Məhkəmə qərarları › İş №2-1(118)-1540/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1540/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1540/2023 18.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı onun Azərbaycan Respublikasının (yaxud Naxçıvan MR) Dövlət Universitetlərində tibbi təhsilini davam etdirmək üçün köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının (yaxud Naxçıvan MR) Dövlət Universitetlərində tibbi təhsilini davam etdirmək üçün köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-13119/2022 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasında orta təhsilimi bitirdikdən sonra Ukrayna Respublikasının Xarkov şəhərində ali tibb təhsili alır. Hazırda 5-ci kurs tələbəsidir. Məlum hadisələrlə əlaqədar olaraq (Rusiya-Ukrayna müharibəsi) təhsilinin orada davam etdirilməsi qeyri-mümkündür. Bu səbəbdən də köçürülməsi ilə bağlı Azərbaycan Respublikasına köçürülməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etsə də, məsələ öz həllini tapmamışdır. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələbinə uyğun şəkildə ali məktəbə daxil olmuş, özünən asılı olmayan səbəbdən şəraitin dəyişməsi səbəbindən təhsilini davam etdirmək qeyri-mümkündür. Lakin cavabdeh inzibati orqanın qanunusz imitnası nəticəsində iddiaçı öz təhsilini lazımi şəraitdə davam etdirə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının tələbi digər müraciətlərlə bərabər ekspertizadan keçirilmiş və təmin olunması üçün qanuni əsas olmadığından təmin edilməmişdir. İş materiallarında olan : - Al təhsil müəssisələrinin bakalavriat və magistrtura səviyyələrində ,tibb təhsilinin əsas tibb təhsili və orta ixtisas təhsili üzrə təhsilalanların köçürlməsi sisteminin xx.xx.2022-ci il tarixli köçürülmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə köçürülməsindən imtina edilmişdir. - Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müvəffəqiyyət barədə arayışdan görünür ki, İddiaçı 2021/2022-ci tədris ili üzrə müvafiq fənnlərdən qiymətlər almışdır. -Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli B-10347/02 saylı məktubundan görünür ki,cari il üçün elektron sənəd qəbulu 25-31 iyul tarixlərində aparılmışdır və sözügedən portal vasitəsilə müraciət edən şəxslərin ərizəsinə ekspertiza mərhələsində müvafiq qaydaların tələblərinə uyğun baxılacaqdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyanın qərarına əsasən N.X2 Dövlət Tibb Universitetinin stomatologiya ixtisasından Azərbaycan Tibb Universitetinə eyni ixtisas üzrə köçürülməsinə etiraz edilmir. -Məhkəmənin sorğusuna əsasən X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı 20 may və 18 iyul 2018-ci il tarixlərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş, müvafiq olaraq 163 və 124 bal toplamış və heç bir ali təhsil müəssisəsinə qəbul olunmamışdır (müvafiq məlumatlar əlavə olunur). Əlavə olaraq İddiaçı 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə keçirilmiş müsabiqədə iştirak etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 2019-cu ildə X1 Tibb Akademiyasının “stomatologiya” fakultəsinin əyani şöbəsinə daxil olmuş, 2021-ci ildə X6 Tibb Unversitetinin eyni ixtisasına köçürülmüş, 2022-ci ilin fevral ayınd başlamış məlum hadisələrlə bağlı təhsilini əyani formada davam etdirməsi mümkün olmamışdır. Həmin ildə 3-cü kuru başa çatdırdıqdan sonra cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək Azərbaycan Tibb Universiteti və ya Naxçıvan MR Tibb Universitetinə köçürülməsini xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları: 1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir. 2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar X7 (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. 2.7. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi bu Qaydaların 2.2.-2.3-cü bəndlərində birinci cümləsində qoyulan şərtlər daxilində aparılır. 2.8. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır: 2.8.1. beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); 2.8.2. qənaətbəxş akademik göstəriciləri; 2.8.3. köçürülmə səbəbləri; 2.8.4. təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması. Məhkəmə qeyd edir ki, iddiaçı 2018/2019-cu tədris ilində X7 tərəfindən keçirilən qəbul imtahanları zamanı 700 ballıq şkala üzrə 163 bal toplamış, 2019/2020-cu tədris ilində ali və orta ixtisas təhsil müəssisələrinə qəbulla bağlı keçirilmiş imtahanlarda iştirak etməmişdir. Belə olan halda iddiaçının müraciəti yuxarıda göstərilən Qaydaların 2.8-ci bəndinə uyğun qiymətləndirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı təhsil aldığı ali təhsil müəssisəsindən akademik göstəricilərinin qənaətbəxş olması barədə arayış təqdim etmişdir. Onun köçürülmə ilə bağlı səbəbləri də fövqəladə halla bağlı olduğu üçün üzürlü səbəb kimi qiymətləndirilə bilər, amma müraciətinin digər iki bəndə (2.8.1 və 2.8.4) uyğun olmasını təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə onun müraciətinin təmin olunmasını məqsədəuyğun hesab etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar