Məhkəmə qərarları › İş №2-1(118)-1533/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1533/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1533/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2009-cu il tarixli, 114 nömrəli icarə müqaviləsi və xx.xx.2016-cı il tarixli 3M-266 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında onun xeyrinə yüklü edilmiş Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsinə dair onun adına tərtib edilmiş sənədlərin X1 adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “xx.xx.2009-cu il tarixli, 114 nömrəli icarə müqaviləsi və xx.xx.2016-cı il tarixli 3M-266 reyestr nömrəli icarə hüququnun alqısatqı müqaviləsi əsasında onun xeyrinə yüklü edilmiş Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsinə dair onun adına tərtib edilmiş sənədlərin X1 adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu. Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixli 114 nömrəli icarə müqaviləsi və xx.xx.2016-cı il tarixli 3M-266 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında onun xeyrinə yüklü edilmiş, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* N-li çıxarış verilmiş və Daşınmaz əmlak dövlət reyestrində 849 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində xx.xx.2016-cı i tarixdə qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixli 114 nömrəli icarə müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixdən başlamaqla 99 il müddətinə nəzərdə tutulmuşdur. Həmin daşınmaz əmlak üzrə hüququ yüklü edilən şəxs Cavabdehdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 070974 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə dair onun adına tərtib edilmiş sənədlərin X1 adına dəyişdirilməsinə razılıq verilməsi üçün həmin torpaq sahəsinə dair hüququ yüklü edilən Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ərizəyə xx.xx.2022-ci il tarixli, İ-45-091 saylı imtina məktubu tərtib edilmiş və həmin məktub xx.xx.2022-ci il tarixdə ona təqdim edilmişdir. Həmin imtina məktubunda göstərilmişdir ki: “icarənizdə olan torpaq sahəsinin yerləşdiyi ərazi Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonunun istifadəçiliyində olan torpaqların hüdudları daxilində yerləşir, həmin torpaq sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin (ŞİH) idarəçiliyinə qaytarılması ilə əlaqədar məsələ qaldırıldığı və aidiyyəti dövlət qurumları tərəfindən müvafiq yerquruluşıı işləri aparıldığı üçün həmin ərazilərdəki torpaq sahələri üzərində icarə hüquqları ilə bağlı qərarların verilməsi, icarə hüquqlarının birindən digərinə satılmasına münasibət bildirilməsini məqbul hesab etmirik”. Hesab edir ki, aşağıda sadalananlara görə xx.xx.2009-cu il tarixli 114 nömrəli icarə müqaviləsi və xx.xx.2016-cı il tarixli 3M-266 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında onun xeyrinə yüklü edilmiş Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair onun adına tərtib edilmiş sənədlərin X1 adına dəyişdirilməsinə razılıq verilməsindən Cavabdeh verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixli 14 nömrəli icarə müqaviləsi və xx.xx.2016cı il tarixli 3M-266 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında 99 il müddətinə onun icarəsində olmaqla sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərin onun adından başqa şəxsin adına keçirilməsi üçün torpaq sahəsinə dair hüququ yüklü edilən Cavabdeh yazılı razılığı tələb olunur. Buna görə də o, cavabdehə həmin razılığın verilməsi üçün müraciət etdikdə Cavabdeh heç bir qanuni əsas və səbəb göstərmədən razılıq verilməsindən imtina etmiş və öz imtinasını əsaslandırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş sənədlərin X1 adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana etdiyi müraciətə aldığı imtinanı əsassız hesab edir. Aşağıda qeyd edəcəyi əsaslara görə hesab edir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. İddiaçı yuxarıda qeyd olunan tələblə rayon İcra Hakimiyyətinə müraciət etmişdir və ona verilmiş imtinada imtinanın əsasları sadalanaraq qeyd olunmuşdur ki, onun icarəsində olan torpaq sahəsinin yerləşdiyi ərazinin Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması ilə əlaqədar məsələ qaldırılmış və aidiyyəti dövlət qurumları (Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən müvafiq yerquruluşu işləri aparılır, belə halda icarə hüququnun birindən digərinə satılmasına razılıq verilməsini məqbul hesab etmirlər. İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüququna malikdir, torpaq dövlət mülkiyyətində olmaqla Cavabdeh sərəncamındadır. Torpaq sahəsinə dair hüququ yüklü edilən şəxs Cavabdehdir və Cavabdeh bu sahədə diskresion səlahiyyətə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəl ənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. AR Mülki Məcəlləsinin 712.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 712.1.2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Yuxarıda qeyd olunanlardan da aydın olur ki, Cavabdeh məsələyə münasibətdə diskresion səlahiyyətə malikdir. Təcrübədən də görünür ki, əksər hallarda bu torpaqlar üzərində icarə hüququnun digərinə satılması zamanı sonradan torpaq sahəsinin təyinatı üzrə istifadəsi həyata keçirilmir, torpaq sahəsində onun məqsədli təyinatına zidd olaraq yaşayış və digər təyinatlı obyektlər inşa olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində İddiaçı xx.xx.2009-cu ildən başlayaraq 99 il müddətinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Cavabdeh İddiaçı ünvanladığı S-45-091 saylı, 29 fevral 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun digər şəxsə satılmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində 99 il müddətinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hal-hazırda icarə hüququnun başqa şəxsin adına özgəninkiləşdirilməsini istəyir. O, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının səbəbi kimi göstərilmişdir ki, icarədə olan torpaq sahəsinin yerləşdiyi ərazi Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonunun istifadəçiliyində olan torpaqların hüdudları daxilində yerləşir, həmin torpaq sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin (ŞİH) idarəçiliyinə qaytarılması ilə əlaqədar məsələ qaldırıldığı və aidiyyəti dövlət qurumları tərəfindən müvafiq yerquruluşu işləri aparıldığı üçün həmin ərazilərdəki torpaq sahələri üzərində icarə hüquqları ilə bağlı qərarların verilməsi, icarə hüquqlarının birindən digərinə satılmasına münasibət bildirilməsini məqbul hesab etmirlər. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 81-ci maddəsinə görə bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları kimi müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 86.5-ci maddəsinə Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin, birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Qeyd olunan normaların mənasından göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aiddir və bağlanmış icarə müqaviləsi üzrə hüquqların özgəninkiləşdirilməsi üçün də həmin müqaviləni bağlamış yerli icra hakimiyyəti orqanının razılığının alınması tələb olunur. Beləliklə qeyd olunan hallar, yəni icarə hüququnun özgənikiləşdirilməsi ilə bağlı mülkiyyətçinin razılığının alınması qanunvericiliyin imperativ tələbindən irəli gəlir. Məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn özgəninkiləşdirilməsinə razılıq verilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki işdə də Cavabdeh qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verməsi ilə bağlı diskresion səlahiyyətləri vardır. O, bu səlahiyyətinə uyğun olaraq cavabdehin müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdehin qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddini aşdığı müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2009-cu il tarixli, 114 nömrəli icarə müqaviləsi və xx.xx.2016-cı il tarixli 3M-266 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında onun xeyrinə yüklü edilmiş Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsinə dair onun adına tərtib edilmiş sənədlərin X1 adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2009-cu il tarixli, 114 nömrəli icarə müqaviləsi və xx.xx.2016-cı il tarixli 3M-266 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında onun xeyrinə yüklü edilmiş Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsinə dair onun adına tərtib edilmiş sənədlərin X1 adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar