Məhkəmə qərarları › İş №2-1(118)-155/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-155/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-155/2020 03.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhərinin 41-ci məhəllə ərazisində, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən sözügedən 1,3 hektar torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi ilə bağlı cavabdehin xx xxxx 2019-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarının ləğv edilməsi tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sumqayıt Bələdiyyəsinin "İddiaçı" MTK və "xxxxxx" MTK-nın adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında xx.xx.2006-cı il tarixli (protokol 13) qərarı ilə abadlaşdırma və müasir tipli tikinti-quraşdırma işləri aparılması məqsədi ilə hər birinə 0,9 ha olmaqla 1.8 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində Sumqayıt Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı qərarı və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(085)-392/2013 saylı qərarı ilə abadlaşdırma və müasir tipli tikinti-quraşdırma işlərinin aparılması məqsədi ilə "xxxxxx" və "İddiaçı" MTK-ya ayrılmış Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişdiyi 41ci məhəllənin qarşısındakı hər birinə 9000 kv.m torpaq sahəsi Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 6044 və 6045 nömrələri ilə uçota alınmış, plan və xəritəsi (kadastr planı) çəkilmişdir. X8 Hakimiyyəti Başçısının 25,12.2014-cü il tarixli 285 saylı sərəncamı ilə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişdiyi 41-ci məhəllənin qarşısındakı 1.8 ha torpaq sahəsində 5 ədəd hündür mərtəbəli yaşayış binaları kompleksi, ticarət mərkəzi və iaşə obyektlərinin tikintisinə icazə verilmişdir. Tikintinin 2015ci ildə inşaat pasportu və layihələri hazırlanaraq AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Ekspertiza İdarəsinə keçirilməsi üçün təqdim olunmuşdur. Sumqayıt Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 13 nömrəli protokoluna əsasən, "İddiaçı" MTK və xxxxxx" MTK-nın adına verilmiş torpaq sahələrinin rəsmiləşdirilməsi haqqında" Sumqayıt Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı iclasının qərarlarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərarı rəsmi şəkildə xx.xx.2019-cu il tarixdə almışıq. Həmin tarixə qədər də Sumqayıt Bələdiyyəsinə torpaq icarə haqqı ödəmişik."İddiaçı" MTK-nın iddiası əsasında Sumqayıt İnzibati-İqtisad Məhkəməsi xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Bələdiyyəsinin xx.xx.2016-cı il tarxili 13 saylı qərarını ləğv etmişdir. Ona görə də onlar, torpaq üzərindəki hüquqlarından istifadə edərək, işlərini qanuni əsaslarla davam etdirmək istəyirlər. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinə müraciət edərək, əvvəlki formada əməkdaşlıq etmək arzusunda olduğunu bildirmişlər. Sumqayıt Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunu aldıqdan sonra anlamışlar ki, qanunsuz yollarla nəyin bahasına olur-olsun onun torpağını əlindən almaq istəyirlər. Bunu da zorakılıq yolu ilə edirlər. Belə ki, Sumqayıt Bələdiyyəsinin məktubundan da görünür ki, onun müqaviləsi 2016-cı ildən pozsalarda qanuni yollarla mübarizəyə başlayacağımı başa düşən kimi qanunsuz yollara əl atıblar. Belə ki, torpaq sahəsinə çıxarış aldıqdan sonra Sumqayıt Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarı ilə Sumqayıt şəhərinin 41-ci məhəllə ərazisində, Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən sözügedən 1.3 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi üçün AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi 5 saylı Sumqayıt Ərazi şöbəsi Torpaq Müsabiqə və Hərrac Komissiyası ilə müqavilə bağlanılaraq sənədlər həmin təşkilata göndərilmişdir. Əslində xx.xx.2019-cu il tarixli qərar sadəcə köhnə tarixə yazılıb. O, xx.xx.2019-cu il tarixdə qərarı aldıqdan sonra artıq mübarizəyə başlayacağını başa düşən bələdiyyəyə tapşırıq verən şəxslər tez-tələsik sənədləşmə işləri aparıblar, qəbul etdikləri qərarın da tarixini xx.xx.2019-cu il kimi göstəriblər. Həmin tarixdə onların, yəni digər təşkilatları olan "xxxx" MTK-ya məxsus torpaq sahəsinin taleyini də həll ediblər. Bu isə bir daha onlara qarşı qərəzli münasibətin bariz nümunəsidir.Sumqayıt Bələdiyyəsinin qərarı "İddiaçı" MTKnın maraqlarına toxunur. Belə ki, Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsinə dair onlarla müqavilə bağlamasına heçnə mane olmur və qəbul edilmiş qərarla onları tanış etmir, mövqeylərini aydınlaşdırmadan əleyhlərinə qərar qəbul edirlər. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı "bələdiyyə qərarının ləğv edilməsinə dair” iddia ərizəsini əsassız sayırıq. Belə ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, tamamilə əsassız şəkildə üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi ilə bağlı qəbul etdiyi qərarı mübahisələndirmişdir. Etiraza əlavə etdiyimiz sənədlərdən görünür ki, Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişdiyi 41-ci məhəllənin qarşısında yerləşən sahəsi 0,9 ha olan torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi barədə Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2006cı il tarixli, 13 saylı iclasının qərarı keçən müddət ərzində icarəçi tərəfindən torpaq sahəsindən istifadə edilməyərək həm bələdiyyə qərarının müvafiq bəndlərinin, həm də torpaq qanunvericiliyi normalarının tələbləri aşkar şəkildə pozulduğu səbəbindən, həmçinin həmin bələdiyyə qərarının qanunvericiliyin tələblərinə uyğun olmadan, o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan qəbul edildiyi, torpaq sahəsindən uzun müddət, həm də təyinatı üzrə istifadə edilmədiyi nəzərə alınmaqla Sumqayıt Bələdiyyəsinin xx xxxx 2016-cı il tarixli, 13 saylı iclasının 3 saylı qərarı ilə ləğv olunmuşdur. Qeyd edilən bələdiyyə qərarının ləğv olunmasına dair İddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli,2-1 (085)-1242/2019 saylı qərarı ilə İddiaçı iddia tələbi təmin olunmuşdur. Lakin adı çəkilən məhkəmə qərarı hal-hazırda qanuni qüvvəsim almamışdır, belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1 (085)-1242/2019 saylı qərarından Sumqayıt Bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmiş və həmin şikayət üzrə Sumqayıt Apellyasiya Məhkəməsində ilkin məhkəmə baxışı iclası xx xxxxxxx 2019-cu il tarixinə təyin olunmuşdur. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin İddiaçı istifadəsinəverilməsinə dair bələdiyyə qərarınn ləğv edilməsi barədə Sumqayıt Bələdiyyəsinin xx xxxx 2016-cı il tarixli,13 saylı iclasının 3 saylı qərarı hal-hazırda qüvvədədir və başqa məhkəmə mübahisəsinin predmeti olsa da, hələ ki, ləğv edilməmişdir. Bu səbəbdən hesab edirik ki, indiki şəraitdə “İddiaçı" Mənzil-Tikinti Kooperativinin mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından, onun mübahisələndirilən torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 06 saylı iclasının 3 saylı qərarının ləğv edilməsini tələb etməyə subyektiv hüququ yoxdur və həmin bələdiyyə qərarı qəbul edilərkən qanunvericiliyin, o cümlədən torpaq qanunvericiliyinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1 -ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət huququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş yerli özünüidarə orqanının qərarına əsasən,qanunla müəyyənləşdirilmiş qaydada verilir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 6cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasınınxx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qey edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərim şərh edərək qeyd etmişdir ki,’’ subyektiv hüquq 3 elementin məcmusu kumu qiymətləndirilə bilər, öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edirik ki, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsinə dair” iddia tələbi əsassız olmaqla yanaşı, həmin tələb tələb hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Bu səbəbdən İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsinə dair” iddia ərizəsinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 6 nömrəli qərarının təsdiqlənmiş surəti, Sumqayıt Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 2793 nömrəli imtina məktubu, Sumqayıt Bələdiyyəsinin kassasına xxxxxx MTK və İddiaçı MTK tərəfindən ödənilmiş kassa mədaxil qəbzləri (icarə haqqları), xx.xx.2012-ci il tarixli, 197 və 198 nömrəli Torpaq icarə müqavilələrinin surətləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş A №439856 saylı və A №439857 saylı Torpaq sahəsinin plan və ölçüsünün təsdiqlənmiş surətləri, İddiaçı dövlət qeydiyyatı reyesterindən çıxarışın və Nizamnaməsinin təsdiqlənmiş surətləri, X8 Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 285 saylı Sərəncamı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarımüvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 13 saylı protokol ilə rəsmiləşdirilmiş qərarlar əsasında Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişdiyi 41-ci məhəllənin qarşısında “xxxxxx” və İddiaçı Mənzil Tikinti Kooperativlərinə hər birinə 0,9 ha olmaqla, ümumilikdə 1,8 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. İddiaçı MTK xx xxxxxxxx 2014-cü ildə yenidən təşkil olunmuş və “xxxxxx” MTK onunla birləşmişdir. Nəticədə “xxxxxx” MTK-ya ayrılmış torpaq sahəsi İddiaçı MTK-nın balansına keçmişdir. X8 Hakimiyyəti Başçısının xx xxxxxx 2014-cü il tarixli 285 saylı Sərəncamına əsasən İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində 5 ədəd hündürmərtəbəli yaşayış binalarının inşa edilməsinə icazə verilmişdir. Sumqayıt Bələdiyyəsinin xx xxxx 2016-cı il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş qərarı əsasında “xxxxxx” və İddiaçı Mənzil Tikinti Kooperativlərinə vaxtı ilə ayrılmış torpaq sahələri istifadə edilməməsi səbəbindən Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2016-cı il tarixli qərarı ilə Sumqayıt Bələdiyyəsinin 2006-cı il tarixli qərarları ləğv edilmiş və xx xxxx 2019cu il tarixli 06 saylı protokol ilə rəsmiləşdirilmiş 3 saylı qərar əsasında həmin torpaq sahəsinin 1,3 ha hissəsinin X4 adlı şəxsə sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin və ya hərracın keçirilməsi qərara alınmışdır. Sumqayıt Bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli qərarının qəbul edilməsi üçün əsas olmuş xx xxxx 2016-cı il tarixli qərarı İddiaçı MTK tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt Bələdiyyəsinin xx xxxx 2016-cı il tarixli qərarı ləğv edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından narazı qalan Sumqayıt Bələdiyyəsi apellyasiya şikayəti vermiş,lakin sonradan həmin apellyasiya şikayətindən imtina etdiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-36/2020 saylı qəradadı ilə Sumqayıt Bələdiyyəsinin apellyasiya şkayətindən imtina edilməsi barədə ərizəsi təmin edilmişdir. X3-İqtisadi Məhkəməsinin 2-1(85)-1242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə hazır ki, iddia tələbi ilə bağlı qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi üzrə mübahisə predmeti olmuş Sumqayıt Bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli 06 saylı protokolu ilə rəsmiləşdirilmiş 3 qərarının qəbul edilməsinə əsas olmuş Sumqayıt Bələdiyyəsinin xx xxxx 2016-cı il tarixıli qərarı mövcud olmadığına görə, yəni həmin qərar Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv olunduğuna görə Sumqayıt Bələdiyyəsinin xx xxxx 2019-cı il tarixli qərarının qüvvədə olması yolverilməzdir. Çünki hər bir qüvvədə olan qərarın qəbul edilməsinə əsas olmalıdır və xx xxxx 2016-cı il tarixli qərarın qüvvədə olmasına dair əsas aradan qaldırıldıqda mübahisələndirilən xx xxxx 2016-cı il tarixli qərar qüvvəsini itirmiş olur. Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin geri qaytarılmasına dair Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi xx xxxx 2016-cı il tarixli qərar əsassız hesab edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt Bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli 06 saylı protokol ilə rəsmiləşdirilmiş 3 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 06 saylı protokolu ilə rəsmiləşdirilmiş xx xxxx 2019-cu il tarixli 3 saylı qərarı ləğv edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar