Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1542/2021 13.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə daşınmaz əmlak üzərinə hüquqlarının qeydiyyata alınması vəzifəsinin qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin əvvəllərində ünvan 2Cabbarlı küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısına rəsmi surətdə müraciət etmiş, ərizəni araşdırdıqdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçının 27 iyul 2016-cı il tarixli 201 saylı “sahibkarlıq obyektinin tikintisinin layihələndirilmsəinə icazə verilməsi haqqında” sərəncamı qəbul edildi və ona rəsmi qaydada təqdim edildi. Sərəncamın birinci bəndində qeyd edilir ki, “ünvan 1 ünvanında yaşayan İddiaçı ünvan 2Cabbarlı küçələrinin kəsişməsində yerləşən 120 kvadrat metr müasir memarlıq üslubunda layihəyə uyğun olaraq sahibkarlıq obyektinin tikintisinin layihələndirilməsinə icazə verilsin”. Həmin Sərəncamın 3 -cü maddəsinə əsasən tikiləcək obyektin eskiz və işçi layihəsi hazırlanmış və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmışdır. Torpaq sahəsi dövlət mülkiyyətində olduğundan 120 kvadrat metr torpaq sahəsinə dair 01.12.2020-ci ildə 11 saylı icarə müqavilə imzalanmışdır. Obyekt hazır olduqdan sonra sənədləri Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsinə təqdim etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçiləri müəyyən təhqiqat apardıqdan sonra obyektin istismara icazəsi barədə 2 saylı sənədi ona təqdim etmişlər. Qeyri-yaşayış sahəsinin istismara icazəni və digər sənədləri aldıqdan sonra sənədləri cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat tərəfindən 25.06.2021ci il tarixdə **********37 saylı “daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş verildi. Bildirişlə tanış olduqdan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh heç bir səbəb olmadan onun hüquqlarının qeydə keçirilməsi barədə imtina bildirişi vermişlər. Cavabdeh təşkilatın məntiqini başa düşmək olmur. Cavabdeh təşkilat faktiki olaraq 8.0.10.1 maddəsinə istinad etsə də, həmin maddənin tələbləri onun tərəfindən tam yerinə yetirilmişdir. Lakin bildirişin 2-ci abzasında cavabdeh təşkilat qeyd edir ki, “sözügedən qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı ərizəyə əlavə olmadığında, həmçinin tikinti obyektinin istismarına icazə sənədində tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, o cümlədən istismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi qeyd olunmadığından ərizənizin icrası mümkün olmamışdır”. Amma cavabdeh təşkilat Daşınmaz Əmlakın Dövlət X4 8.0.10.1 maddəsinə istinad etmişdir. Həmin maddə də, yuxarıda göstərilən sənədlərin təqdim olunması nəzərədə tutulmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün sənədləri təqdim etmişdir. Bu baxımdan imtinanın formal xarakterli səbəbələrini cavabdeh təşkilatın süründürməçiliyi kimi qəbul edilməlidir. Cavabdeh təşkilat tərəfindən tələb edilən və istismara qəbul aktında göstərilməli olan tikinti kodunun əldə edilməsinə mümükün deyil. Belə ki, 2016-cı ildə həmin qeyri-yaşayış obyektinin tikintisinə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən deyil, Sumqayıt İcra Hakimiyyəti tərəfindən verilmişdir. Qeyri- yaşayış sahəsi 2016-cı illərin sonunda tam inşa edilmişdir. Lakin tikintinin istismarına icazə sənəədi səhlənkarlıq ucbatından 2016-cı ildə alınmamışdır. Hal-hazırda Şəhərsalma və Arxitektura Komitəsi ona hazır tikiliyə müvafiq kod vermir, Sumqayıt Şəhər İcra Hakimiyyəti isə tikiliyə kod vermək hüququna malik deyil. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək İddiaçı ayrılmış ünvan 2Cabbarlı küçəsinin kəsişməsində yerləşən sahəsi 102 m2 olan qeyri-yaşayış binasının onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı ünvan 2Cabbarlı küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə 22 iyun 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı ərizəyə əlavə olunmadığına, həmçinin tikinti obyektinin istismarına icazə sənədində tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, o cümlədən istismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi qeyd olunmadığından ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə qeyd edilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən sonra) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə ərizəyə əlavə edilməlidir. Belə ki, həmin qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsinin təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2016-cı il tarixli, 201 nömrəli Sərəncamının surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin istismarına dair 09.02.2021-ci il tarixli, 2 nömrəli icazəsinin surəti, Torpaq sahəsinin icarəyə verilməsi haqqında 01.12.2020-ci il tarixli, 11 nömrəli icarə müqaviləsinin surəti, Qeyri-yaşayış obyektinə dair eskiz layihənin surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 22 iyun 2021-ci ildə ünvan 2Cabbarlı küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmışdır. Qeyd olunan müraciətə: 1) inşa edilmiş qeyri-yaşayış binasına dair tərtib edilmiş eskiz lahiyəsi 2) istismara hazırlıq aktı 3) tikinti obyektinin istismara icazə sənədi 4)İcarə müqaviləsi 5) Sumqayıt İcra Hakimiyyəti başçısının Sərəncamı əlavə edilmişdir. DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi qeyd olunan sənədləri araşdırdıqdan sonra sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarının, tikinti obyektinin istismarına icazə sənədində tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, o cümlədən istismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi qeyd olunmadığını bildirmişdir. Buna görə də inzibati orqan müraciətdə göstərilən və yeni inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özü tərəfindən inşa edilmiş və ünvan 2Cabbarlı küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə dair məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və etiraz ərizəsində iddia tələbinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkün hesab edilməməsini bildirmiş, o cümlədən iddiaçının tələbinin hansı səbəbdən həyata keçirilə bilmədiyini göstərmişdir. İlk növbədə məhkəmə iddia tələbinin mümkünlük məsələsinin araşdırmasını zəruri hesab edir. Məhkəmə cavabdeh təşkilat tərəfindən etirazında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq iddianının qeyri-mümkün hesab edilməsinə dair gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ünvan 2Cabbarlı küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının inşa edilməsinə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmin tikili inşa edildikdən sonra istismara qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq inşa etdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüquqlarını qeydə alınmasını istəyir. Lakin DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi X2 35-ci maddəsində qeyd olunmuş-müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslanmadığına istinad edir. Məhkəmə hesab edir ki, İddiaçı konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilatın gətirdiyi arqument əsassızıdr və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Cavabdeh təşkilatın etiraz ərizəsində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Sumqayıt İcra Hakimiyyəti tərəfindən verilmiş “Tikinti obyektinin istismarına” 09.02.2021-ci il tarixli, 2 nömrəli “İcazə” sənədində “Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafaları boş saxlanılması, “İstismara hazırlıq aktının verilmə tarixi və qeydiyyatı” ın göstərilməməsi 2) Həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin inzibati orqana təqdim edilməməsi Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır. Cavabdeh təşkilatın etirazında göstərdiyi birinci arqumenti araşdıraraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tikinti normalarına cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən mülkiyyətində olan tikiliyə müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasıda həyata keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 09.02.2021-ci il tarixli 2 saylı icazə sənnədində olan “hazırlıq aktının tarixi və qeydiyyatının göstərilməməsi” tikilmiş qeyri-yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsanamənin 8.20-3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək Komitənin vəzifəsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.7-ci maddəsinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi barədə qərar qəbul edildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 103.1.6-cı maddəsinə əsasən tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi tikinti obyektinin istismarına icazədə sənədində göstərilməlidir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Məcəllənin 102.8-ci maddəsinə əsasən bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.2-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 101.4-cü və 102.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmişdir “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” nın 6.1-ci bəndinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.Həmin Qaydanın 6.2-ci bəndinə əsasən tikintisi başa çatmış obyektin istismarına icazə verilməsini “bir pəncərə” prinsipi əsasında icazə verən orqan həyata keçirir. Həmin Qaydanın 6.3-cü bəndinə əsasən tikintisi başa çatmış obyektin istismarına icazə alınması üçün sifarişçi Məcəllənin 102-ci maddəsinə uyğun olaraq icazəni verən orqana ərizə ilə müraciət edir. Həmin Qaydanın 6.4-cü bəndinə əsasən icazə verən orqan tikinti obyektinin istismarına icazə verilməsi üçün müraciətin təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir. Tikinti obyektinin istismarına icazə müəyyən edilmiş vahid formada verilir və icazə verən orqanın məsul şəxsi onu imzalayır və möhürlə təsdiqləyir. Göründüyü kimi 2018-ci ilin dekabr ayından sonra respublika ərazisində aparılan tikililərin qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməsi, o cümlədən inşa edilən tikililərə aid olan sənədlərin tələblərə uyğunluğunun müəyyən edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Hazırkı, iddia tələbinə əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçıya qeyriyaşayış binasının inşası üçün Sumqayıt şəhər İcra hakimiyyəti səlahiyyətləri çərçiəsində 27 iyul 2016-cı ildə icazə verilmişdir. Nəzərə alınmalıdır ki, Şəhərsalma və Arxitektura Komitəsinin Əsasnaməsinə 2019-cu ildə edilmiş dəyişikliyə qədər müvafdiq tikililərə icazə və həmin tikililərin istismarına icazələr yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilirdi. İddiaçı tərəfindən inşa edilən qeyri yaşayış sahəsinin istismara qəbul edilməsi 2021-ci ilə təsadüf elədiyinə tikiliyə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən istismara icazə sənədi verilmişdir. Lakin Nazirlər Kabinetinin 21 noyabr 2018-ci il 495 nömrəli qərarına əsasən edilmiş dəyişiklidən sonra tikiliyə verilən icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsi göstərilməlidir. Halbu ki, Şəhərsalma və Arxitektura Komitəsi tikili üçün kodu o halda verə bilər ki, həmin tikiliyə verilən icazə onun müsbət rəyi əsasında verilmiş olsun. Mübahisə predmeti olan tikilinin 2016-cı ilə təsadüf etməsi bu halı istisna edir. Ona görədə məhkəmə hesab edir ki, hazır ki, iddia tələbi üzrə cavabdehin formal tələblərə əsaslandığı arqumenti əsassızdır. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi birinci arqumenti əsassız olur. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci arqumenti araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan arqument iddiaçının inşa edilmiş tikiliyə görə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı tərfindən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı və digər zəruri hüquqmüəyyənedici sənədlərinin inzibati orqana təqdim edilməsinə baxmayaraq əsassız olaraq vətəndaşın müraciətini təmin etməmişdir. Məhkəmə araşdırması zamanı müvafiq hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən təqdim edildiyinə görə, cavabdehin gətirdiyi ikinci arqument də əsassız olur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsi dövlət torpaqlarına aid olmaqla yanaşı dövlətin müstəsna mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış binasının tikintisinə icazə və qeyri-yaşayış binası inşa edildikdən sonra istismara icazə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti dövlət qurumu olmaqla yanaşı dövlətin mülkiyyətində olan torpaq sahəsinin üzərində qeyriyaşayış binasının inşa edilməsinə etiraz etməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeydiyyata alınması tələb edilən əmlak torpaq sahəsi deyil, həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlətin mülkiyyətində olan torpaq sahələri istifadəyə və ya icarəyə verilə bilər. Həmin Məcəllənin 50-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi 15 ildən 49 ilədək uzunmüddətli müvəqqəti istifadəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində müvəqqəti istifadə və icarə hüquqları həyata keçirilə bilər. Yəni dövlət mülkiyyətində olan torpaq sahəsinə dair müvəqqəti istifadə və icarə hüququnun həyata keçirilməsi dövləti təmsil edən qurumların müstəsna səlahiyyətidir və həmin qurumlar istənilən zaman öz torpaq sahələri üzərində inşa edilmiş tikinti mülkiyyətçiləri ilə icarə müqaviləsi bağlamaq hüquqlarına malikdirlər. Məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2Cabbarlı küçəsinin kəsişməsində yerləşən sahəsi 102 m2 olan qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Cavabdehnə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1542/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1542/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver