Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1546/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X15 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 3/83 (83) saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvan 2 ünvanında, ümumi sahəsi 32,8 kv m mənzilin atası Umarov Yuriy Qazı oğlunun adına daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4, X11, X15 oğlu, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 3/83 (83) saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri X6 İcraiyyə Komitəsinin 26 iyun 1970-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 3/83 saylı mənzil mərhum atası Umarov Yuriy Qazı oğluna ayrılmış və bu barədə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən 12 iyul 1970-ci il tarixli, 08/203 saylı order verilmişdir. İddiaçının atası Umarov Yuriy Qazı oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı notariusa müraciət edərək vərəsəlik qəbul etmiş və onun adına vərəsəlik işi açılmışdır. Bundan sonra o, mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdehə əmüraciət etmişdir, lakin cavabdeh tərəfindən imtina bildirişi verilmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 iyul 1970-ci il tarixli, 08/203 saylı order binanın nömrəsi “31/14” mənzil 3/83 Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv çıxarışında binanın nömrəsi “14”, mənzil “3” göstərilmişdir. Həmçinin sözügedən orderdə və arxiv çıxarışında mənzil sahibi kimi “Umarov Yuri Nazı” oğlu yazılsa da, ölüm haqqında şəhadətnamədə İşə “Umarov Yuriy Qazı” oğlu kimi qeyd edilmişdir. Bununla bağlı o, ümumi məhkəməyə müraciət etmişdir və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3042/2023 saylı qətnaməsi ilə Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürlüməsi şöbəsi tərəfindən 12 iyul 1970-cİ il tarixli, 08/203 saylı orderin və Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli 05 nömrəli arxiv çıxarışının Umarov Yuriy Qazı oğluna məxsus olması faktı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən 12 iyul 1970-ci il tarixli, 08/203 saylı order verilmişdir. Həminn orderdə ünvan 4-cü mikrorayon, ev 31, mənzil 3/83 göstərilmişdir. Həmçinin Mənzil Komunal X3 arayışında da görünür ki, 4-cü mikrorayon, ev 31, mənzil 3/83 ilə 4-cü mikrorayon, ev 3 1/14, mənzil 83 eyni ünvandır. Ona görə də, hesab edir ki, iddiası təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın yəmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1970-cİ il tarixli 08/203 nömrəli orderində binanın nömrəsi “31", mənzil “3/83" qeyd edilsə də, Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli 05 nömrəli arxiv çıxarışında binanın nömrəsi “14", mənzil “3" göstərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3042/2023 nömrəli qətnaməsi ilə xx.xx.1970-ci il tarixli 08/203 saylı orderin və xx.xx.2023-cü il tarixli 05 nömrəli arxiv çıxarışının Umarov Yuriy Qazı oğluna məxsus olması faktı müəyyən olunmuşdur. Digər uyğunsuzluqla bağlı 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Üçüncü şəxs X7 iddianı qəbul etdi və mənzilin iddiaçının adına özəlləşdirilməsinə razı olduğunu bildirdi. Digər üçüncü şəxslər məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə üşüncü şəxslərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. İş materiallarında olan: -Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürlüməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli, 08/2023 nömrəli orderdən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31, mənzil 3/83 Umarov Yuriy Nazı (Kazi) oğlu və onun üzvlərinə verilmişdir. - Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli protokoldan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 3/83 saylı mənzil Umarov Yuriy Nazı oğlu və onun üzvlərinə verilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3042/2023 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 iyul 1970-ci il tarixli, 08/203 saylı orderin və Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv çıxarışının Umarov Yuriy Qazı oğluna məxsus olması faktı müəyyən edilmişdir. - AZ-İİ 317372 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Umarov Yuriy Qazı oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - İ-ЖГ 259608 nömrəli şəhadətnamədən görünür ki, X10 ad və soyadı dəyişdirilərək “İddiaçı” kimi qeyd edilmişdir. - 12 saylı MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvan 4-cü mikrorayon, ev 31/14, mənzil 83 ilə eynidir. - 12 saylı MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31, mənzil 3/83 ünvanında 1999-cu ildən yaşamır və qeydiyyatı yoxdur. - X4, X11, X15 oğlunun notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31, 83 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmilrər. - DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı və ******* saylı arayışlardan görünür ki, Sumqayıt şəhəri, ünvan 4 ünvanından İddiaçı, X4, X11, X15 oğlu qeydiyyatdadırlar. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının0 «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət teyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məhz Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 3/83 saylı mənzilin ayrılması öz təsdiqini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3042/2023 saylı qətnaməsinə əsasən Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 iyul 1970-ci il tarixli, 08/203 saylı orderin və Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv çıxarışının Umarov Yuriy Qazı oğluna məxsus olması faktı müəyyən edilmişdir. Bundan başqa iddiaçıya verilmiş orderdən fərqli olaraq arxivdə saxlanılan sənədlərdə binanın və mənzilin nömrəsinin fərqli göstərilməsi iddiaçının məsuliyyət sferasına daxil edilmiş məsələ deyildir. Həmin sənədlər müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən tərtib edilmişdir və texniki səhvlərə yol verdiyinə görə iddiaçının mənzil üzərində gözlənilən mülkiyyət hüququ pozulmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 3/83 (83) saylı mənzilin İddiaçı adına özəlləşdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 3/83 (83) saylı mənzilin İddiaçı adına özəlləşdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1546/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1546/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver