Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1529/2021 08.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin üzərinə X1 və X2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 4-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin üzərinə X1 və X2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 4-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. X1 və X6 hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Onlar həmin mənzildə qeydiyyatda olsalar da heç vaxt həmin mənzildə yaşamamış, mənzilə formal olaraq qeydiyyata düşmüşlər. Həmin şəxslərin mənzildə heç bir hüquqları yoxdur. Ona görə də iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, X5 və X2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etsə də, cavabdeh orqan ərizənin təmin olunmasından imtina etmişdir. Bu məqsədlə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1529/2021 saylı, 28.07.2021-ci il tarixli qərardadına əsasən X5 və X6 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb olunmuş X5 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 16.06.2021-ci il tarixli, 123-22963Q-3221 saylı imtina məktubunda hazırkı məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılması tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən 17.12.1986-cı il təvəllüdlü X5 və 19.09.1988-ci il təvəllüdlü X6 mübahisəli mənzildə qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 05.03.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25-də yerləşən 4 nömrəli mənzil (bundan sonra - mübahisəli mənzil) iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəməyə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilərək iş materialarına əlavə edilmiş Sumqayıt şəhər 3 saylı notariat ofisində təsdiqlənən ərizə ilə müəyyən olunur ki, üçüncü şəxs – X5 mübahisəli mənzilin özgəninkiləşdirilməsinə (o cümlədən, satmaq, bağışlamaq, ipotekaya qoymaq və üzərində digər qaydada sərəncam vermək) etiraz etmir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mövcud mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 4-də yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər X5 və X6 mənzildə formal olaraq pasport qeydiyyatındadırlar. Belə ki, üçüncü şəxs X5 notarial qaydada təsdiq olunmuş ərizəsi ilə mübahisəli mənzilin satılmasına etirazının olmamasını bildirmiş, həmçinin, digər üçüncü şəxs X2 qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 17.12.1986-cı il təvəllüdlü X5 və 19.09.1988-ci il təvəllüdlü X2 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, 9/25 saylı evin 4 nömrəli mənzili üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 və X2 Sumqayıt şəhəri, 8-ci mikrorayon, 9/25 saylı evin 4 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1529/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1529/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver