Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1524/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 2 mikrorayon, ev 42/44a, mənzil 40-da yerləşən 17,6 kv.metr sahəsi olan bir otağın iddiaçının istifadəsinə verilməklə, bütün mənzilin 3 otağının onun istifadəsinə ayrılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Sumqayıt Şəhər İcra hakimiyyətinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 2 mikrorayon, ev 42\44a, mənzil 40-da yerləşən 17,6 kv.metr sahəsi olan bir otağın iddiaçının istifadəsinə verilməklə, bütün mənzilin 3 otağının onun istifadəsinə ayrılmasına dair sərəncam verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçını müraciəti təmin edilməmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS İK-nin Mənzil İdarəsinin Dəyişmə Bürosunun xx.xx.1965-ci il tarixli 10 saylı qərarı ilə verilmiş xx.xx.1965-ci il tarixli 03X2418 saylı orderə əsasən ünvan 1 ünvanda yerləşən mənzilin 2 otağı babam İddiaçı Meylanqulu oğluna verilmişdir. xx.xx.1965-ci il tarixli 03\2491 saylı orderə əsasən isə həmin mənzilin 1 otağı X2 verilmişdir. Bir neçə müddət sonra V.M.Raxmanin mənzildən çıxaraq getmiş və mənzil tam olaraq babasının istifadəsində qalmışdır və babası və ailəsi ömürlərinin axırına kimi həmin mənzildə yaşamaqla bütün 3 otaqdan istifadə etmişlər. Hazırda babası, nənəsi, atası rəhmətə getmişlər.Həmin mənzildə iddiaçı və ailə üzvləri qeydiyyatda olmaqla yaşayırlar. Mənzili özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, həmin bir otaq sənədlərdə hələ də keçmiş yaşayışçı V.Raxmaninin adına qalmışdır. Amma bu şəxs 50 ildən çoxdur ki, bu mənzildə yaşamır, mənzili tərk edib,qeydiyyatdan da çıxmışdır və hazırda harada olması barədə məlumat yoxdur. Belə olan təqdirdə həmin bir otaq da iddiaçının adına qeydə alınmalıdır. İddiaçı bu məqsədlə Sumqayıt şəhər İcra hakimiyyətinə ərizə ilə müraciət etmişdir və mənzilin tam olaraq adına verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli S-163- 070 saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İcra hakimiyyəti imtanın əsası kimi mənzilin 1 otağına verilmiş orderdə adı olan iki şəxs barədə məlumat olmadığı ( razılıq ərizələri,qeydiyyatdan çıxma səbəbi barədə) göstərmişdir. İddiaçı belə hesab edir ki, İcra hakimiyyətinin bu İmtinası və onun əsasları qanunsuzdur. Mənzilə dair “Asan Xidmət”dən alınmış qeydiyyat barədə arayışdan da görünür ki, həmin mənzildə yalnız iddiaçı və ailə üzvləri qeydiyyatdadır və digər şəxslərin orda qeydiyyatı yoxdur. Sumqayıt şəhər 6 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş 2 saylı Formaarayışdan da görünür ki, mənzildə yalnız iddiaçı və ailə üzvləri qeydiyyatdadırlar və digər otağın orderində adlan göstərilmiş şəxslərin qeydiyyatları yoxdur. Bu hallardan da görünür ki, mənzil tam olaraq yalnız iddiaçının istifadəsindədir, digər iki şəxs uzun illər bundan əvvəl qeydiyyatdan çıxaraq otağı boşaldıb getmişlər, mənzildəki otaq boşalmış və iddiaçının istifadəsindədir. Belə olan halda həmin 1 otaq da rəsmi olaraq verilməlidir. Belə ki, münasibətlər yaranarkən qüvvədə olan AR Mənzil Məcəlləsinin (2009-cu ilə qədər qüvvədə olmuş) 43-cü madəsinə əsasən, mənzildə başqa icarədarın yaşayış sahəsindən təcrid olunmayan yaşayış sahəsi boşalarsa, bu yaşayış sahəsi onun istifadəsinə verilməlidir. Bu maddi normaya əsaslanaraq hesab edir ki, həmin boşalmış sahə iddiaçının istifadəsinə verilməlidir. İddiaçı doğulan gündən həmin mənzildə yaşamaqla bu gün də həmin mənzildə yaşayır. Bu gün həmin mənzilə istifadə hüququ olan yeganə şəxs iddiaçıdır. Belə olduğu təqdirdə, Sumqayıt şəhər İcra hakimiyyəti bu mənzilin digər 1 otağını da ona verməklə, ümumilikdə 3 otağın ona ayrılması barədə sərəncam verməli olduğu halda bundan əsassız olaraq imtina etmişdir ki, bununla da onun mənzil hüququnu pozmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, yaşayış sahəsi 47,0 kvadratmetr olan 3 otaqdan ibarət ünvan 2 ünvanda yerləşən 40 saylı mənzilin 29,4 kvm. olan 2 otağı ərizəçinin babası İddiaçı Meylanqulu oğluna təqdim edilmiş, adına xx.xx.1965-ci il tarixdə 03/2418 saylı order verilmişdir. Həmin mənzilin 17,6 kvm.-dan ibarət digər otağı isə X4 adlı şəxsə xx.xx.1965-ci il tarixli, 03/2491 saylı order əsasında verilmişdir. Ərazi üzrə Mənzil-Kommunal Sahəsinin verdiyi arayışa əsasən məlum olmuşdur ki, yaşayış sahəsi 29,4 kvm.-dan ibarət 2 otaqlı mənzildə 14 nəfər qeydiyyatda olmuş, həmin mənzildə ərizəçi də, daxil olmaqla hazırda 5 nəfər (özü, bacısı və 3 övladı) qeydiyyatdadır. Yaşayış sahəsi 17,6 kvm.-dan ibarət 1 otaqlı X1 adına verilmiş orderin adlar qrafasında o, 2 nəfər (özü və qardaşı) ailə tərkibi ilə qeydiyyatdadır. X6 özü və qardaşı barədə (razılıq ərizələri, əks halda qeydiyyatdan çıxma səbəbi barədə) məlumat olmadığından İddiaçı şəhər İcra Hakimiyyətində qəbul edilərkən qaldırdığı məsələnin müsbət həllinin mümkün olmadığı ona izah edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmdən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 2 mikrorayon, ev 42\44a, mənzil 40-da yerləşən 17,6 kv.metr sahəsi olan bir otağın iddiaçının istifadəsinə verilməklə, bütün mənzilin 3 otağının onun istifadəsinə ayrılmasına dair sərəncam verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, yaşayış sahəsi 17,6 kvm.-dan ibarət 1 otaqlı X1 adına verilmiş orderin adlar qrafasında o, 2 nəfər (özü və qardaşı) ailə tərkibi ilə qeydiyyatdadır. X6 özü və qardaşı barədə (razılıq ərizələri, əks halda qeydiyyatdan çıxma səbəbi barədə) məlumat olmadığından İddiaçı şəhər İcra Hakimiyyətində qəbul edilərkən qaldırdığı məsələnin müsbət həllinin mümkün olmadığı ona izah edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, Sumqayıt şəhər XDS İK-nin Mənzil İdarəsinin Dəyişmə Bürosunun xx.xx.1965-ci il tarixli 10 saylı qərarı ilə yaşayış sahəsi 47,0 kvadratmetr olan 3 otaqdan ibarət ünvan 2 ünvanda yerləşən 40 saylı mənzilin 29,4 kvm. olan 2 otağı ərizəçinin babası İddiaçı Meylanqulu oğluna təqdim edilmiş, adına xx.xx.1965ci il tarixdə 03/2418 saylı order verilmişdir. Həmin mənzilin 17,6 kvm.-dan ibarət digər otağı isə X4 adlı şəxsə xx.xx.1965-ci il tarixli, 03/2491 saylı order əsasında verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı mənzil kommunal sahəsinin xx.xx.2022-ci il tarixli 822 saylı forma 2 arayışında mənzil sahibləri qismində İddiaçı Meylanqulu oğlu və X4, daimi qeydiyyatda olan şəxslər qismində İddiaçı və onun ailə üzvləri göstərilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı mənil kommunal sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, X4 1965-ci ildə Sumqayıt şəhəri, 2-ci mkr, ev 42/44, mənzil 40-ı almışdır, həmin il mənzildən köçüb getmişdir. Hal-hazırda mənzildə İddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı mənzil kommunal sahəsi tərəfindən təsdiq edilmiş 01 iyun 2023-cü il tarixli 369 saylı ətraflı arayışda qeyd edilmişdir ki, 2-ci mkr, ev 42/44a məznil 40, 03/2418 saylı orderə əsasən xx.xx.1965-ci il tarixdə İddiaçı Meylanqulu oğlunun adına olmuşdur-iki otaq 29.4 kv.m. Mənzil 03/2491 №li orderə əsasən xx.xx.1965-ci il tarixdə X4 adına (bir otaq 17.6 kv.m) verilmişdir. 6 saylı MKS-nin forma B-yə əsasən hesabat kitabına əsasən mənzil üç otaq göstərilmişdir, sahəsi 47 kv.mdir. Mənzildə qeydiyyatda olan şəxslər qismində İddiaçı Meylanqulu oğlu və onun ail üzvləri göstərilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı mənil kommunal sahəsi tərəfindən təsdiq edilmiş 19 iyun 2023-cü il tarixli, 397 saylı ətraflı arayışda qeyd edilmişdir ki. 2-ci mkr ərazisində 42 saylı bina yoxdur. ev 42/44a saylı binadır. 6 saylı MKS-nin forma B-yə əsasən 2-ci mkr, ev 42/44 a, mənzil 40 İddiaçı M. oğluna məxsus olub 3 otaq 47 kv.m-dir. 2-ci mkr, ev 42/44a saylı binanın mənzil 40-da X5 haqqında heç bir məlumat yoxdur. Qeyd edilənlərdən göründüyü kimi X5 sözügedən mənzilə 1965-ci idə qeydiyyata düşəndən az sonra həmin mənzildən getmişdir, həmin ünvanda yaşamır, onun brəsində hər hansı bir məlumat yoxdur. İddiaçının mənzil üzərində hüquqlarının əvvəlcədən yaranmış olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş xx.xx.2009cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 43-cü maddəsi hazirki iddiaya münasibətdə tətbiq edilməlidir. Belə ki, Məcəllənin 43-cü maddəsinə əsasən mənzildə başqa icarədarın yaşayış sahəsindən təcrid olunmayan yaşayış sahəsi boşalarsa, bu yaşayış sahəsi onun istifadəsinə verilməlidir. Bir neçə icarədarın yaşadığı mənzildə boşalan təcrid olunmuş yaşayış sahəsi uçota götürülüb-götürülməməsindən asılı olmayaraq həmin mənzildə yaşayıb mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara, belə vətəndaşlar olmadıqda isə adambaşına müəyyən edilmiş normadan az mənzil sahəsi olan vətəndaşlara verilməlidir (bu zaman əlavə sahəyə hüququn olması nəzərə alınır). Təcrid olunmuş boşalan otağın ölçüsü bir adama verilmək üçün müəyyən edilmiş normadan azdırsa, göstərilən otaq icarədarın xahişi ilə ona verilir. Mənzildə bu maddənin ikinci hissəsində göstərilən vətəndaşlar olmadıqda, boşalmış yaşayış sahəsi ümumi qaydada verilir. Məhkəmə hesab edir ki, işin faktiki halları qeyd edilmiş norma iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 2 mikrorayon, ev 42/44a, mənzil 40-da yerləşən 17,6 kv.metr sahəsi olan bir otağın İddiaçı istifadəsinə verilməklə, bütün mənzilin 3 otağının onun istifadəsinə ayrılmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1524/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1524/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver