından görünür ki, İddiaçı 1970-ci ilin iyul, avqust ayları, 1971-ci ilin aprel ayından növbəti ilədək, 1972-ci ilin yanvar, fevral, mart, aprel ayları, 1975-ci ilin may, iyun, iyul, dekabr, 1976-cı ilin fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə əmək haqqı almışdır. - İddiaçıya məxsus Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 1691 saylı attestatından görünür ki, İddiaçı 02 sentyabr 1974-cü ildən 04 sentyabr 1975-ci ilə qədər 103 nömrəli Quba Texniki peşə məktəbində təhsil almışdır. - İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 23 may 1972-ci ildən 25 iyun 1974-cü ilədək keçmiş X7 həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən dan görünür ki, o, 03.12.1975-ci ildən 07.09.1977-ci ilədək, 08.09.1977-ci ildən 29.12.1979-cu ilədək, 02.01.1980-ci ildən 27.02.1981-ci ilədək, 15.03.1981-ci ildən 30.06.1981-ci ilədək, 19.07.1981-ci ildən 07.09.1981-ci ilədək, 07.09.1981-ci ildən 01.12.1981-ci ilədək, 01.10.1981-ci ildən 01.01.1999-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin cavabdeh inzibati orqana ünvanladığı 21.06.2021-ci il tarixli məktubunda İddiaçı əmək kitabçasındakı işə qəbul tarixi ilə əmrlər kitabındakı işə qəbul tarixinin üst-üstə düşdüyü, yəni işçinin 01 oktyabr 1981-ci ildən “Azərkəndsutəsərrüfatıtikinti” istehsalat birliyinə (MSKİ)- 5-ci dərəcə ilə çilingər peşəsinə işə qəbul olunduğu, əmək kitabçasında işdən çıxma tarixi 01.01.1999-cu il qeyd edilsə də kadr əmrlərində işdən çıxma haqqında heç bir qeyd tapılmadığı və işçi haqqında ən son məlumatın 01.06.1998-ci ildə 1995-1997-ci il dövrləri üçün 60 təqvim günü əmək məzuniyyətinə çıxması haqqında əmrin olduğu, İddiaçı işə girmə və işdən çıxma əmrlərinə əsasən, əmək haqqı hesablama cədvəlləri 1 nömrəli Regional Sukanal İdarəsinə təhvil verilmədiyindən əmək haqqı barədə arayışın verilməsinin mümkün olmaması bildirilmişdir. - İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 07 iyun 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş X5 əmək haqqı cədvəllərindən görünür ki, həmin cədvəllərdə iddiaçının 1981-ci il tarixdən 1997-ci il tarixədək aldığı əmək haqqlarının aylar üzrə məbləğləri qeyd olunmuşdur. ƏSASLANDİRMAHİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edir. Eyni zamanda iddiaçının Xaçmaz rayonu 1 nömrəli Meyvəçilik sovxozunda işlədiyi dövrləri əmək kitabçasında qeyd olunmaması səbəbindən sosial sığorta stajı kimi nəzərə almır. İddiaçının əmək kitabçasında qeyd olunan dövrlərlə bağlı hər hansı bir mübahisə yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Həmçinin yuxarıda qeyd edilən arxiv arayışında iddiaçının işlədiyi dövrlərdə əmək haqqı aldığı qeyd edilmişdir ki, buda iddiaçının həmin dövrlər də ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Cavabdehlə iddiaçı arasında ona məxsus əmək kitabçasında qeyd olunan iş stajı ilə bağlı hər hansı bir mübahisə mövcud deyildir. Beləliklə qeyd olunan iddiaçıya məxsus əmək kitabçasındakı iş stajı ilə yanaşı, onun arxiv arayışlarında qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar