Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1547/2022 07.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis şöbəsinə qarşı “Cavabdeh2 ona məxsus ünvan 1 ünvanda yerləşən 31 saylı evin 8 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 31 saylı evin 8 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs Cavabdeh2 onun keçmiş gəlinindir və həmin mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Onun mənzil üzərində heç bir hüququ yoxdur. O hal-hazırda başqa ünvanda yaşayır. Üçüncü şəxsin mənzilində qeydiyyatda qalması ona mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Üçüncü şəxsi qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis idarəsinə müraciət etmiş, polis idarəsi müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, üçüncü şəxs Cavabdeh2 ona məxsus ünvan 1 ünvanda yerləşən 31 saylı evin 8 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis şöbəsinə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər 3-cü şəxsin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslərə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvandan köçüb” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Həmçinin məhkəmə tərəfindən mobil rabitə vasitəsilə Cavabdeh2 ilə əlaqə saxlanılmış və üçüncü şəxs məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Siyəzən rayon Polis şöbəsi tərəfindən verilmiş 183-2896S-3222 nömrəli, 15 mart 2022-ci il tarixli imtina məktubu, 1023 inventar işi reyestr nömrəsi 69 Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, rayon icra hakimiyyəti başçısının sərəcnamların surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 31 saylı evin 8 nömrəli mənzili şəhid ailəsi olduğuna görə dövlət tərəfindən ona verilmişdir və halhazırda həmin mənzilin mülkiyyətçisidir. Üçüncü şəxs- Cavabdeh2 iddiaçının gəlinidir və 2012-ci ildən etibarən həmin mənzilə köçmüş Cavabdeh2 artıq 1 ilə yaxındır ki, iddiaçının mülkiyyətində olan mənzili tərk edərək başqa ünvanda yaşayır, yəni daimi əsaslarla mübahisə predmeti olan mənzili tərk etmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh2 sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil İddiaçı övladı olan X1 mülkiyyətində olduğu tədqirdə 3-cü şəxs olan Cavabdeh2 həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. Lakin, Cavabdeh2 pasport qeydiyyatına düşdüyü mənzil qayınanasının 2000-ci ilin may ayından xüsusi mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs - Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 31 saylı evin 8 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh2 İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 31 saylı evin 8 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1547/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1547/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver