Məhkəmə qərarları › İş №2-1(118)-154/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-154/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-154/2024 13.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən vətəndaş X1 adına verilmiş JN- 042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilməsi və həmin torpaq sahəsi ilə bağlı X1 Hüquqların Dövlət Reyestrində qeydiyyatdan çıxarılması vəzifəsinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən vətəndaş X1 adına verilmiş JN- 042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilməsi və həmin torpaq sahəsi ilə bağlı X1 Hüquqların Dövlət Reyestrində qeydiyyatdan çıxarılması vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3024/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Toxumçuluq sovxozu üzrə 08 aprel 1996-cı il tarixli 27 §3 saylı əmri ilə iddiaçıya Qusar rayonu, X6 kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi səlahiyyətli şəxslər tərəfindən iddiaçıya yerində təhkim olunmuş və oranı hasara alaraq istifadə etməyə başlamışdır. 25 ildir ki, göstərilən torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. xx.xx.2020-ci il tarixdə iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin idarənin rəisi Eldəniz Hacıyevin imzası ilə iddiaçıya xx.xx.2020-ci il tarixdə **********20 №-li cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüqüqların dövlət qeydiyyatına alınması ilə əlaqədar iddiaçının ərizəsinə əlavə edilmiş Qusar rayonu Toxumçuluq sovxozu üzrə xx.xx.1996-ci il tarixli, 27 №-li əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat Bazasına əsasən digər şəxsin adına JN-042 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənməsi aşkar olunmuşdur və bu səbəbdən torpaq üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkünsüz sayılmışdır. Bundan sonra iddiaçı vəkil sorğusu vasitəsilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək həmin şəhadətnamənin adına verilmiş şəxsin kimliyi barədə məlumat almaq üçün müraciət etmiş və bu sorğuya DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2021- ci il tarixli **********73 saylı məktubla cavab verilmişdir ki, həmin torpaq sahəsinə Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999- cu il tarixli 10/4 saylı qərarına əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X1 adına 0.15 ha torpaq sahəsinə JN-042A kod 30106048 №-li “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmişdir. JN-042A kod 30106048 №- li “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş DT və XK tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Bundan sonra iddiaçı Sumqayıt İnzibati Məhkəməsində cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı “Qusar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 10/4 saylı qərarın Qusar rayon X6 kəndi ərazisində vətəndaş X1 adına 0.15 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə ləğv edilməsi və həmin qərar əsasında X1 adına DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN- 042A, kod 30106048 №-li “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Həmin işə hakim İsmayıl Quliyevin sədrliyi ilə baxılaraq 2-1(118)- 265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda qeyd olunur ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki mübahisənin yaranması əsasını Aqrar İslahat Komissiyasının müvafiq qərarı yox, hüquqların dövlət qeydiyyatı zamanı yol verilmiş uyğunsuzluq təşkil edir. İddiaçı mübahisələndirilən qərar əsasında X1 adına DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə”nin etibarsız hesab edilməsini istəyir. Lakin tələbini cavab verilməli olan orqana yönəltməmişdir. İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınması zamanı uyğunsuzluq olmuşdur. Aqrar islahat zamanı həm iddiaçıya, həm də üçüncü şəxsə torpaq sahəsi ayrıldığı halda, iddiaçının hüquqları dövlət qeydiyyatına alınmamış, üçüncü şəxsin adına yuxarıda qeyd olunan sənədlər hazırlanmışdır. İddiaçıya izah edilsin ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il il tarixli 10/4 saylı qərarına əsasən X1 adına JN-042A kod 30106048 №li “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, inzibati məhkəməyə müraciət edə bilər. Həmin qərardaddan sonra iddiaçı yazılı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli 10/4 saylı qərarına əsasən X1 adına verilmiş JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsini xahiş etmişdir. Həmin idarənin rəis vəzifəsini icra edən Fikrət Nuşiyevin imzası ilə iddiaçıya xx.xx.2022-ci il tarixli **********70 №-li məktubla cavab verilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu X6 kəndində yerləşən torpaq sahəsinə dair X1 adına hazırlanmış JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Beləliklə, iddiaçının cavabdeh orqan ərizəsinin icrasından imtina etmiş, ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, İddiaçı Qusar rayonu, X6 kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə ərizəsinə əlavə edilmiş Qusar rayonu Toxumçuluq sovxozu üzrə xx.xx.1996-cı il tarixli, 27 nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən digər şəxsin adına JN-042A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" işlənilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2020-ci il tarixli, **********20 nömrəli məktubla imtina olunmuşdur. Bundan sonra İddiaçı Qusar rayonu, X6 kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair vətəndaş X1 adına hazırlanmış JN-042A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli **********70 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, X6 kəndində yerləşən torpaq sahəsinə dair X1 adına hazırlanmış JN-042A (Kod-********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 4.1-ci maddəsinə əsasən Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən şəhadətnamələr. ..” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirik.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan səndələrə: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı; xx.xx.2021-ci il tarixli arxiv arayışı; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 16 oktyabr 2020-ci il tarixli və 01 avqust 2022-ci il tarixli imtina məktubu və məhkəmə sorğusu əsasında əldə edilən digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 09 aprel 2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı Qusar rayon, X6 kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin üst-üstə düşdüyü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN042A KOD30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İddiaçı Qusar rayon, X6 kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Qusar rayon Toxumçuluq sovxozunun xx.xx.1996-cı il tarixli əmri ilə ona ayrıldığını, sözügedən torpaq sahəsinə dair qanunsuz olaraq üçüncü şəxs X1 adına tərtib edilmiş JN 042A KOD30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsini istəyir. İnzibati işin araşdırılması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin araşdırılması məqsədilə sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq torpaq sahəsinin iddiaçıya ayrılmasına dair müvafiq hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, Qusar rayon Dövlət Arxivinin 30 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1994-1999-cu illərin Toxumçuluq sovxozun AİK-nin sənədlərində İddiaçı adı 220-ci sıra sayında qeyd edilmiş və ona ayrılan torpaq sahəsinin miqdarı göstərilmişdir. Eyni zamanda torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısı Qusar rayon Dövlət Arxivinin 30 dekabr 2022-ci il tarixli məktubuna əlavə edilməklə məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarı və torpaq sahəsi ayrılan subyektlərin siyahısı 24 yanvar 2023-cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Sözügedən qərara əlavə edilmiş siyahıdan aydın olur ki, İddiaçı 0.12 ha torpaq sahəsi, üçüncü şəxs X2 isə 0.12 ha həyətyanı sahə, 0.04 ha zəbt olunan sahə əlavə edilməklə 0.16 ha torpaq sahəsi ayrılmış və üçüncü şəxsin adına JN 020A KOD 30106048 saylı (0.16 ha) və JN 042A KOD 30106048 saylı (0.15 ha) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləri tərtib edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli qərarı ilə həm iddiaçıya, həm də üçüncü şəxsə torpaq sahəsi ayrılmış, lakin üçüncü şəxsin adına torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair şəhadətnamələr tərtib edildiyi halda, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərinə hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə işin hərtərəfli, obyektiv araşdırılmasının təmin etmək məqsədilə iddiaçının iddia etdiyi 0.12 ha torpaq sahəsi ilə üçüncü şəxsin adına tərtib edilmiş şəhadətnamələrdə qeyd edilən torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaq məqsədilə mütəxəssis rəyinin verilməsi üçün cavabdeh orqana sorğu ünvanlamış, cavabdeh orqan məhkəmə sorğusuna cavab olaraq 23 may 2024-cü il tarixli məktubla mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Mütəxəssis rəyində üçüncü şəxs X1 hal-hazırda istifadəsində olan torpaq sahələrinin faktiki koordinatları N 020A KOD 30106048 saylı və JN 042A KOD 30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə qeyd edilən cizgi ilə üst-üstə düşdüyü və torpaq sahəsinin şəhadətnamədə əsk olunmuş sxem ilə faktiki koordinatları arasında fərq olmadığı qeyd edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, Qusar rayon Toxumçuluq sovxozunun 08 aprel 1996-cı il tarixli, 27/3 saylı əmri ilə İddiaçı ayrılmış (faktiki və yerquruluşu planından çıxarışa əsasən) torpaq sahəsi ilə X1 adına tərtib edilmiş JN 042A KOD 30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxsin adına tərtib edilmiş JN 042A KOD 30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən torpaq sahəsinin üst-üstə düşmə halı mövcuddur, lakin iddiaçının Qusar rayon Toxumçuluq sovxozunun 08 aprel 1996-cı il tarixli, 27/3 saylı əmri ilə ona ayrılmış torpaq sahəsi üzərində hüquqları qeydə alınmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş JN 042A KOD 30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarıdır. Yəni iddiaçı hal-hazırda X1 adına tərtib edilmiş JN 042A KOD 30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni deyil, onun verilməsinə əsas olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarını mübahisələndirməlidir. Məhkəmə eyni zamanda bildirir ki, iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə yuxarıda qeyd edilən Qusar rayon Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilmiş və nəticədə iddia mümkünsüz sayılmışdır, yəni hal-hazırda üçüncü şəxs X2 torpaq sahəsi ayrılması barədə Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli, 10/4 saylı qərarı qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş JN 042A KOD 30106048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş qərarı mübahisələndirdiyi və buna nail olduğu halda həmin şəhadətnamənin ləğvini tələb edə bilərdi. Lakin, göründüyü kimi iddiaçının Qusar rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirdiyi iddia tələbi mümkünsüz sayılmış və məhkəmə qərardadı qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən vətəndaş X1 adma verilmiş JN-042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilməsi və həmin torpaq sahəsi ilə bağlı X1 Hüquqların Dövlət Reyestrində qeydiyyatdan çıxarılması vəzifəsinin qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən vətəndaş X1 adma verilmiş JN- 042A kod 30106048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilməsi və həmin torpaq sahəsi ilə bağlı X1 Hüquqların Dövlət Reyestrində qeydiyyatdan çıxarılması vəzifəsinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar