Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1547/2021 06.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli, 38 saylı qərarı ilə mülkiyyətinə verilmiş “Novxanı bağları” ərazisində yerləşən sahəsi 1200 kv.m olan B-1008 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli, 38 saylı qərarı ilə mülkiyyətinə verilmiş “Novxanı bağları” ərazisində yerləşən sahəsi 1200 kv.m olan B-1008 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2007-cı ilin əvvəllərində ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək "Novxanı bağları” ərazisində yerləşən və onun faktiki istifadəsində olan sahəsi 1200 kv.m təşkil edən B-1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında torpağın mülkiyyətinə satılması Sumqayıt Bələdiyyəsi tərəfindən məqsədəuyğun sayılmışdır. Müvafiq sənədləşmə işləri aparıldıqdan sonra onun tərəfindən Sumqayıt Bələdiyyəsinin hesablaşma hesabına torpağın alqı-satqı haqqı olaraq 2160 (iki min bir yüz altmış) manat məbləğində pul ödənildikdən sonra Sumqayıt Bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli, 38 saylı qərarı ilə sahəsi 1200 kv.m olan B-1008 saylı bağ torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin alqı-satqısına dair onunla Sumqayıt bələdiyyəsi arasında 04 mart 2008-ci il tarixdə müvafiq akt imzalanmış, torpağın yerində ona təhvil verilməsi barədə təhkim aktı tərtib edilərək ona təqdim olunmuş, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən bağ torpaq sahəsinin "planı və ölçüsü” də tərtib edilərək X4 Kitabında qeydiyyata alınmışdır. Lakin torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatından keçirmək istəyərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən ona bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar özəlləşdirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Sumqayıt Bələdiyyəsinə müraciət etdikdə də ona bildirilmişdir ki, həqiqətən torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təqdimatı əsasında Sumqayıt şəhər Bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir. Onun hüquqları Sumqayıt Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün o məhkəməyə müraciət etmək və sözügedən bələdiyyə qərarının ləğv edilməsini xahiş etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-568/2021 saylı qərarı ilə onun iddia ərizəsi təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 nömrəli qərarı onun mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında Sumqayıt Bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli, 38 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunmuşdur. Adı çəkilən məhkəmə qərarı hal-hazırda qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd edilən sənədlər əsasında o, müvafiq ərizə ilə təkrarən Cavabdehnə müraciət edərək mülkiyyətinə verilmiş bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsini xahiş etmişdir. Lakin qeyd olunan sənədlər tərəflərdən Cavabdehnə təqdim edilsə də, sonuncu müxtəlif aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən müraciətinə verilmiş 07 iyul 2021-ci il tarixli, **********30 saylı cavab məktubunda bildirilmişdir ki, "Torpaqların alqı-satqı Qaydaları”nın ziddinə olaraq Sumqayıt Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsi barədə qərarı 14 dekabr 2007-ci il tarixdə qəbul edildiyi halda torpağın alqı-satqı aktı 19 mart 2008-ci il tarixdə tərtib edilmişdir. Bu səbəbi əsas götürərək cavabdeh sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının müddəalarını və qanuni qüvvəyə minmiş məhkəmə qərarını nəzərə almamışdır. Bu səbəbdən o, cavabdehin bu hərəkətini qanunazidd və ədalətsiz hesab edərək və torpaq üzərində mülkiyyət hüququnun birbaşa pozulmasına yol açdığını nəzərə alaraq, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək və pozulmuş hüququnun bərpasını tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iştirak etməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt Şəhəri, Novxanı bağları ərazisi, B-1008 ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə 01.07.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ‘‘Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə’’nin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarının müddəalarına zidd olaraq bələdiyyənin qərarının 14.12.2007-ci il tarixdə verilməsinə baxmayaraq alqı-satqı aktı 19.03.2008-ci il tarixdə tərtib edilmişdir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş və iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhər bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyi nəzərə alınaraq, “Novxanı bağları” ərazisində yerləşən, sahəsi 1200 kv.m olan, rəmiləşdirilməmiş istifadə olunan B-1008 saylı bağ torpaq sahəsinin Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, ev 70, mənzil 20-də yaşayan vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair 04 mart 2008-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli qərarı ilə ayrılmış 1200 kv.m torpaq sahəsinin müqabilində İddiaçı tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına 2160 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə akt tərtib edilmişdir. - İşdə olan EQĞ 018410 saylı, 20 aprel 2005-ci il tarixli Kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Rafiq oğlu tərəfindən Sumqayıt şəhər Sumqayıt Bələdiyyəsinin hesabına bağ sahəsinin alqı-satqısı müqabilində köhnə manat məzənnəsi ilə ******* manat məbləğində pul ödənilmişdir. - İşdə olan 22 noyabr 2007-ci il tarixli, ******* saylı qəbzdən görünür ki, İddiaçı Rafiq oğlu tərəfindən Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin hesabına bağ sahəsinin torpaq alqı-satqısı müqabilində 1560 manat məbləğində pul vəsaiti ödənilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-568/2021 saylı, 17.02.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Sumqayıt bələdiyyəsinə qarşı iddiası təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 nömrəli qərarının “Novxanı bağları” ərazisində yerləşən və sahəsi 1200 kv.m olan B-1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli 38 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 iyul 2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının Sumqayıt şəhər bələdiyyəsinin 14.12.2007-ci il tarixli qərarı ilə ayrılmış “Novxanı bağları” ərazisində yerləşən, sahəsi 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsası kimi, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən 14.12.2007-ci il tarixdə ayrılmasına baxmayaraq, 19.03.2008-ci il tarixdə alqı-satqı aktının tərtib edilməsi göstərilmişdir. Halbuki işə əlavə edilmiş 22 noyabr 2007-ci il tarixli, ******* saylı və EQĞ 018410 saylı, 20 aprel 2005-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı həmin torpaq sahəsinin müqabilində Sumqayıt şəhər bələdiyyəsinin hesabına vəsaiti ödəmiş, yuxarıda sadalanan sənədləri əldə edərək torpaq sahəsinə sahiblik etmişdir. Beləliklə iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları yaranmış və o, həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnun yaranması üçün cavabdeh orqana müraciət etmişdir. Sözügedən torpaq sahəsinə dair 22 noyabr 2007-ci il tarixli, ******* saylı və EQĞ 018410 saylı, 20 aprel 2005-ci il tarixli qəbzlər əsasında pul vəsaiti ödənildiyi halda, cavabdeh bələdiyyə tərəfindən həmin torpaq sahəsinin alqı-satqısına görə 2008-ci il tarixdə akt tərtib edilməsi iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinası üçün əsas hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materialları ilə müəyən olunur ki, sözügedən bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmiş, sonuncu qərarın ona aid hissədə ləğvi ilə bağlı iddiaçı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 2-1(118)- 568/2021 saylı, 17.02.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Sumqayıt şəhər Bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 nömrəli qərarı “Novxanı bağları” ərazisində yerləşən və sahəsi 1200 kv.m olan B-1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli 38 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prsoessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prsoessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Bundan başqa məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları öz əksini tapmışdır. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı biri mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər Bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli, 38 saylı qərarı ilə ayrılmış “Novxanı bağları” ərazisində yerləşən sahəsi 1200 kv.m olan B-1008 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhər Bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli, 38 saylı qərarı ilə ayrılmış “Novxanı bağları” ərazisində yerləşən sahəsi 1200 kv.m olan B-1008 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1547/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1547/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver