Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1534/2021 29.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, digər nümayəndəsi Hacıməhəmməd-Mehdi Soltan oğlunun, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidməti X3 15.08.2020-ci tarixli, 308ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 28.06.2019-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş, 03.07.2019-cu il tarixdə AR SHÇDX-nin Sumqayıt şəhər idarəsi tərəfindən 1 illik hərbi xidmətə çağırılmış və AR Dövlət Sərhəd Xidmətinin 2025 saylı Hərbi Hissədə xidmətə başlamışdır. Sonradan DSX-nin 2022 və N saylı Hərbi hissələrdə hərbi xidmətdə olmuşdur. O, 2025 saylı Hərbi hissədə xidmətdə olarkən ona komandanlıq tərəfindən təklif gəlmişdir ki, DSX-nin 6 aylıq kursunu oxuyub bitirdikdə ailə probleminlə əlaqədar istəsə könüllü imtina edə bilər, istəsə qalıb gizir, zabit kimi xidmətini davam etdirə bilər. İddiaçı razılaşıb analazillər verib Stalçayda 6 ay kurs keçmiş, 3 ay kurs keçəndən sonra atanın və ananın yataq xəstəsi olduğunu eşidib pis olmuş və 1 saatlıq da olsa evə icazə istəmişdir. Ona polkovnik Kərbəlayev Aqil qalan 3 ay ərzində hər gün evə getməyə icazəyə söz versə də, evə buraxmamışdır. O fikirdən oxuya bilməmiş və 6 ay tamamında imtahan vərəqini yazmamış və könüllü olaraq ailə vəziyyəti ilə əlaqədar imtina etmişdir. Lakin 1 illik hərbi xidmətini başa vurub tərxis olunmuşdur. Sonradan o işə düzəlmək üçün müxtəlif orqanlara müraciət edəndə onu işə götürməmişlər və bunun səbəbi kimi hərbi biletində DSXR-nin X4 15.08.2020-ci il tarixli əmri ilə «Hərbi vəzifə və Hərbi Xidmət haqqmda» Qanunun 41.0.6-cı maddəsinə əsasən (xidmət uyğunsuzluğuna görə) DSX-dən həqiqi hərbi xidmətdən ehtiyyata braxılmağı barədə müvafiq əmr qeyd olunmuşdur. İddiaçı həmin əmrlə razı ola bilməz, çünki o könüllü olaraq kurs imtahanından imtina etmiş, həmçinin onun hərbi biletindəki bu qeydlə onu heç bir dövlət orqanına işə girə bilmir. Bu isə onun gələcək karyerasına mənfi təsir edir. Bundan başqa, «Hərbi vəzifə və Hərbi Xidmət haqqmda» Qanunun 41.0.6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxıla bilməzlər. Qeyd etdiyi kimi, o müddətli hərbi xidmətdə olmuşam. İddiaçı hərbi biletindəki qeyd etdiyi əmri biləndən sonra AR DSX-nin rəisi Elçin Quliyevin adına ərizə ünvanlayıb DSX-nin 15.08.2020-ci il tarixli, Sil saylı əmrinin ləğv olunmasını xahiş etmişdir. Lakin alınmış cavab məktubları ilə onun müraciəti təmin olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndələri və vəkili eyniməzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə prosesində iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi X8 iddia tələbinə etiraz edərək X3 15.08.2020-ci tarixli, 308ş/h nömrəli əmri qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Belə ki, iddiaçı həqiqi hərbi xidmət keçərkən Komandanlıq tərəfindən ona 6 aylıq zabitlər kursunu bitirərək, müvafiq imtahanı yaxşı qiymətlə verməklə DSX-də daimi işlə təmin edilməsi təklifi verilmişdir. Qeyd olunan təklifə müsbət cavab verildiyindən Abutalıb Soltanzadə zabitlər kursuna cəlb edilmiş və kursu bitirdikdən sonra imtahanı kafi qiymətlə verməsi səbəbindən ona zabit rütbəsi verilməmişdir. X5 gizir rütbəsi ilə DSX-də iş təklif edildikdən sonra o, buna razılaşmış və xidmət yerinə getdikdən sonra ordu sıralarından tərxis olunma istəyi ilə raportla N saylı hərbi hissə komandirinə müraciət etmişdir. Qeyd olunanlara əsasən cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş raportun, söhbət vərəqələrinin, X3 15.08.2020-ci tarixli, 308ş/h nömrəli əmrin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini X3 15 avqust 2020-ci il tarixli 308 ş/h nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, gizir İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarına əlavə edilmiş 6-cı sərhəd zastavasının 3-cü qrupunun komandiri gizir İddiaçı ilə aparılmış 29 iyul 2020-ci il tarixli söhbət haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, söhbət zamanı onun xidməti fəaliyyəti ətraflı təhlil edilmiş, şikayət və təklifləri dinlənilmişdir. İddiaçı hərbi xidmətini davam etmək arzusunda olmadığını və tərxis olunmaq istəyinin təmin olunmasını israrla xahiş etmişdir. Həmçinin gizir İddiaçı ordu sıralarından tərxis olunancağı tədqirdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən,yəni xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılacağı bildirilmiş və İddiaçı qeyd olunanlarla razılaşaraq arayışı imzalamışdır. İş materiallarına əlavə edilmiş 6-cı sərhəd zastavasının 3-cü qrupunun komandiri gizir İddiaçı tərəfindən verilmiş raportun təsdiq edilmiş surətindən görünür ki, o, 6-cı sərhəd zastavasının rəisi Vəli Nəcəfliyə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən DSX-dən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmiş, Sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar həkim komissiyasında şəhadətləndirilməyə, müalicə və müayinəyə ehtiyacı olmadığını bildirmişdir. Onun Silahlı Qüvvələrdən ehtiyata buraxıldığı təqdirdə sənədlərinin SHXÇDXn-n Sumqayıt şəhər İdarəsinə göndərilməsini xahiş etmişdir. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təstiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.10.3-cü bəndinə əsasən gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olullar. Həmin Qaydadaların 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Həmin Qaydaların 3.23-cü bəndinə əsasən hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir. Həmin Qaydaların 3.25.2-ci bəndinə əsasən gizirlər və miçmanlar üçün - 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır; Yuxarıda sadalanan normalarda ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların hansı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları müəyyən edilmişdir ki, onlardan biri də hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətməsi, törətdiyi cinayətlə əlaqədar məhkum olunması, səhətinin xidmətə yol verməməsi, attestasiyanın nəticələrinin mənfi olması və qanunvericiliklə müəyyən olunmuş digər səbəblərlə əlaqədar xidməti uyğunsuzluqla bağlıdır. Nəzərə alınmalıdır ki, İddiaçı üzərinə götürdüyü öhdəliyə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında üzərinə düşən vəziləri 5 il müddətinə yerinə yetircəyinə dair üzərinə öhdəlik götürmüşdür, lakin o,vaxtından əvvəl bağlaşmanın ləğv edilməsini tələb etmişdir. Qeyd olunan bağlaşmanın ləğvi qaydası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir və həmin maddələrin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzuları ilə ehtiyyata buraxıla bilər. Hesab olunur ki, qeyd olunan Qanunun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün nəzərdə tutulmuş hər hansı digər halın İddiaçı mübasibətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq edilməsi düzgün olmazdı. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun məhz xidmətə uyğun olmadığı qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin qənaətinə görə hazırkı halda mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi halda, iddiaçı tərəfindən mübahisəli əmrdə dəyişiklik edilərək, onun verilməsinə əsas kimi «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) qeyd olunması üçün yetərli əsasların olması iş üzrə müəyyən olunmur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı halda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin X3 15 avqust 2020-ci il tarixli, 308ş/h nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə təsdiq edilmədiyindən iddia əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidməti X3 15.08.2020-ci tarixli, 308ş/h nömrəli əmrinin ləğv edilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1534/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1534/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver