Məhkəmə qərarları › İş №2-1(118)-1547/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1547/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1547/2025 02.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhəri Corat bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin satılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri Corat bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılması” tələbinə dair iddiası üzrə inzibati işə 2 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 1 mart 2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 34L ünvanda yerləşən **********82 reyestr nömrəli 0,0585 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Sumqayıt şəhəri Corat bələdiyyəsinin 25 dekabr 2023-cü il tarixli, 151 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ********** qeydiyyat saylı 1 mart 2011-ci il tarixli, **********82 saylı reyestr çıxarışı almağı şübhə doğurur. Çünki 2007-2011-ci illər dövlət tərəfindən torpaq sahələrinin sənədləşdirilməsi dayandırılmışdır. Belə fərz edilir ki, torpaq sahəsini bələdiyyə tərəfindən sənədləşdirilməmişdir. Qeyd edilir ki, əlavə olaraq 160 kv.m torpaq sahəsini zəbt etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 16.3-cü bəndinə əsasən geri qaytarılması mümkün olmayan torpaq sahələri bilavasitə ondan istifadə edən vətəndaşa verilir. Lakin torpaq sahəsinin iki tərəfdən yolu olduğuna görə geri qaytarılması mümkün olan torpaq sahəsidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin 1 və 2 bəndini pozmuşdur ki, bu qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır və 188 maddənin 4.2-ci bəndinə əsasən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda bildirilmişdir ki, 2007-2011-ci illərdə Corat bələdiyyəsi tərəfindən heç bir vətəndaşa torpaq sahəsi ayrılmadığına görə torpaq sənədləri şübhə doğurur. Odur ki, bu barədə dövlət Prokurorluq orqanlarına məlumatın göndəriləcəyi və torpaq sahəsi geri alındıqdan sonra şəhid ailəsinə veriləcəyi bildirilmişdir.

3. Sumqayıt şəhəri Corat bələdiyyəsinin 14 mart 2024-cü il tarixli, 35 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Corat qəsəbəsi ərazisində özbaşına zəbt etdiyi torpaq sahəsində ona məxsus olan bütün əşyaları təcili olaraq oradan daşıyıb çıxarılması bildirilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 24 aprel 2024-cü il tarixli, 3-21-3-02/2-Q-05xx-xx/2024 nömrəli məktubundan görünür ki, 140 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, kadastr və ölçmə işlərinin aparılması ilə bağlı hər hansı müraciət “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmamışdır.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin 29 aprel 2024-cü il tarixli, 06/505 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, araşdırma ilə bağlı Sumqayıt şəhər Corat bələdiyyəsinin təqdim etdiyi 18 aprel 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, iddia etdiyi 140 kv.m torpaq sahəsi tərəfindən zəbt edilmiş, bu səbəbdən həmin torpaq sahəsinin boşaldılması ilə bağlı bələdiyyə tərəfindən xəbərdarlıq edilmişdir. Bələdiyyənin 25 dekabr 2023-cü il tarixli məktubu ilə torpaq sahəsinin adına rəsmiləşdirilməsindən imtina edildiyindən həmin qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malik olduğu bildirilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

6. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ (qeydiyyat ********** nömrəli; qeydiyyat tarixi 1 mart 2011-ci il; **********82 reyestr nömrəli çıxarış) əsasında iddiaçıya məxsus torpaq sahəsinə bitişik və səlahiyyətli qurumların icazəsi ilə zibillikdən və nahamarlıqlardan təmizlənərək, uzun illərdən bəri hasara alınmaqla istifadəsində olan 140 kv.m torpaq sahəsinin satılması ilə bağlı müvafiq işlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin hallarına (§1-5) istinad edilərək onunla əsaslandırılmışdır ki, Corat qəsəbəsi ərazisində iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşən, uzun illərdən bəri (hasarlanaraq, üzərində əmlakları yerləşdirilmiş) faktiki istifadə etdiyi 140 kv.m torpaq sahəsi vardır. 2011-ci ildə Sumqayıt-Novxanı yolunun abadlaşdırılması məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələrinin göstərişinə əsasən həmin ərazinin zibillikdən təmizlənməsi, torpaqla doldurulması və İcra nümayəndələrinin podratçı təşkilatları tərəfindən hasarlanması iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. Daha sonra isə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ərazinin abadlaşdırılması və ümumi memarlıq üslubunun təmini ilə bağlı tapşırığına əsasən, 2016cı ildə həmin hasarlar öz vəsaiti hesabına yenidən qurularaq aqlay üzlük daşla üzlənməklə abadlaşdırılmışdır. Hal-hazırda orada iddiaçının əmlakı və digər əşyaları yerləşir. Ötən müddət ərzində, faktiki istifadə etdiyi 140 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsilə bağlı dəfələrlə bələdiyyə qurumlarına müraciət etsə də, heç bir müsbət addım atılmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Corat qəsəbəsi ərazisində xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik ərazinin daxilində yerləşən, uzun illərdən bəri (hasarlanaraq, üzərində əmlaklarım yerləşdirilmiş) faktiki istifadə etdiyi 140 kv.m torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada mülkiyyətinə ayrılmasına köməklik göstərilməsi xahişilə müvafiq qurumlara müraciət etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin məktubu ilə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qanunvericilik tələbləri baxımından tələbləri cavabdeh tərəfindən təmin edilməməsi başa düşülən deyil. Bütün bu hallar isə 15 ilə yaxın bir müddətdə öz mülkiyyəti kimi faktiki sahib olmaqla istifadə etdiyi torpaq üzərində hüquqlarının və maraqları pozulması faktı kimi qiymətləndirilməklə şikayət edilməsi üçün tutarlı əsasdır.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 12, 29, 60, 71, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 1 nömrəli Protokolunun 1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.2, 56.4, 59.1, 69.1, 69.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1, 179.2, 179.3, 179.4, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1, 6.6, 6.7, 6.9, 7.3, 8.0, prosessual hüquqi əsası kimi isə İPM-in 13, 35.1-ci maddələrinə istinad olunmuşdur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

10. İddiaçı tərəf daha sonra iddia tələbini dəqiqləşdirərək, xüsusi mülkiyyət hüququ (qeydiyyat ********** nömrəli; qeydiyyat tarixi 1 mart 2011-ci il; **********82 reyestr nömrəli çıxarış) əsasında iddiaçıya məxsus torpaq sahəsinə bitişik və səlahiyyətli qurumların icazəsi ilə zibillikdən və nahamarlıqlardan təmizlənərək, uzun illərdən bəri hasara alınmaqla istifadəsində olan 140 kv.m torpaq sahəsinin satılması ilə bağlı müvafiq işlərin aparılması öhdəliyinin cavabdeh Sumqayıt şəhəri Corat bələdiyyəsinin (bundan sonra - “cavabdeh”) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

12. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia etdiyi 140 kv.m torpaq sahəsi qeyri-qanuni hasarlanmış, istifadə edilir. Corat bələdiyyəsi tərəfindən dəfələrlə həmin torpaq sahəsinin boşaldaraq təhvil verilməsi barədə yazılı xəbərdarlıq edilmişdir.

c) Tərəflərin iştirakları və izahatları:

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

15. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

16. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul

19. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

21. Belə ki, iddiaçı hazırkı tələbi onunla əsaslandırır ki, iddiaçıya məxsus torpaq sahəsinə bitişik yerləşən 140 kv.m torpaq sahəsi onun tərəfindən qanuni əsaslarla hasarlanmış, uzun müddət istifadə etdiyinə baxmayaraq, cavabdeh tərəfindən həmin torpaq sahəsinin satılmasından əsassız olaraq imtina verilmişdir.

22. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, həmin torpaq sahəsi iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilmiş və iddiaçıya ayrılması qanunamüvafiq deyil.

23. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 34L ünvanda yerləşən **********82 reyestr nömrəli 0,0585 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, ona bitişik yerləşən.torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmış, hazırda faktiki istifadə edilir və üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə satılması iddia edilir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir.

26. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir.

27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

28. Həmin qanunun 6.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

30. İPM-in 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

31. Belə ki, qanunvericiliyə əsasən, diskresion səlahiyyət qanunla müxtəlif cür nəzərdə tutula bilər. Qanun müəyyən hərəkəti etməyi inzibati orqan üçün vəzifə kimi müəyyən edə, lakin hərəkətin formaları arasında seçim qoya bilər. Həmçinin, qanun inzibati orqan üçün müəyyən hüquqi nəticəni əldə etməyi vəzifə kimi müəyyənləşdirə və bu nəticənin əldə edilməsi üçün istifadə edilən vasitələr arasında seçim etməyi nəzərdə tuta bilər. Hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqan diskresion səlahiyyətdən qanunla müəyyən olunmuş qaydada istifadə etməlidir. İnzibati orqanın diskresion səlahiyyətləri həyata keçirməsi zamanı iki cür qüsurun ola bilməsi ehtimalını göstərir; inzibati orqanın diskresion səlahiyyətlərin həddini aşması və inzibati orqanın diskresion səlahiyyətdən onun qanunla müəyyən olunmuş məqsədinə uyğun istifadə etməməsi.

32. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə müəyyən edir ki, torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi üçün hərracın və ya müsabiqənin elan edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilmişdir.

33. Qeyd edilməlidir ki, qanunverici bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

34. Həmçinin, qanunvericilikdə torpaq sahəsinin birbaşa vətəndaşların mülkiyyətinə ayrılması ilə bağlı istisna hallar da nəzərdə tutulmuşdur. Bu hallara torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə ayrılması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, habelə torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir.

35. İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin səlahiyyətli qurumların icazəsi ilə zibillikdən və nahamarlıqlardan təmizlənilməsini, uzun müddət hasara alınmaqla istifadə etdiyini bildirsə də, qeyd edilən hallarının qanuni əsaslarını təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir.

36. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sənədlərdən və tərəflərin verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçı bələdiyyənin ərazisində daimi yaşayan şəxs olmayaraq, yaşayış yeri üzrə qeydiyyatı Corat qəsəbəsi deyil, Bakı şəhəri, Yasamal rayonundadır.

37. Eyni zamanda, qeyd edilən torpaq sahəsinin qanunsuz zəbt edilməsi barədə cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilmiş, lakin buna münasibətdə iddiaçı tərəfindən hər hansı mövqe bildirilməmiş, əksini sübut edən hallar müəyyən edilməmişdir.

38. Həmçinin, cavabdeh orqan tərəfindən qeyd edildiyi kimi, həmin torpaq sahəsinin boşaldıqdan sonra şəhid ailəsinə ayrılması nəzərdə tutulmuşdur.

39. Göründüyü kimi, mübahisələndirilən 0,014 ha torpaq sahəsinin iddiaçı tərəfindən qanuni əsaslarla istifadə edilməsi, hərracdan və ya müsabiqədənkənar ayrılması üçün əsalar müəyyən edilməmişdir.

40. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

41. Şərh edilənlərə əsasən və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar