Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1518/2023 21.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Prezidentinə və Quba Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10962/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, cavabdeh qismində Quba Rayon İcra Hakimiyyəti tanınmış və inzibati iş aidiyyəti üzrə Sumqayıt inzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7, 14, 24, 26, 35, 38, 57, 71-ci maddələrinə əsasən Azərbaycan Respublikası hüquqi dövlətdir, təbii sərvətlərdən xalqın rihafı üçün istifadə olunmalıdır, hər kəsin doğulduğu andan pozulmaz və ayrılmaz hüquq və azadlıqları, əmək, sosial təminat, müraciət etmək hüququ vardır, hüquqların müdafiəsinə dövlət təminat verir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, qanun qarşısında hamı bərabərdir, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxs toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, mənzil, şərəf və ləyaqətinin qorunması, seçki, müraciət hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, heç kəs qanunsuz təqib edilə bilməz, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödnilməsini tələb etmək hüququ vardır, konstitusiyada təsbit edilmiş insan hüquq və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, lakin bunların heç birinə əməl olunmur. Belə ki, onların müraciətlərinə AR prezident administrasiyası, Müdafiə nazirliyi, ƏƏSMN-yi, Quba rayon icra hakimiyyəti konstitusiyanın maddələrənə məhəl qoymur, onları pozur, onlara qarşı ərizə ilə məhkəməyə müracət etmiş, onların hərəkətlərinə qanuni qiymət verilmir, onların nəticəsində əmələ gəlmiş qanunsuzluqlar qəbul edilmiş qərarların ləğv etməyinin onların üzərinə qoyulmalı, qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini barədə qərar qəbul olunmalıdır. Hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinə etiraz edən cavabdeh Quba Rayon İcra Hakimiyyəti bildirmişdir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutlar mövcud olmalıdır. İddiaçı Quba Rayon İcra Hakimiyyəti tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyi bildirsə də belə bir pozuntunun baş verməsi öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbini mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı tərəfindən təqdim edilən şikayətlərin surəti, poçt xəbərnamələri, Quba Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən etiraz ərizəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi cavabdehdən maddi və mənəvi ziyana görə 4.242.000 manat məbləğində pulun onun xeyrinə tutulması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazırkı iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi və mənəvi tələb ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, iddiaçıya Quba Rayon İcra Hakimiyyəti tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamış, cavabdeh təşkilatların hərəkət və hərəkətsizliyinin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya vurulmuş ziyandan irəli gəlməlidir. Başqa sözlə desək, inzibati orqandan kompensasiya tələbi o halda tələb edilə bilər ki, inzibati orqanının şəxsə əmlak ilə bağlı vurduğu maddi ziyan mövcud olmuş olsun. Mənəvi sarsıntının həyata keçirilməsi hər hansı bir dəlil məhkəməyə təqdim edilmədiyinə görə bu hissədədə iddia tələbi təmin edilə bilməz. Belə olan cavabdeh inzibati orqanın üzərinə hər hansı bir öhdəliyin qoyulması və ya kompensasiyanın tutulması qəbuledilməzdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1518/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1518/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver