Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1528/2021 22.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialına qarşı “cavabdehin 06 aprel 2021-ci il tarixli **********3 saylı məktubunun əsassız hesab olunması və 1 saylı regional ərazi filialının üzərinə ona müharibə veteranı kimi ödənilən müavinətin qanunsuz olaraq dayandırıldığı, yəni 01.01.2010-cu il tarixindən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin həvalə edilməsi , ona vurulmuş maddi və mənəvi ziyana görə 7 000 manat məbləğində təzminatın və hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat və cəmi 7200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona Xətai rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 12 fevral 1999-cu il tarixində 028224 saylı veteran vəsiqəsi verilmişdir. Həmin vəsiqəyə əsasən Xətai rayon ƏSMM tərəfindən 2009cu ildə müharibə veteranlarına verilən müavinət təyin edilmiş və 2009- cu ilin axırına kimi həmin müavinəti almışdır. Ona məlum olmayan səbəblər üzündən 2010-cu ilin yanvar ayından müavinətin ödənilməsi dayandırılmışdır. Veteran vəsiqəsini itirdiyinə görə veteran vəsiqəmin dublikatının verilməsi üçün Məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2-1 (112)-1696/2020 saylı qərardadına əsasən ona 09 fevral 2021 -ci il tarixində 01152 saylı dublikat veteran vəsiqəsi verilərək veteran vəsiqəsi bərpa edildi. Ona görə də 16 mart 2021 -ci il tarixində ona müharibə veteram kimi ödənilən müavinətin dayandırıldığı gündən bərpa edilərək ödənilməsi üçün tələb olunan sənədləri DSMF-nin Abşeron rayon şöbəsinə təqdim etmişdir. DSMF publik hüquqi şəxsin 1 saylı regional ərazi filialı 06 aprel 2021 -ci il tarixli **********3 saylı məktubu ilə imtina cavabını almışdır. Bu qanunsuzluğun aradan qaldırılması məqsədi ilə 03 may 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquq şöbəsinə, ƏƏSMN yanında DSMF-nin İdarə Heyətinin sədrinə, DSMF yanında Abşeron rayon şöbəsinin müdiirünə ərizə ilə müraciət edərək bu yanlışlığın aradan qaldırılmasını və ona müharibə veteranı kimi müavinətin qanunsuz olaraq dayandırıldığı vaxtdan yəni 01.01. 2010-cu il tarixdən hesablanaraq yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Lakin inzibati orqan hərəkətsizlik edərək 03 may 2021-ci il tarixli ərizəsinə cavab vermir. Ona görə də Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, 1 saylı regional ərazi filialının cavab məktubundan da göründüyü kimi onlar müharibə veteranı kimi ona ödənilən və qanunsuz olaraq 01.01.2010-cu il tarixindən dayandırılmış müavinətinin yalnız 01.04.2019-cu il tarixindən ödənilməsi barədə qərar qəbul etmişlər. Hətta o müavinət almaq üçün ilk dəfə müraciət etmiş olsaydı belə onlar “Müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən müraciətiindən əvvəlki 3 ili hesablayıb ödəməli idilər. İnzibati orqan 01 aprel 2019-cu il tarixindən cəmi 2 il qabaqdan hüququnun yaranmasını hansı qanuna əsasən müəyyən edir. Halbuki, onun hüququ ilkin veteran vəsiqəsi təqdim edilən 12 fevral 1999-cu il tarixindən yaranmışdır və o 2009-cu ilin axırına kimi müharibə veteran kimi müavinəti almışdır. Ona ödənilən müavinət 01.01.2010cu il tarixindən inzibati orqan tərəfindən qanunsuz və əsasız olaraq dayandırılmışdır. Ona görə də hesab edir ki, ona müharibə veteranı kimi ödənilən müavinət dayandırıldığı gündən bərpa edilərək ödənilməli, eyni zamanda maddi və mənəvi ziyana görə 7000 manat və vəkil xərcinə görə 200 manat ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən hesab edilir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçıya veteran vəsiqəsi 2021-ci ilin mart ayının 16-da verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin 1 saylı regional ərazi filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 05.10.2020-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 09.02.2021 -ci il tarixindən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1 -ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət deyil, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1 -ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də,“Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə (30.12.2020) Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan əvvəlki dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsi qanuni deyildir. Bu qəbildən olan işlərə baxılarkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdırmaq funksiyasını nəzərə alaraq onun qərarlarında qeyd etdiyi hüquqi mövqe də xüsusilə nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Buna görə də hesab edilir ki, iddiaçıya “müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 09.02.2021-ci il tarixli 01152 nömrəli müharibə veteranı vəsiqəsinin surəti, DSMF-nin 1 saylı regionlal ərazi filialının, 06 aprel 2021-ci il tarixli **********3 nömrəli imtina məktubu, etiraz ərizəsi SHXÇDX-nin Bakı Şəhəri Xətai Rayon İdarəsinin 13.10.2021-ci il tarixli, 1998 nömrəli məktubu, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17 noyabr 2021-ci il tarixli **********8 saylı məlumat məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun müharibə veteranı adının aldığı vaxtdan yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 1 saylı regional ərazi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən təqaüdlərin müharibə veteranlarına verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Ərazi filialının 06 aprel 2021-ci il tarixli **********3 nömrəli imtina cavabını almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırk iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə müavinətin 01.01.2010-cu ildən hesablanması hissəsinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinin maddi və mənəvi tələblə bağlı hissəsi məhkəmənin 22.11.2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilməmişdir. İddia tələbinin əsaslığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli məlum Fərmanında nəzərdə tutulur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 manat məbləğində müavinət təyin edilmişdir. 3cü bəndində qeyd olunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. Mməhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Komissarlığının 36 saylı protoklu əsasında 28 yanvar 1999-cu ildə müharibə veteranı adı verilmişdir. Bununla bağlı İddiaçı “Sosial müavinatlar haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinə əsasən müharibə veteranları üçün nəzərdə tutulmuş kommunal,nəqliyyat və digər xərclər üçün sosial müavinatla təmin edilmişdir. Sonradan İddiaçı verilmiş müharibə veteranı vəsiqəsinin itirilməsi səbəbindən ona təyin edilmiş sosail müavinatın ödənilməsi 01.01.2010-cu ildən dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1696/2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası SHXÇDX tərəfindən 09.02.2021-ci ildə İddiaçı təkrar olaraq müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən 3 il geriyə şamil edilməklə İddiaçı Prezident təqaüdü təyin edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, 19.09.2015-ci ildə İddiaçı DSMF tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı təyin edilmiş sosial müavinətin 01.01.2010-cu ildən DSMF tərəfindən dayandırılması əsassızdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinin tələblərinə əsasən kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı halda təyin edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Nəzərə alınmalıdır ki, İddiaçı verilmiş müharibə veteranı vəsiqəsinin itirilməsi onun müharibə veteranı statusundan məhrum etmir və həmin vəsiqənin itirilməsi hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat İddiaçı təyin edilmiş sosial müavinatın dayandırılmasında haqlı olmamışdır. Cavabdeh təşkilatın sosial müaviətın 3 illik məhdudlaşdırma ilə bağlı gətirdiyi arqumentlə də məhkəmə razılşmır. Məhkəmə hesab edir ki, qeyd olunan məhdudlaşdırma müraciət edən şəxsin məsuliyyətsizliyi ucbatından sosial müavinətin alınması ilə bağlı olan hallarda tətbiq edilməlidir. Göründüyü kimi iddiaçıya sosial müavinatın dayandırılmasının təşəbbüskarı DSMF olub və inzibati orqan olaraq müvafiq inzibati araşdırma aparmaq əvəzinə İddiaçı müharibə veteranı vəsiqəsinin itirilməsi səbəbindən sosial müavinət ödənişinin həyata keçirilməsi dayandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı ödənilməli olan sosial müavinət 01.01.2010-cu ildən ödənilməlidir. Lakin digər tərəfdən o da nəzərə alınmalıdır ki, İddiaçı 19.09.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu isə həmin tarixdən etibarən İddiaçı təyin olunmuş sosial müavinətin dayandırılmasına səbəb olur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, İddiaçı ödənilməli olan sosial müavinət 01.01.2010-cu ildən 19.09.2015-ci ilə kimi hesablanaraq ödənilməlidir. İddia tələbinin İddiaçı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi hissəsini məhkəmə araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi mümkün hesab etməmiş və buna dair münasibətini özünün 22.11.2021-ci il tarixli qərardadında göstərmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 01.01.2010-ci il tarixdən 19.09.2015-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1528/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1528/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver