Məhkəmə qərarları › İş №2-1(118)-1519/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1519/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1519/2024 03.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “üzərində qəyyum təyin edildiyi xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X1 onun soyadıyla, Musayev soyadı ilə dəyişdirilməsi və ona doğum haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı üzərində qəyyum təyin edildiyi xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X1 onun soyadıyla, Musayev soyadı ilə dəyişdirilməsi və ona doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2023cü il tarixli, 3-16-5/8-15-404/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən vətəndaşın adının dəyişdirilməsi 18 yaşma çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 saylı qərarının 6.1 bəndinə uygun olaraq Azərbaycan Respublikası vətəndaşının öz adını,ata adını və soyadını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.Həmən qərarın 6.2 məndinə əsasən Adın,ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. İddiaçının nəvəsi 18 yaşı tamam olmadığından qanunvericiliyin tələbləblərinə uyğun olaraq xx.xx.2016-cı ildə Xaçmaz rayon Xudat şəhərində doğulmuş X1 dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz rayonu Yalama kəndində yaşayır. xx.xx.2016-cı il təvəllüdlü X9 nəvəsidir. Onun atası ilə anası boşanmışlar, atası Rusiya Federasiyasında yaşayır, anası isə 3 ildən çoxdur ki, uşağı onun üstünə atıb evdən çıxıb gedmişdir. Uşağın təlim tərbiyəsi ilə maraqlanmır. Buna görə də uşağın qəyyumluğa götürmək üçün Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 102 saylı sərəncamı ilə X3 üzərində qəyyum təyin olunmuşdur. Bununla bağlı Renatın soyadının, soyadı Musayev soyadı ilə dəyişdirilməsi üçün, Cavabdehnə müraciət etmişdir. X11 xx.xx.2023-cü il tarixində soyadın dəyişdirilməsindən imtina edilməsi və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunması ilə bağlı rəsmi məktub göndərmişdir. X14 ana və ata qayğısından və tərbiyyəsindən uzaq olmasını nəzərə alaraq, onun tərbiyəsi ilə məşğul olmağı üçün, soyadının soyadına dəyişdirilməsini arzu edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-192 maddələrində göstərilmişdir: Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası 190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 190.2. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -cil tarixli 79 saylı qərarının 6-cı maddəsində göstərilmişdir ki: Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər- arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. Beləliklə də göstərilənlərə əsasən nəvəsi Azizov Renatın tərbiyyəsi ilə məşğuldur, ata və ana himayəsindən uzaqdır, onun üzərində qanuni qəyyumluq onun tərəfindən həyata keçirilir və onun soyadının soyadına dəyişdirilməsi məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında idia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, iddiaçı nəvəsinin soyadının onun soyadına dəyişdirilməsini istəyir. Cavabdeh isə imtinanın əsası kimi iddiaçının nəvəsinin 18 yaşının tamam olmamasına istinad edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. İş materiallarından görünür ki, X3 atası X7, anası X8r. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 102 saylı Sərəncamı ilə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X3 üzərində qəyyum təyin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Yalama İƏDnin Yalama kəndində anadan olmuş 05 iyul 1977-ci il təvəllüdlü X4 xx.xx.2019-ci il tarixdən Yalama İƏD- si nümayəndəliyinin ərazisində yaşamır, atasının dediyinə görə hal-hazırda Rusiyada yaşayır. X2 anası X5 məhkəmə təqdim edilmiş izahatında bildirmişdir ki, o, oğlunun soyadının dəyişdirilməsinə etiraz etmir. Qanunvericilik uşağın soyadının bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyini müəyyən edir. Lakin hazırda işin hallarından grünür ki, iddiaçının nəvəsi iddiaçının himayəsindədir. Atası Rusiyada yaşayır, anası isə uşağın soyadının dəyişdilrməsinə etiraz etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, X1 dəyişdirilməsi onun mənafeyinə uyğundur, ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı üzərində qəyyum təyin edildiyi xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X1 onun soyadıyla, Musayev soyadı ilə dəyişdirilməsi və ona doğum haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı üzərində qəyyum təyin edildiyi xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X1 onun soyadıyla, Musayev soyadı ilə dəyişdirilməsi və ona yeni doğum haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar