Məhkəmə qərarları › İş №2-1(118)-1520/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1520/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1520/2024 09.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.1965-ci il tarixli, 79 saylı Cavabdeh tərəfindən qeydə alınmış ona aid doğum haqqında akt qeydində onun adını “Leyli”dən “Leyla”ya, ata adını “Hacıquli”dən “Hacıqulu”ya dəyişiklik edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1965-ci il tarixli, 79 saylı Cavabdeh tərəfindən qeydə alınmış ona aid doğum haqqında akt qeydində onun adını “Leyli”dən “Leyla”ya, ata adını “Hacıquli”dən “Hacıqulu”ya dəyişiklik edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 yanvar 1965-ci ildə Quba şəhərində anadan olmuşdur. 1985-ci ildə nikaha daxil olmuş, 1994-cü ildə nikahı pozulmuşdur. 2016-cı ilə qədər iddiaçıda SSR-nin qırmızı pasportu var idi və orada soyadı Süleymanova, adı Leyla, ata adı Hacıqulu, doğum tarixi xx.xx.1965-ci il kimi qeyd olunmuşdur. 2016-cı ildə seçkilər ərəfəsində pasportunu yeniləmiş və ona AZE ******** nömrəli xx.xx.2016-cı il tarixli Quba RPŞ QŞV Bölməsi tərəfindən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini verilmişdir. Şəxsiyyət vəsiqəsində səhvən iddiaçının doğum tarixi xx.xx.1965-ci il əvəzinə xx.xx.1985-ci il kimi yazılmış və iddiaçı buna fikir verməyərək şəxsiyyət vəsiqəsini almışdır. Bir müddət bundan əvvəl şəxsiyyət vəsiqəsinə nəzər salarkən gördüm ki, doğum tarixi səhvən xx.xx.1985-ci il kimi yazılmışdır. Quba ASAN xidmətə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etmiş və məlum olmuşdur ki, sistemdə adı “Leyli”, ata adı “Hacıquli” yazılıb. Ona görə də, şəxsiyyət vəsiqəsi verilməsindən imtina edilmişdir. O, müvafiq süzəlişlərin aparılması ümün cavabdeh orqana müaciət edilmiş, lakin ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində iddiaçının adının “Leyla” kimi qeyd olunduğu müəyyən edilmişdir. - AZ ******* nömrəli 11 fevral 1965-ci il tarixli doğum haqqında şəhadətnamədə adı “Leyla”, ata adı “Hacıquli” kimi qeyd edilsə də, ata qrafasında X1 adı qeyd edilmişdir. -orta təhsil haqqında attestatda iddiaçının adı “Leyla”, ata adı “Hacıqulu” kimi qeyd edilmişdir. -iddiaçının valideynlərinin nikah haqqında şəhadətnaməsində və atasının, bacısının, qardaşının doğum haqqında şəhadətnamələrində X1 adı “Hacıqulu” kimi qeyd edilmişdir. -iddiaçının nikahının pozulması haqqnda şəhadətnamənin surətindən görünüür ki, onun adı “Leyla”, ata adı “Hacıqulu” kimi qeyd edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Quba qeydiyyat şöbəsindən alınmış 11 fevral 1965-ci il tarixli, 79 saylı doğum haqqqında akt qeydinin surətindən görünür ki, uşağın adı qrafasında “Leyli”, atasının adı qrafasında “Hacıquli” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli, 3-16-5/8-428/2023 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X4: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının doğum akt qeydində uşağın adı qrafasında “Leyli”, atasının adı qrafasında “Hacıquli” qeyd edilmişdir. Hazırda sənədlərin arasında yaranmış ziddiyyət iddiaçının sənədləşmə işlərində maneə yaradır. Məhkəmə qeyd edir ki, doğum akt qeydində texniki səhvə yol verilməsi aşkardır. Belə ki, iddiaçının atasının doğum haqqında şəhadətnaməsində, valideynlərinin nikah şəhadətnaməsində, bacı-qardaşının doğum haqqında şəhadətnamələrində adının “Hacıquli” deyil, “Hacıqulu” olması görünür. Bundan başqa iddiaçının bütün şəxsi sənədlərində, o cümlədən orta təhsil haqqında attestatda, nikahın pozulması haqqında şəhadətnamədə və s.sənədlərdə adının “Leyla” olması görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.1965-ci il tarixli 79 saylı Cavabdeh tərəfindən qeydə alınmış İddiaçı aid doğum haqqında akt qeydində onun adını “Leyli”dən “Leyla”ya, ata adının “Hacıquli”dən “Hacıqulu”ya dəyişiklik edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Quba rayon qeydiyyat şşöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar