Məhkəmə qərarları › İş №2-1(118)-1544/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1544/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1544/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonunun Qımılqazma bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli, 08 saylı iclasının qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Qımılqazma kəndi ərazisində yerləşən sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayonunun Qımılqazma bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli, 08 saylı iclasının qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Qımılqazma kəndi ərazisində yerləşən sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-12054/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Quba rayonu Qımılqazma Bələdiyyəsinin (halhazırda Qəçrəş Bələdiyyəsi,belə ki,29 may 2009-cu il tarili,826-İİİQ nömrəli “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Qəçrəş və Qımılqazma bələdiyyələrinin əhatə etdiyi Küsnətqazma. Qəçrəş və Qımılqazma kəndlərində Qəçrəş bələdiyyəsi yaradılmışdır) 25 iyul 2006-cı il tarixli, 08 saylı iclasının qərarı ilə Qımılqazma kəndi ərazisində 0,12 ha torpaq sahəsi fərdi ev tikintisi məqsədi ilə iddiaçının mülkiyyətinə verilmişdir.Həmin torpaq sahəsinin alqı-satqı məbləği olaraq tərəfindən 240 (iki yüz qırx) manat pul vəsaiti Qımılqazma Bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsinin alqı-satqı aktı da tərtib edilərək Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 18 dekabr 2007-ci il tarixdə 1552 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin, sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanaraq 3266 nömrəsi ilə X6 kitabında qeydiyyata alınmışdır. Ancaq iddiaçı həmin dövrdə hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq iddiaçının mülkiyyətindədir. Bu səbəbdən bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişdir. Sonradan torpağın sənədləşmə işlərinin tam başa çatdırılmadığını öyrənərək torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir.Lakin cavabdeh tərəfindən torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin müraciətinə verdiyi 29 avqust 2023-cü il tarixli,3-21 -3-34/2- 12054/2023 saylı cavab məktubunda torpaq üzərində mülkiyyət hüququmun qeydiyyatının aparılmasından imtina edilməsi Qımılqazma Bələdiyyəsinin mülkiyyətimə torpaq sahəsinin ayrılması barədə 25 iyul 2006-cı il tarixli,08 saylı iclas qərarı əsasında verilmiş alqı-satqı aktının nın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində 18 dekabr 2007-ci il tarixdə qeydiyyatdan keçməsi,həmin dövrdə bələdiyyə torpaqlarının hərrac və müsabiqə ilə verilməli olması, eləcə də torpağın faktiki koordinatlarının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarından fərqli olması ilə əsaslandırılmağa çalışılmışdır. Hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası üçün gətirdiyi dəlillər tamamilə əsassızdır və qanunaziddir. Belə ki,iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzinin surətindən də görünür ki, torpağın alqı-satqı haqqı olaraq tələb olunan pulu Qımılqazma Bələdiyyəsinin hesabına köçürmüş, sonuncu həmin pul ödənişini ondan qəbul etmiş və onunla torpağın alqı- satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində qeydiyyata alınmış akt da tərtib edilmişdir. Sözügedən alqı-satqı aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində 18 dekabr 2007-ci il tarixdə qeydiyyatdan keçməsi torpağın həmin dövrdə ayrılması anlamına gəlmir.Belə ki, mübahisələndirilən torpaq sahəsi yuxarıda qeyd etdiyi kimi Qımılqazma Bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli,08 saylı iclasının qərarı ilə iddiaçıya ayrılmışdır.Bu səbəbdən həmin alqı-satqı aktının 18 dekabr 2007-ci il tarixdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində qeydiyyatdan keçinin aparılmasından imtinası üçün əsaslı sayıla bilməz. Bu cür işlər üzrə artıq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirka etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ətraf ərazilər iddiaçının qohumlarına məxsusdur, hər hansı bir mübahisəli hal mövcud deyil. Cavabdeh etirazında qeyd edir ki, Quba rayon Qımılqazma bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı iclas protokolundan çıxarış əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmışdır. Həmin dövrdə 23 oktyabr 2007 tarixli 46S-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bundan əlavə, 0.12 ha torpaq sahəsinin faktiki istifadəsinin koordinatları ərizəyə əlavə olunmuş ləğv edilmiş DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən tərtib edilmiş A № 367179 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlardan tam fərqlidir. Həmin torpaq sahəsi üçün 1:10000 miqyaslı sxem təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 15-ci maddələ inə əsasən ərizələin icrasından xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-3966/2023 nömrəli və 2108 2023-cü il taixli 3-21-3-34/2- 12054/2023 nömrəli məktublarla imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Quba rayonunun Qımılqazma bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli, 08 saylı iclasının qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Qımılqazma kəndi ərazisində yerləşən sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Quba rayon Qımılqazma bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı iclas protokolundan çıxarış əsasında tərtib olunmuş torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmışdır. Həmin dövrdə 23 oktyabr 2007 tarixli 46S-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bundan əlavə, 0.12 ha torpaq sahəsinin faktiki istifadəsinin koordinatları ərizəyə əlavə olunmuş ləğv edilmiş DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən tərtib edilmiş A № 367179 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlardan tam fərqlidir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Quba rayon Qımılqazma Bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli 08 saylı Qərarı ilə iddiaçıya 0.12 ha torpaq sahəsi ayrılmışdır. Alqı-satqı aktı xx.xx.2007-cı il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmiş, 18 dekabr 2007-ci il tarixdə 1552 nömrə ilə Quba rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixli, 06 saylı ödəniş qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən AN 367179 saylı torpaq sahəsinin planı və ölçüsü X6 kitabında 06 sentyabr 2011-ci il tarixdə 3266 nömrə ilə uçota alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon Qımılqazma Bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli, 08 saylı qərarı Azərbaycan Respublikası Dövlət X5 təhvil verilməmişdir. Lakin Məhkəmə araşdırması zamanı Quba rayon Qəçreş bələdiyyəsinin 05 mart 2024-cü il tarixli, 77 saylı məktubu ilə Quba rayon Qımılqazma Bələdiyyəsinin (hal-hazırda Qəçrəş Bələdiyyəsi adlanır) 25 iyul 2006-cı il tarixli, 08 saylı iclasının qərarının bələdiyyədə saxlanılan nüsxəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə yuxarıda qeyd edilən sənədlərin mötəbərliyi öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə araşdırması zamanı torpaq sahəsinin cavabdeh inzibati orqan tərəfindən yerində müəyinə edilməsi tələb edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 mart 2024-cü il tarixli 3- 21-3-34/2-2700/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları GPS aləti vaistəsi ilə naturadan (yerdən) götürülmüşdür. Mübahisəli torpaq sahəsinin müayinəsi zamanı qonşu mülkiyyətçilər ilə heç bir mübahisə halı qeydə alınmamışdır. Sözü gedən torpaq sahəsi hal-hazırda iddiaçı və ailə üzvləri tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, iddiaçılara məxsus A №367179 saylı plan-ölçü sənədində göstərilən koordinatlar və cizgiləri ilə iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları və cizgiləri arasında qismən fərq vardır. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üstüstə düşmür və kəsişmir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X1b uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. Göründüyü kimi torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir, yaşayış məntəqələri torpaqlarına aiddir, digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmə halı yoxdur. İddiaçılara məxsus A №367179 saylı plan-ölçü sənədində göstərilən koordinatlar və cizgiləri ilə iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları və cizgiləri arasında qismən fərqin olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Göründüyü kimi uyğunsuzluq olduğu halda həmin uyğunsuzluğu aradan qaldırılması cavabdeh orqanın səlahiyyətinə aid edilmiş məsələdir. Məhkəmə iclasındada iddiaçının nümayəndəsi və vəkili ətraf ərazilərin iddiaçının qohumlarına məxsus olduğunu, hər hansı bir mübahisənin olmadığını bildirmişdir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Göründüyü kimi idddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal müəyyən olunmur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quba rayonunun Qımılqazma bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli, 08 saylı iclasının qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Qımılqazma kəndi ərazisində yerləşən sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar