Məhkəmə qərarları › İş №2-1(118)-154/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-154/2023

04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-154/2023 04.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1, mənzil 2-yə dair özəlləşdirmənin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş 17799 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1, mənzil 2-nin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, özəlləşdirilmə əsasında verilmiş çıxarışların ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ünvan 1, mənzil 2-yə dair özəlləşdirmənin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş 17799 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 25 iyun 1975-ci il tarixli 000075 nömrəli order əsasında ünvan 1, mənzil 2 (keçmiş ev 13A, mənzil 2) X6 məxsus olmuşdur. Həmin orderdə Əzizi (keçmiş soyad- Bünyadova) Xalidə Nəbi qızı da ailə üzvü kimi göstərilmişdir. Hazırda İddiaçı məlum olmuşdur ki, ev cavabdehlərin xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən araşdırma zamanı müəyyən olunmuşdur ki, mənzilin order üzrə sahibi X7 vəfat etdikdən sonra mənzil X3 həyat yoldaşı X10 adına özəlləşdirilmişdir. X15 vəfat etdiyi üçün daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında mənzillər paylı mülkiyyət kimi onun övladları olan cavabdehlərin xüsusi mülkiyyətinə keçmişdir. SSRİ dövründə mənzillər istifadəçi və icarəçi olaraq mənzil sahiblərinə order əsasında məxsus olmuşdur. Sonradan 1993-cü ildə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı tələb olunur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 3097 nömrəli arayışdan göründüyü kimi Əzizi X17 rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsi ev 24 mənzil 2-də qeydiyyatsız yaşayır. Həm orderdə adı göstərilsədə, həmçinin də mənzildə faktiki yaşasa da mənzilin X10 adına özəlləşdirilməsi ilə bağlı iddiaçı heç vaxt razılıq verməmişdir, mənzilin özəlləşdirilməsindən məlumatı olmamışdır. Bununlada Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci tələbləri kobud pozulmaqla, mənzilin özəlləşdirilməsi qanunsuz həyata keçirilmişdir. Hazırda yaşayış sahəsi qanunsuz olaraq cavabdehlərin mülkiyyətinə verildiyi üçün iddiaçı qeydiyyatda olduğu mənzildə yaşayış hüququnu itirmək təhlükəsi ilə qarşılaşmış və buna görədə onun hüquqları, o cümlədən mülkiyyət hüququ pozulmuşdur. Yaşayış sahəsi qanunsuz olaraq cavabdehlərin mülkiyyətinə verilməsi səbəbində iddiaçı qeydiyyatda olduğu mənzildə yaşayış hüququnu itirmək təhlükəsi ilə qarşılaşdığı, buna görədə onun hüquqları, o cümlədən mülkiyyət hüququ pozulduğu üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsi ev 24, mənzil 2-nin özəlləşdirilməsinin və həmçinin yaşayış evinə dair cavabdehlərə verilmiş çıxarışın etibarsız hesab edilməsi zəruridir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 2-ə dair X16 adına 1146 inventar nömrəli, 17799 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi tərtib olunduğu aşkar edilmişdir. Bildiririk ki, iddiaçı tərəfindən həmin qeydiyyat vəsiqəsinin ləğvi ilə bağlı müraciət 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmamışdır. Eləcə də, qeydiyyat vəsiqəsi əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın əldə edilməsi ilə bağlı müraciət aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu maddəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs X1 iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, təqdim edilmiş birinci, apellyasiya və kassasiya inistansiyaları tərəfindən qəbul edilmiş qətnamə və qərarlardan göründüyü kimi hazırki iddia ərizəsi ilə mübahisələndirilən ev bir neçə dəfə məhkəmədə mübahisələndirilmiş və həmin evin hüquqlarını Şahmərdan Bayramovun qanuni sahibliyinə keçməsi məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X1 və X13 paylı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində inşa edilmiş 86,6 kv.m ibarət olan birmərtəbəli fərdi yaşayış evinin X1 hissəsinə verilməsi şərtilə 03 may 2017-ci il tarixdə verilmiş ekspert rəyində göstərilmiş bölgü plan sxeminə uyğun 0,10 ha torpaq sahəsinin onlar arasında paylara uyğun şəkildə naturada bölünməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-17312018 saylı 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində inşa edilmiş 86,6 kv.m ibarət olan bir mərtəbəli fərdi yaşayış evi X1 hissəsinə verilməsi şərtilə 03 may 2017-ci il tarixdə verilmiş ekspert rəyində göstərilmiş bölgü plan sxeminə uyğun 0,10 ha torpaq sahəsini onlar arasında paylara uyğun şəkildə naturada bölünməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 2778/2020 saylı qərarı ilə dəyişdirilmədən qərara alınmışdır. Hazırki mübahisəli predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahəsi 46.2 kv.m olan 2 otaqdan ibarət yaşayış evi ilə bağlı kassasiya inistansiya məkəməsi birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin mövqeyi ilə tam razı olaraq kassasiya instansiya məhkəməsinində mövqeyi ondan ibarət olmuşdur ki, 2005-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahəsi 46.2 kv.m olan 2 otaqdan ibarət yaşayış evi X12 adına mülkiyyət hüququ qeydə alınmışdır. İşin mübahisəsiz halları ilə müəyyən olundu ki, mərhum X12 mülkiyyətində olmuş həmin ev sökülmüşdür. Çünki evin hazırkı ölçülərinin mərhum X12 mülkiyyətində olmuş evin ölçüləri ilə uyğun gəlmir. Həmin ərazidə 86.6 kv.m özbaşına tikili inşa edilərək yaşayış sahəsi kimi istifadə edilir. İddiaçı həmin evi özü tikdirdiyini, cavabdeh tərəf isə həmin evi anası sağlığında tikdirdiyini bildirir. Göründüyü kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahəsi 46.2 kv.m olan 2 otaqdan ibarət yaşayış evi sökülmüş və həmin evin yerləşdiyi torpaq sahəsində Şahmərdan Bayramov tərəfindən 86.6 kv. metr özbaşına tikili inşa edilərək yaşayış sahəsi kimi Şahmərdan Bayramov tərəfindən istifadə edilir. Kassasiya inistansiya məhkəməsinin Şahmərdan Bayramov tərəfindən həmin torpaq sahəsi üzərində tikilmiş özbaşına tikiliylə bağh mövqeyidə ondan ibarət olmuşdur ki, mübahisəli tikili özbaşına tikili olsa da, o, xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində inşa edildiyindən Şahmərdan Bayramovun həmin tikilini mülkiyyətinə keçirməklə bağlı gözləntiləri var. Elə bu mənada da tikilinin onu inşa edənin sahibliyindən saxlanması daha ədalətlidir. Bundan əlavə onuda qeyd edim ki, iş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 273,3 kv. metr (yaşayış sahəsi 186.7 kv.m başqa tikililər 86.6 kv/m) olan fərdi yaşayış evi X23nm, Şahmərdan Bayramovun və Əvəz Bünyatovun mülkiyyətinə verilmişdir. X23 xx.xx.2008-ci il tarixdə vəfat etdikdən sonra onlar miras əmlakını qəbul etmişlər Şahmərdan Bayramovun qardaşları iş üzrə üçüncü şəxslər anaları X23dan miras qalmış evi sökmüş və Şahmərdan Bayramovda özü öz şəxsi vəsaiti hesabına həmin həyətdə ev tikmiş və həmin evə bu günədək faktiki sahiblik etmişdirlər. Bundan əlavə olaraq, iddiaçı iddia ərizəsində qeyd edir ki, evin cavabdehlər tərəfindən özəlləşdirldiyi ona yeni məlum olduğundan üçüncü şəxslərə verilmiş çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan sənədlərdən göründüyü kimi xx.xx.1975-ci il tarixli orderlə ev X4 və iddiaçının adına verilsədə Nəbi Allahverdiyevin həyat yoldaşı X21 xx.xx.2008-ci il tarixdən əvvəl, yəni 2005-ci ildə həmin əmlaka dair qeydiyyat vəsiqəsi almış. Hesab edir ki, əgər Zərif Bünyatovanm ölüm tarixi 2008-ci ilin əvvəllərində olmuşdursa Zərif Bünyatova sağlığında yəni təxminən 17 il müddətdir ki, həmin əmlaka qeydiyyat vəsiqəsi almış və əmlakın mülkiyyətçisi olmuşdur. Belə olduğu halda iddiaçı bu müddət ərizəndə məhkəməyə müraciət edib hüquqmüəyyənedici sənədlərin etibarsızlığını mübahisələndirməli olduğu halda bunu etmədən iddia müddətini ötürməklə təxminən 17 il sonra məhkəməyə müraciət edərək üçüncü şəxslərin adına olmayan mülkiyyət hüququna dair çıxarışı mübahisələndirir. Mülki Məcəllənin 375.1-un maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3 73-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərir ki, iddia müddətinin əhəmiyyəti hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək və s. ibarətdir. Göründüyü kimi istər Mülki Məcəllə, istərsə də Konstitusiya Məhkəməsi vətəndaşların üzərinə onların öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. İddiaçı qeyd olunan qanunsuz və əsassız iddiasını iddia müddəti keçdikdən sonra, yəni təxminən 17 ildən sonra verdiyindən onun iddiasının rədd olunması barədə qərar qəbul olunmalıdır. Bundan əlavə iddiaçının iddia tələbindən görünür ki, o torpaq sahəsini deyil torpaq sahəsi üzərində yerləşən evə dair üçüncü şəxslərə verilmiş çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə qətnamələri ilədə təsdiq olunur ki, xx.xx.1975-ci il tarixli order əsasında iddiaçıya və onun ailə üzvlərinə verilmiş və iddiaçının atası Nəbi Bünyatov öldükdən sonra onun aravadı Zərif Bünyatova qeydiyyat şəhadətnaməsi ilə məxsus olan ev onun övladları Əvəz Bünyatov və Süleyman Bünyatov tərəfindən sökülmüşdür. Həmin torpaq sahəsi üzərində tikilmiş 86.6 kv.metr ev isə Şahmərdan Bayramov tərəfindən özbaşına tikilmiş və həmin evə dair ona mülkiyyət hüququna dair çıxarış verilməmişdir. Belə olduğu halda hesab edir ki, iddaçının qeyd olunan evə dair çıxarışın etibarsız hesab edilməsi ilə bağlı üçüncü şəxslərin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi mükünsüz hesab edilməli idi. Amma buna baxmayarq iddiaçı tərəfindən olmayan hüquqların mübahisələndirilməsini icraatına götürərək baxılmağa davam etdirilmişdir. Məhkəmə iclası zamanı iddiaçı özüdə etiraf etmişdir ki, o, uzun müddət qeyd olunan evdə yaşamamışdır. Belə olduğu halda xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53 və 54-cü maddəsinə əsasən yaşayış sahəsi icarədarın ailə üzvlərinə icarədar ilə birgə yaşayan əri(arvadı) habelə onun uşaqları və valideyinləri aiddir. Digər şəxslər o halda icarədarın ailə üzvləri hesab edilir ki, onlar icarədar ilə birlikdə yaşayıb onunla birgə təsərüfat aparmış olsunlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmçin Məcəllənin 87-ci maddəsinə görə: İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Məhkəməyə sorğu əsasında daxil olmuş 000075 saylı, 25 iyun 1975-ci il tarixli orderin surətindən görünür ki, ünvan 2 ünvanı X4 və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 403F, KOD 30800027 saylı şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 21 saylı, 10 noyabr 1998-ci il tarixli qərarı ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X12 və ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. - ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair X12 adına xx.xx.2005-ci il tarixdə 17799 qeyd nömrəli, 146 inventar nömrəli texniki pasport tərtib edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş 293 saylı, 24 iyun 2005-ci il tarixli “Forma 2” arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair hüquqlu şəxslər - X21, X22, X5 və X9r. - Məhkəməyə sorğu əsasında daxil olmuş 3089 saylı, 24 iyun 2005-ci il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildən İddiaçı ailə quraraq pasport qeydiyyatından çıxmışdır. - Abşeron rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli, 2(012)-335/2015 saylı qətnməsi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin 3/1 payı olan X1 və qardaşı X13 mərhum anası X14 aid olan 1/3 hissəsinə hər birinin ½ payının müəyyən edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1669/2016 saylı, 31 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, Abşeron rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli, 2(012)-335/2015 saylı qətnməsindən cavabdeh X22 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Torpağın mülkiyyətə verilməsinə dair JN 403F KOD 30800027 saylı şəhadətnamə ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpağın X12 mülkiyyətində olan 1/3 hissəsinə açılmış mirasın X5 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, JN 403F KOD 30800027 saylı şəhadətnamə ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpağın X12 mülkiyyətində olan 1/3 hissəsinə açılmış mirasda X1 miras payının 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi üzərində X1 və X13 ½ hissədə payları 19 fevral 2016-cı il tarixdə qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 17799 qeyd nömrəli, 146 inventar nömrəli texniki pasportda göstərilən tikililərdən A tamamilə sökülmüş, B isə yerində mövcuddur; 000075 nömrəli, 25 iyun 1975-ci il tarixli order xx.xx.2005-ci tarixdə tərtib edilmiş 17799 qeyd nömrəli, 146 inventar nömrəli texniki parporta aid deyil, belə ki, mənzil orderində göstərilmiş sahə, mərtəbəlik, ünvan və təyinat ilə fərdi evin texniki pasportu arasında uyğunsuzluq var, üst-üstə düşmür; X1 adına bazada yalnız A və B tikililərinin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair R/2 **********7 saylı torpaq sənədi var, tikililərə dair yoxdur; xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 17799 qeyd nömrəli, 146 inventar nömrəli texniki pasportda qeyd edilən tikililərin ili göstərilmədiyindən və A tikilisi söküldüyündən A və B tikililərinin hansının köhnə tikili olduğunu təyin etmək olmur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 21 aprel 2022-ci il və noyabr 2023cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1. subyektiv hüququnun olub-olmamasını; 2. cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3. qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq həmin orqanın hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi həmin orqana aiddir. Belə olduğu tədqirdə cavabdeh inzibati orqanın hazırkı iddia tələbinə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqanın 21 aprel 2022-ci il və noyabr 2023cü il tarixli məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Mübahisənin məhkəmə aidiyyatına münasibətdə məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının ləğv edilməsini tələb etdiyi 17799 saylı qeydiyyat vəsiqəsinin məxsus olduğu yaşayış evinə dair özəlləşdirməni mübahisələndirir və həmin mənzilə dair verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsi tələb edir. Cavabdeh inzibati orqan onun məhkəmə qaydasında ləğv edilməli olmasını əsas gətirərək mübahisələndirilən qeydiyyat vəsiqəsinin ləğvindən imtina etmişdir. Hazırki halda mübahisə mülki hüquq münasibətindən deyil, cavabdeh inzibati orqanın inzibati aktın qəbulu ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi ilə bağlıdır ki, buda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı ünvan 1, mənzil 2-yə dair özəlləşdirmənin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş 17799 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən (və noyabr 2023-cü il tarixli məktub əsasında) imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obeyktləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obeyktləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına aiddir. İddiaçı ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin 000075 saylı, 25 iyun 1975-ci il tarixli orderlə onun mərhum atası X4 və o da daxil olmaqla, digər ailə üzvlərinin mülkiyyətinə ayrıldığını, bu səbəblə də onun həmin mənzil üzərində mülkiyyət hüquqlarının olduğunu bildirərək, ünvan 1, mənzil 2-yə dair özəlləşdirmənin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş 17799 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsini istəyir. Məhkəmə araşdırması zamanı zəruri olan sualların cavablandırılması, yəni yuxarıda qeyd olunan mənzilin 000075 saylı, 25 iyun 1975-ci il tarixli orderlə iddiaçının mərhum atası X4 və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmış mənzil olub-olmamasının müəyyən edilməsi zərurəti ilə bağlı müvafiq sorğu tərtib edilərək cavabdeh orqana göndərilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 17799 qeyd nömrəli, 146 inventar nömrəli texniki pasportda göstərilən tikililərdən A tamamilə sökülmüş, B isə yerində mövcuddur; 000075 nömrəli, 25 iyun 1975-ci il tarixli order xx.xx.2005-ci tarixdə tərtib edilmiş 17799 qeyd nömrəli, 146 inventar nömrəli texniki parporta aid deyil, belə ki, mənzil orderində göstərilmiş sahə, mərtəbəlik, ünvan və təyinat ilə fərdi evin texniki pasportu arasında uyğunsuzluq var, üst-üstə düşmür; X1 adına bazada yalnız A və B tikililərinin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair R/2 **********7 saylı torpaq sənədi var, tikililərə dair yoxdur; xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 17799 qeyd nömrəli, 146 inventar nömrəli texniki pasportda qeyd edilən tikililərin ili göstərilmədiyindən və A tikilisi söküldüyündən A və B tikililərinin hansının köhnə tikili olduğunu təyin etmək olmur. Mütəxəssis rəyində qeyd edilmiş hal – yəni 000075 nömrəli, 25 iyun 1975-ci il tarixli orderlə iddiaçının mərhum atasına və ailə üzvlərinə ayrıldığını iddia etdiyi evin sökülməsi halı inzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2778/20 saylı, 21 avqust 2020-ci il tarixli qərarı ilə də (beşinci səhifəsinin beşinci abzasında) öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hal-hazırda iddiaçının mübahisələndirdiyi yaşayış evi ilə, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzillə 000075 saylı, 25 iyun 1975-ci il tarixli orderlə onun mərhum atası X4 və ailə üzvlərinin mülkiyyətinə ayrılmış mənzil ayrı-ayrı mənzillərdir və ümumiyyətlə qeyd olunan orderlə onun mərhum atasına məxsus olmuş ev (A tikilisi) sökülmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəməyə sorğu əsasında daxil olmuş 293 saylı, 24 iyun 2005-ci il tarixli “Forma 2” arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair hüquqlu şəxslər - X21, X22, X5 və X9r. Həmçinin sorğu əsasında daxil olmuş 3089 saylı, 24 iyun 2005-ci il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildən İddiaçı ailə quraraq pasport qeydiyyatından çıxmışdır. Göründüyü kimi, İddiaçı 000075 saylı, 25 iyun 1975-ci il tarixli orderlə onun mərhum atası X4 və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmış ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildən qeydiyyatdan çıxmışdır. Belə olan halda həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı halda, o həmin evdə qeydiyyatda olmadığından onun razılıq ərizəsi tələb olunmur. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycn Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsiə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1, mənzil 2-yə dair özəlləşdirmənin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş 17799 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1, mənzil 2-yə dair özəlləşdirmənin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş 17799 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar