Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1536/2025 11.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pasport qeydiyyatına alınma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçı və ailə üzvləri İddiaçı1, X8, X2 ünvan 1 ünvanına pasport qeydiyyatına alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçı və ailə üzvləri İddiaçı1, X8, X2 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, müddətsiz hərbi xidmət ilə əlaqədar əvvəllər qeydiyyatda olduğu sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmışdır. Lakin hal-hazırda ünvan 2 ünvanında atasına məxsus evdə digər İddiaçı1 və iki yetkinlik yaşına çatmayan övladı ilə birlikdə yaşayır. Atası və digər ailə üzvləri də həmin evdə qeydiyyatdadırlar. Bununla bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etməyinə baxmayaraq cavabdeh müraciətindən imtina etmişdir. Səbəb kimi isə Azərbaycan Respublikası DİN-nin xx.xx.2010-cu il tarixli əmrinə istinad edərək yaşayış yerinə köçmək üçün əsas vəran sənədlarin təqdim olunmamasını göstermişdir. Yaşadığı ünvan üzrə pasport qeydiyyatına alınmamaq üçün heç bir maneə yoxdur, belə ki, atası və digər ailə üzvləri də həmin ünvanda qeydiyyatdadır. İddiaçı və ailəsi də həmin ünvanda qeydiyyatda olmuşdur. İddiaçı faktiki olaraq yaşadığı ünvanda qeydiyyatda deyil, bu isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. X8 (qanuni nümayəndəsi), X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçünü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: X5 **********082 saylı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o, İddiaçı2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına etiraz etməmişdir. AR-İİİ № 388212 saylı etibarnamə ilə İddiaçı2 xx.xx.2054-cü il tarixədək X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlaka sərəncam verməyi, DİN və digər dövlət strukturlarında adından ərizə verməyi, ərizəni imza etməyi və digər hərəkətlər etməyi etibar etmişdir. 7343835 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində X3 qeydiyyatdadır. Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmir Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2024cü il tarixli, 2520 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Ev kitabının, bələdiyyənin yerquruluşu planından çıxarışın surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-2987/2025 saylı məktubunda qeyd edilmişdir ki, X3 xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçılar övladları X8, X4 ilə birlikdə faktiki qeydiyyatsız yaşadıqları mənzilə qeydiyyata düşmək istəyirlər. Cavabdeh isə imtinasında Azərbaycan Respublikası DİN-in xx.xx.2010-cu il tarixli, 55 saylı əmrinin 2-ci maddəsinin “a” və “g” bəndlərinə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da X5 gözlənti hüququ vardır. X5 **********082 saylı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o, İddiaçı2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına etiraz etməmiş, həmçinin əmlakla bağlı olan bütün hərəkətləri etməyi iddiaçıya etibar etmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2004cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X1 ünvan 1 ünvanında qeydiyyatda olduğu halda iddiaçılar və onların övladlarının qeydiyyata alınmasından imtina edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələbinə görə hamı qanun və inzibati orqan qarşısında bərabər olmaqla, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edildiyindən, cavabdeh iddiaçının müraciətinə imtina etməklə haqlı olmamışdır. İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, X6 və X2 ünvan 1 ünvanına pasport qeydiyyatına alınma öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1536/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1536/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver