Məhkəmə qərarları › İş №2-1(118)-1528/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1528/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1528/2022 24.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçılar İddiaçı2 (işləməyən, ünvan 1 ünvanında yaşayan) və İddiaçı1 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı 16 aprel 2014-cü il təvəllüdlü X2 adının “Zəhra“ adından “Zəhranur“a dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı 16 aprel 2014-cü il təvəllüdlü X1 adının “Zəhra“ adından dəyişdirilərək “Zəhranur “ olması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ,cavabdehin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakmiyyəti ilə əvəz edilməsini və 16 aprel 2014-cü il təvəllüdlü X2 adının “Zəhra“ adından “Zəhranur“a dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, onlar 28 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 16 aprel 2014-cü il təvəllüdlü X5 adlı övladları vardır. Uşağı hamı “Zəhranur” deyə çağırır və o, adını “Zəhra” deyil, “Zəhranur” olaraq bilir. Bununla bağlı onlar Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ərizə ilə müraciət edərək 16 aprel 2014-cü il təvəllüdlü X2 adının “Zəhranur” kimi dəyişdirilməsinə icazə verilməsini xahiş etmişlər. Lakin cavab məktubunda onlara imtina cavabı verilmişdir. Halbuki, statistikaya görə son 5 il ərzində Azərbaycanda bu ad 71 uşağa qoyulmuşdur. İddiaçı1 iddia tələbini müdafiə etdi və İddiaçı2 izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddiasında övladları xx.xx.2014-cü il təvəllüdlü X2 adının "Zəhranur” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasını tələb etmişdir. Müəyyən edilmişdir ki, qaldırılan məsələ ilə bağlı iddiaçılar Komissiyada qəbul edilmişdir. Qəbul zamanı ərizəçilərə uşağın adının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda ərizəçilərə, qaldırılan məsələ ilə bağlı M-469-164 nömrəli, xx.xx.2021 -ci il tarixli cavab məktubu göndərilmişdir.Cavab məktubunda qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi üçün azyaşlının adının qeyd olunan ada dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Belə ki, iddiaçının tələb etdiyi “Zəhranur" adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməmişdir. Eyni zamanda, iddiaçının övladının hazırki adı olan “Zəhra” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmiş, habelə azyaşlının cinsinə uyğundur və ya gülünc ad hesab edilmir. İş materiallarında olan: -Nikahln bağlanması haqqında 338606 seriyalı şəhadətnamədən görünür ki,Məmmədov X4 Aytən Saleh qızı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - AZ-İİİ № 526398 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Məhkəmənin sorğusuna əsasən AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti aktlarının reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 2018-ci ildə 42, 2019-cu ildə 48, 2020-ci ildə 36, 2021-ci ildə 36, 2022-ci ildə isə 10 yenidoğulmuş uşaqlara “ Zəhranur” adı verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının 21 iyul 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə aradşırması zamanı müəyyən olundu ki, iddiaçılar qızları Zəhranın adının “Zəhranur” adına dəyişdirilməsini xahiş etmişlər. Lakin cavabdeh həmin adın “Azərbaycan şəxs adları barədə məlumat” Siyahısında göstərilmədiyinə istinad edərək və uşağın 18 yaçşdan sonra adını dəyişə biləcəyinə istinad edərək imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin verdiyi imtina cavabı qanunvericiliyin tələblərunə uyğun deyildir. Belə ki, iddiaçılar valideyn kimi birgə razılıqlarına əsasən uşağın adının dəyişdirilməsi ilə bağlı yerli icra hakimiyyətoi orqanına müraciət etmək hüququna malikdirlər. Adın dəyişdirilməsi uşağın mənafeyinə zidd deyildir və qanunvericiliyin tələbləri çərçivəsindədir. “Zəhranur” adının “Azərbaycan şəxs adları barədə məlumat” Siyahısında olmamasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin Siyahı qanunvericilik normativ aktlarına aid deyildir və adın göstərilən Siyahıda olmaması imtina üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən alınmış məlumatdan da göründüyü kimi Zəhranur adı Azərbaycanda qız uşaqlarına qoyulur və tək 2022-ci ildə 10 uşağa bu ad qoyulmuşdu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, iddiaçıların qızı xx.xx.2014-cü il təvəllüdlü X2 adının “Zəhranur” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 16 aprel 2014-cü il təvəllüdlü X2 adının “Zəhranur” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar