Məhkəmə qərarları › İş №2-1(118)-1518/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1518/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1518/2025 08.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X10 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X4 birinci dərəcəli vərəsələrinə icbari sığorta ödənişinin ödənilməsi üçün adının siyahıya salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 iddiaçının atasıdır.Atası B.P.Niftiyev xx.xx.1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Buna Qubadlı rayon Qediyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ N 168020 saylı “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. X8 2 oğlu və 5 qızı var, bütün övladları sağdır. Bildirir ki, mərhum atası X5 birinci dərəcəli vərəsəsi kimi icbari sığorta ödənişi almamışdır, anası X6 xx.xx.2015-ci ildə vəfat edib. İddiaçı X4 birinci dərəcəli vərəsələrinə icbari sığorta ödənişinin ödənilməsinə köməklik göstərilməsi xahişi ilə AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət etmiş, Nazir müavininin imzası ilə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmək tövsiyyə olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2024-cü il tarixli məktubu ilə siyahıda adının olmadığı bildirilmişdir. 19 aprel 2024-cü ildə müraciət X4 birinci dərəcəli vərəsələrinə icbari sığorta ödənişinin ödənilməsi üçün adının siyahıya salınması xahişi ilə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sifarişli məktubla 19 aprel 2024-cü ildə müraciət etmişdir. AR Prezidentinin xx.xx.2018-ci il tarixli 1 saylı Fərmanının 5-cı bəndinə görə xx.xx.1997-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarda əlaqədar xəbərsiz itkin düşmüş və ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müvafiq dövlət orqanları ilə birgə müəyyən edilərək, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. Müraciətinə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli cavab verməmişdir. Həmin məktubda cavabdeh tərəfindən verilən siyahıya X4 adının aşkar edilmədiyi bildirilmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki,......Xidmətin Qubadlı rayon bölməsinin uçot sənədlərində B.P.Niftiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə, toplantıya və ya səfərbərlik üzrə çağırılmasına, hərbi xidmət keçməsinə, habelə hərbi qulluqçu (hərbi toplanışa çağırılmış hərbi vəzifəli) kimi həlak olmasına dair məlumat yoxdur. Həmçinin Müdafiə Nazirliyindən Xidmətin Aparatına göndərilmiş 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş əsgər (matros) və çavuşların Siyahısında mərhum B.P.Niftiyevin adı keçmir. B.P.Niftiyevin döyüşlərdə məhz hərbi qulluqçu kimi iştirak edib həlak olması faktını təsdiq edən sübutlar olmadığından, həmçinin təqdim edilən sübutların isə bu halın mövcudluğuna dəlalət etmədiyindən mərhum B.P.Niftiyevin adının müvafiq siyahıya əlavə edilməsi mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndində göstərilən məlumatlar əks edilir. Sözügedən Fərmanın müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-43-90/2-X-4xx/xx/2024 nömrəli imtina məktubunun surəti, cavabdehin etirazı, ölüm haqqında şəhadətnamənin surəti, doğum haqqında şəhadətnamənin surəti, Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu, SHXÇDX Qubadlı rayon bölməsinin xx.xx.2024-cü il tarixli məktubu, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2326/2023 nömrəli qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iddiaçının hüquqi marağı onun atası X4 1992-ci il tarixdə hərbi əməliyyatlarında vəfat etdiyi üçün birdəfəlik sığorta ödənişinin verilməsinə dair cavabdeh tərəfindən müvafiq arayışın verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının atası X4 ölüm haqqında şəhadətnaməsində qeyd edilənlərə əsasən 1992-ci ildə döyüş vaxtı döş qəfəsindən keçən güllə yarası nəticəsində vəfat etmişdir. İddiaçı atası X4 hərbi vəzifələrini icra etdiyi dövrdə aldığı xəsarətin nəticəsi olaraq öldüyünü əsas gətirərək, ona müvafiq arayışın verilməsini cavabdehdən tələb edir. Lakin cavabdeh inzibati orqan onun müraciəti müsbət həll etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci və 1.2.6-cı yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarma əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına əsasən, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzilməişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır.Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.Həmin Fərmanın 5-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili işlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməli və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. İş materiallarından müəyyən olunur ki, X7 hərbi qulluqçu olmamış, onun hərbi xidmət keçməsinə dair və ya döyüş əməliyyatlarında iştirakına dair hər hansı sübut təqdim edilməmişdir.X7 barəsində cavabdeh tərəfindən müvafiq arayışın verilməsi mümkün deyildir. Ona görə də cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X4 birinci dərəcəli vərəsələrinə icbari sığorta ödənişinin ödənilməsi üçün adının siyahıya salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar