Məhkəmə qərarları › İş №2-1(118)-1527/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1527/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1527/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağ sahəsi 5098A ünvanında yerləşən torpaq sahəsinin hüquqların dövlət qeydiyyatı hüquqi ünvanı AZ1000, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 112B olan İddiaçı ASC-nin adına qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ASC cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, Novxanı bağ sahəsi 5098A ünvanında yerləşən torpaq sahəsinin hüquqların dövlət qeydiyyatı hüquqi ünvanı AZ1000, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 112B olan İddiaçı ASC-nin adına qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X11” MMC-nin 21 fevral 2019-cu il tarixli 28 №-li “Hərracın yekunları barədə protokoluna əsasən Sumqayıt şəhəri, Novxanı bag sahəsində yerləşən 5098A torpaq sahəsi İddiaçı ASC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə tələblərinə uyğun olaraq alınmışdır. Eyni zamanda Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A torpaq sahəsi ilə bağlı "X11” MMC ilə İddiaçı ASC arasında 21 fevral 2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Tərəflərindən Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A torpaq sahəsinə dair reyesterdən çıxarışın və texniki pasportun alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilsə də, həmin qurum tərəfindən ərizənin icrasından 30 iyun 2021-ci il tarixli **********59 saylı Bildirişlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 15ci maddəsinə əsasən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, hərrac təşkilatının 28 nömrəli, 21.02.2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən əldə etdiyi torpaq sahəsi üzərində əməliyyatların aparılmasına AR Daxili İşlər Nazirliyinin 26.05.2015-ci il tarixli məktubu əsasında qadağa qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30 iyun 2021-ci il tarixli **********59 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişi əsassız olduğundan ləğv edilməli və Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A torpaq sahəsinə dair İddiaçı ASC-nin adına reyesterdən çıxarışın və torpaq sahəsinin texniki pasportunun verilməsi öhdəliyinin qoyulması vacibdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüququların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Eyni məzmunlu müddə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsində də öz əksini tapmışdır. Nəzərə alsaq ki, hərracı keçirdən qurum “X11" MMC ixtisaslaşdırılmış hərrac təşkilatıdır, eyni zamanda hərracın nəticələrində dair tərəflər arasında alqı-satqı müqaviləsi və hərracın yekunlarına dair protokol imzalanmışdır, belə olan halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinnin imtinası tam əsassızdır. Qeyd etmək zəruridir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının konkret dairəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən imtina hallarına aşağıdakılar daxildir: a) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; b) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; c) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; ç) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; d) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; e) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş imtina bildirişində göstərilən əsas "'Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarına daxil deyil. Belə olan halda verilmiş imtina tam əsassızdır və heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş imtina bildirişində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 26.05.2015-cİ il tarixli məktub”una istinad edilsə də, həmin məktubun məzmunun nədən ibarət olması məlum deyildir. Ərazi İdarəsi tərəfindən həmin məktuba istinadən əməliyyatların aparılmasına qadağaların olması bildirilir. Bununla bağlı qeyd etmək zəruridir ki, Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A torpaq sahəsi İddiaçı ASC-nin ipoteka yüklülüyündə olmuş, həmin əmlakın mülkiyyətçisi kimi X6 ilə İddiaçı ASC arasında 31.07.2014-cü il tarixdə 134/001 saylı ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsi "xxxx" MMC ilə İddiaçı ASC arasında imzalanmış 18.07.2014-cü il tarixli, 134 saylı kredit xətti müqaviləsinin təminatlarından biri kimi “Bank” qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka predmetinə tutmanın yönəldilməsi və açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait hesabına "xxxx" MMC-nin 18.07.2014-cü il tarixli, 134 saylı kredit xətti müqaviləsi üzrə qalıq borcunun İddiaçı ASC-yə ödənilməsinə dair öz qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(005)- 634/2017 saylı qətnaməsi mövcuddur. Həmin qətnamənin qət etdi hissəsinin beşinci hissəsində tutmanın ilkin satış qiyməti 275 000 (iki yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməklə cavabdeh X3 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A torpaq sahəsinə yönəldilməsi öz əksini tapmışdır. Qətnamədən sonradan cavabdehlər tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 24.10.2017-ci il tarixli 2(103)-10330/2017 saylı və 07.09.2018-ci il tarixli 2(102)-5642/20l8 saylı qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(005)-634/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarlarının mövcudluğunu, habelə tərəflər arasında imzalanmış ipoteka müqaviləsini və hərrac protokollarını nəzərə alaraq qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş İmtina tam əsassız və qanunsuzdur. Nəzərdə tutulan məhdudiyyət “əmlakın üzərinə həbsin” qoyulmasını ehtiva edirsə bu zaman əmlakın üzərinə həbsin qoyulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249- 256-cı maddələri, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddələrinin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir ki, hazırkİ iş üzrə “Bank” bunların heç bir barəsində məlumatlandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı "Bank Avrasiya” ASC Sumqayıt şəhəri, Novxanı bağ massivi, 5098A ünvanda yerləşən 0.10 ha torpaq sahəsi üzərində "Bank Avrasiya” ASC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə 01 iyun 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq iddiaçı "Bank Avrasiya” ASC-yə bildirilmişdir ki, hərrac təşkilatının 28 nömrəli, 21.02.2019-cu il tarixli hərracın yekunları barədə protokolu əsasında əldə etdiyi torpaq sahəsi üzərində əməliyyatların aparılmasına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 26.05.2015-ci il tarixli məktubu əsasında qadağa qoyulduğundan ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-nə, X4, X13 və X12 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-dən və X7 müştərək qaydada 24.07.2014-cü il tarixli 001 saylı kredit razılaşması üzrə 2.000.000 manat borc məbləği, 187.333,26 manat faiz borcu, 29.09.2014-cü il tarixli 002 saylı kredit razılaşması üzrə 2.000.000 manat borc məbləği, 235.663,98 manat faiz borcu hər iki müqavilə üzrə cəmi 4.422.997,24 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün bank xərci və xidmət haqqı olaraq ödənilmiş 95 manat İddiaçı ASC-nin xeyrinə tutulması, tutulan məbləğin ilkin satış qiyməti müəyyənləşdirilmiş digər əmlaklarla birgə ilkin satış qiyməti 275.000 manat məbləğində müəyyən edilməklə cavabdeh X5 məxsus olan hazırki iş üzrə mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A saylı torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. - Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, cavabdeh X12 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018ci il tarixli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2017-ci il tarixli, 2(103)-10330/2017 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 21 fevral 2019-cu il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ sahəsində 5098A saylı torpaq sahəsi İddiaçı ASC-yə satılmışdır. - “X11” MMC Hərrac təşkilatının Hərracın yekunları barədə 28 saylı 21 fevral 2019cu il tarixli protokolundan görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-634/17 saylı, 12.12.2017-ci il tarixli icra vərəqəsinin və Qəbələ rayon icra və probasiya şöbəsinin 8961/18 saylı 04.12.2018-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30 iyun 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC-nin Sumqayıt şəhəri, Novxanı bağ sahəsində 5098A saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi ilə cəmi 4.422.997,24 manat məbləğində borcun ödənilməsi üçün ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ sahəsində 5098A saylı torpaq sahəsinə tutma yönəldilmişdir. Həmin əmlak açıq hərracdan kreditor İddiaçı ASC-nin özünə satılmış, bununla bağlı Hərracın yekunları barədə 28 saylı 21 fevral 2019-cu il tarixli protokol tərtib edilmiş və eyni tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı həmin əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 30 iyun 2021-ci il tarixli bildirişi ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinasının əsası kimi Hərrac təşkilatının 28 nömrəli, 21.02.2019-cu il tarixli hərracın yekunları barədə protokolu əsasında əldə etdikləri torpaq sahəsi üzərində əməliyyatların aparılmasına Daxili İşlər Nazirliyinin 26.05.2015-ci il tarixli məktubu əsasında qadağa qoyulduğu qeyd edilmişdir. Məhkəmənin 28 sentyabr 2021 tarixli məktubu ilə Daxili İşlər Nazirliyinə sorğu ünvanlanaraq Sumqayıt şəhəri, Novxanı bağ sahəsi 5098A ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində əməliyyatların aparılmasına qadağa qoyulmasına əsas olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 26.05.2015-ci il tarixli məktubun, həmçinin qoyulmuş qadağa götürülmüşsə bunu təsdiq edən sənədlərin 10 gün ərzində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab verilməmiş, tələb olunan məktub məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 04 iyun 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitilərinin fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı istintaqı aparılan cinayət işi üzrə Rəmziyə Həsənovanın qardaşı olan X14 08.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib həbs edilmiş, 08.07.2016-cı il tarixdə həbs qətimkan tədbiri ləğv edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı Sumqayıt şəhəri, Novxanı bağ sahəsi 5098A ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində hər hansı əməliyyatların aparılmasına qadağa qoyulduğu müəyyən edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan məktub, eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi üzərində əməliyyatların aparılmasına qadağa qoyulduğunu təsdiq edən hər hansı bir sübut (qərar) məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 04 iyun 2019-cu il tarixli məktubu isə sözügedən torpaq sahəsi üzərində məhdudiyytlərlə bağlı deyil, Rəmziyə Həsənovanın, yəni həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisini qardaşı olan X10 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilməsi və onun barəsində qətimkan tədbirinin seçilməsi barədədir. Qeyd olunan məktubda torpaq sahəsi üzərində əməliyyatların aparılmasını istisna edən hər hansı bir hal qeyd edilməmişdir. Beləliklə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtinasında öz imtinasının əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. Həmin Qanunun 8 və 8. 0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazrki işdə ipoteka predmeti olan əmlak kreditorun özü, yəni hazırki iş üzrə İddiaçı MMC tərəfindən satın alınmış və bununla bağlı yuxarıda qeyd olunan hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi tərtib edilmişdir. İddiaçı qeyd olunan sənədlərlə cavabdeh inzibati orqana müraciət etmişdir ki, həmin sənədlərdə yuxarıda qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas təşkil edir. Həmin Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Novxanı bağ sahəsi 5098A ünvanında yerləşən torpaq sahəsi üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ sahəsi 5098A ünvanında yerləşən torpaq sahəsi üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar