Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1539/2022 15.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 direktoru Ceyhun Süleymanovun xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə X13 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 direktoru Ceyhun Süleymanovun xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarının ləğv edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya DSMF-nin X3 tərəfindən xx.xx.2020ci il tarixdə müddətsiz yaşa görə sosial müavinət təyin edilərək ödəniş aparılmışdır. Daha sonra Əmək və Əhalinin sosail Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 direktoru Ceyhun Süleymanovun xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarı ilə ondan cəmi 2565.34 manat məbləğində müavinətin tələb edilərək 10 gün müddətində Sumqayıt şəhəri, Zülfü Hacıyev 266 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun X1 hesabına köçürülməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, onun əmək fəaliyyətinin olması aşkarlanmış, və bu səbəbdən də təyin olunmuş sosial müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı bildirir ki, bu müddət ərzində iddiaçı heç vaxt əmək fəaliyyəti ilə məşğul olmamışdır. Əmək və Əhalinin sosail Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 qanunvericiliyin tələblərinin və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə müşaiyət olunan yuxarıda qeyd olunan qərarı ilə onun üçün qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “inzibati orqanların təsnifatı”na əsasən cavabdeh təşkilat inzibati orqan hesab edilmişdir. Odur ki, mübahisə predmeti olan inzibati aktın qəbul edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə diqqət yetirilməsi zəruridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə və ya vəsatətlərin verilməsində, ərizə və ya vəsatətdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.. Qanunvericilik normalarının tələbinə görə, qərar qəbul edərkən işin hallarını öz xidməti vəzifəsindən irəli gələrək araşdırılması inzibati orqanın borcudur. Obyektiv araşdırmanın prinsipi öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi üçün lazım olan araşdırmanın aparılması və faktların müəyyən edilməsi İnzibati orqanın vəzifəsidir və inzibati orqan bunun üçün məsuliyyət daşıyır. İşin halları barədə faktlar və digər sübutlar o həcmdə araşdırılmalıdır ki, qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər yetərli əsaslara malik olsun. Əks halda aparılmış araşdırma qüsurla həyata keçirilmiş sayılır və onun nəticələri qanuni hesab edilmir. Cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarı iddiaçının ziyanına edilmiş fəaliyyət sayılır və qanuni hesab edilə bilməz. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. . Həmin Qanunun 67.3-ci maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X9 iştirak etmişdir. İddiaçı izahatında bildirmişdir ki, 2012-ci ildə adına VÖEN açılmışdır, o özü sahibkar olmamışdır. 10 gündən sonra idarə bağlanmışdır. Onun sahibkar kimi qeydiyyatının qalmasından məlumatı olmamışdır. xx.xx.2020-ci ildən yaşa görə müavinət təyin olunmuşdur. 2021-ci ilin dekabr ayında müavinətin ödənişi dayandırılmışdır. Cavabdeh orqana müraciətində bildirilmişdir ki, adına VÖEN var. 1 il 6 ay müddətində ödənilən vəsait geri qaytarılmalıdır. 2022-ci ilinin fevral ayında DSMF-nin Abşeron-Xızı Filialı xx.xx.2022-ci il tarixli 60 nömrəli qərarı ilə ona ödənilən 2565,34 manat məbləğində vəsaitin geri ödənilməsi barədə qərar qəbul edilmiş və icra olunması üçün icra şöbəsinə göndərilmiş, və icra şöbəsi tərəfindən ona bu barədə bildiriş gəlmişdir. Halbuki onun hər hansı bir əmək fəaliyyəti olmamışdır. İddiaçının nümayəndəsi və vəkili X5 eyniməzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, DSMF-nin X3 tərəfindən vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən müddətsiz yaşa görə sosial müavinət təyin edilərək ödənilmişdir. DSMF-nin Sosial ödənişlər departamenti tərəfindən daxil olmuş xx.xx.2021-ciil tarixli **********1 nömrəli xidməti məktuba əsasən vətəndaş İddiaçı əmək fəaliyyəti olduğu aşkar edilmiş və ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi dayandırılmışdır. Yuxarıda qeyd olunan xidməti məktuba əsasən “Sosial müavinətlər haqqında” Azərbayca Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir, bu Qanunun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli məktubu ilə daxil olan təlimatı izahatın 5-ci bəndinə görə "Aktiv” statuslu VÖEN-i olanlara yaşa görə müavinətin təyin olunmasından imtina edilir. İddiaçı adına "Aktiv” statuslu VÖEN olduğu üçün ona artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş arayışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2027-ci il tarixədək dayandırıldığına görə sosial müavinətin ödənilməsi vergi ödəyicisi kimi fəaliyyəti dayandırıldığı tarixdən bərpa edilmişdir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 11.1.2 bəndinə uyğun olaraq yaşa görə müavinət-şəxs əmək fəaliyyətinə başladıqda həmin halın yarandığı gündən dayandınlır.Bu qanunun 12-ci maddəsinin 12.1ci bəndinə əsasən müavinət alan şəxs bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçiran müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir novdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur, inzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Beləliklə, filial İddiaçı xx.xx.2020-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 2565.34 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; Pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; Tərəflərindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. İstinad olunan maddənin mənasından göründüyü kimi inzibati aktın dayandırlmasına dair qərardadın qəbulu işin uğurlu olacağı təqdirdə mümkündür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, etirazı müdafiə edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Belə ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 direktoru Ceyhun Süleymanovun xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarının ləğv edilməsini istəyir. Cavabdeh inziabti orqan isə qeyd edir ki, İddiaçı adına "Aktiv” statuslu VÖEN olduğu üçün ona artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş arayışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2027-ci il tarixədək dayandırıldığına görə sosial müavinətin ödənilməsi vergi ödəyicisi kimi fəaliyyəti dayandırıldığı tarixdən bərpa edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı əsasız olmuş, inzibati İcraat haqqında Qanunun tələblərini pozmuşdur. Belə ki, “İnzibati İcraat haqqında” Qanuna əsasən: Maddə 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd edilmiş normalardan göründüyü kimi yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Cavabdeh orqan iddiaçının adına VÖEN açılmasına istinad edərək mübahisələndirilən qərarı qəbul etmişdir. İddiaçı isə onun əmək fəaliyyəti ilə məşğul olmadığını bildirir. Məhkəmə araşdırması əsasında isə müəyyən edilmişdir ki, iddiaçının vergi ödəyicisi kimi uçota alınsada onun hər hansı bir sahibkarlıq fəaliyyəti olmamış, onun adına aktiv VÖEN olmasından məlumatsız olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 iyul 2022-ci il tarixli, **********622500 saylı məktubunda qeyd edilmişdir ki, Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən bildiririk ki, İddiaçı xx.xx.2012-ci il tarixdə ********** nömrəli şəhadətnamə (VÖEN) ilə vergi ödəyicisi kimi uçota alınmışdır və vergi uçotu xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İddiaçı vergi ödəyicisi olduğu dövrdə vergi ödənişi etməsi barədə məlumat aşkar edilməmişdir. Bununla bağlı sübut iddiaçı tərəfindən də məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması ilə iddiaçının hərhansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyən olunmur. Lakin cavabdeh inzibati orqan bu halları araşdırmadan iddiaçının hüquqlarını pozan qərar qəbul etmişdir. Məhkəmə onuda qeyd edir ki, inzibati orqan iddiaçıya müavinət təyin edən zaman bu halları araşdırmalı ondan sonra müvafiq qərar qəbul etməli idi. Eyni zamanda cavabdeh orqan qeyd edir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş arayışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2027-ci il tarixədək dayandırıldığına görə sosial müavinətin ödənilməsi vergi ödəyicisi kimi fəaliyyəti dayandırıldığı tarixdən bərpa edilmişdir. Məhkəmə hesab edir ki, bu qeyd edilən hallar cavabdeh inzibati orqanında iddiaçının formal olaraq sahibkar kimi qeydiyyatının olmasının qəbul edilməsinin sübutu kimi qəbul edilməlidir. İnzibati icraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə ilə məşğul olmadığı halda onun barəsində qəbul edilmiş qərar əlverişsiz və qanunsuz inzibati akt olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 xx.xx.2022-ci il tarixli, 60 nömrəli qərarı ləğv olunsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1539/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1539/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver