Məhkəmə qərarları › İş №2-1(118)-155/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-155/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-155/2022 04.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X2 publik hüquqi şəxsə qarşı “iddiaçıya məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi vəzifəsinin və vurulmuş zərərin əvəzi olaraq, cavabdeh Azərbaycan Avtomobil X2 publik hüquqi şəxsindən 500.000 (beş yüz min) manat məbləğində pul məbləğinin tutularaq, İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildən etibarən Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 3,12 ha (2,12 və 1 ha, ümumilikdə 3,12 ha) sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyətindədir. Həmin sahədə iddiaçı tərəfindən alma bağı salınmış və 2000-ə yaxın alma ağacı əkilmişdir. 2012-ci ildə "xxxx" ASC-nin əməkdaşları iddiaçıya müraciət edərək, ona məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin bir hissəsindən dövlət əhəmiyyətli yol çəkiləcəyini və ölçü işləri aparıldıqdan sonra 3,12 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsinin dövlət etiyacları üçün alınmalı olduğunu bildirmişlər. Beləliklə 15 mart 2012-ci il tarixdə iddiaçı Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 3,12 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsini "xxxx" ASCyə 1224 manata satmışdır. Bununla yanaşı satılan 0,17 ha-lıq torpaq sahəsində xeyli sayda alma ağacları olduğu üçün "xxxx" ASC tərəfindən iddiaçıya ümumilikdə 35.000 manata yaxın pul kompensasiyası verilmişdir. Alqı-satqıdan sonra İddiaçı mülkiyyətində 2,95 ha torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsində yaşı təxminən 10-13 il olan 1700 ədəd alma ağacı var idi. 2016-cı ildə İddiaçı məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafında yol tikintisi işləri aparılan zaman iddiaçıya məxsus torpaq sahəsinə gələn suvarma arxının qarşısı kəsilmişdir. Bağ sahəsini suvarmağın alternativ yolları olmadığı üçün iddiaçı dəfələrlə müraciət etmiş, tezliklə bağ sahəsinin suvarılması üçün müvafiq işlər aparılmasını xahiş etmiş, əks təqdirdə ağacların quruyacağını bildirmişdir. Əməkdaşlar mütəmadi olaraq müxtəlif vədlər vermiş, gen planda iddiaçıya məxsus bağ sahəsinin suvarılması üçün su keçidləri olduğunu bildirərək, tezliklə məsələnin öz həllini tapacağını bildirmişlər. Lakin, 4 il keçməsinə baxmayaraq, heç bir tədbir görülməmiş, nəticədə iddiaçıya məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2.95 ha sahəsindəki yaşı təxminən 10-13 il olan 1700 ədəd alma ağacı qurumuşdur. Halbuki, iddiaçı torpaq sahəsinin suvarılması ilə bağlı bəlkə də, 10 dəfə cavabdehin yüksək vəzifəli əməkdaşları ilə görüşmüş və problemin tez bir zamanda həll edilməsini xahiş etmişdir. 26 oktyabr 2020ci il tarixdə hətta yazılı şəkildə də müraciət etmiş, lakin müraciəti bu günə qədər cavabsız qalmış və heç bir tədbir görülməmişdir. Nəticədə İddiaçı 1700 ədəd alma ağacı qurumuş, 2,95 ha sahədən ibarət kənd təsərrüfat təyinatlı torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşərək, ona 500.000 (beş yüz min) manat məbləğində zərər dəymişdir. Şərh edilənləri nəzərə alaraq, iddiaçı ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə təcili şəkildə su mənbəyi verilməsinin təmin edilməsini və vurulmuş zərərin əvəzi olaraq, ona 500.000 (beş yüz min) manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 29 iyun 2021-ci il tarixli məktubla iddiaçının müraciətini cavablandırmış və məktubda göstərmişdir ki, guya həmin sahə suvarma suyu ilə təmin olunur. Ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilməməsidir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X4 Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin ətrafında ipək yolu tikinti işləri aparılması zamanı mövcud suvarma arxının qabağı bağlanmış və iddiaçıya məxsus ağaclar qurumuşdur. Ağacların yaşı təxminən 10-13 il arasındadır, hər bir ağaca aqro texniki tədbirlərin aparılması 75 manat təşkil edir. Mövcud mübahisə öz həllini tapmadığına görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması vəzifəsinin və vurulmuş zərərin əvəzi olaraq, cavabdeh Azərbaycan Avtomobil X2 publik hüquqi şəxsindən 400.000 (dörd yüz min) manat məbləğində pul məbləğinin tutularaq ona verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2.95 ha torpaq sahəsinin 0.17 ha hissəsi dövlət ehtiyacları üçün alınmasının zərurəti “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” ilə əlaqədardır.Qusar Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən “Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun” yenidənqurulması ilə əlaqədar Qusar rayonun ərazisindən keçən hissəsində avtomobil yolunun mühafizə (60m.) və daimi təhkim zolağına düşən maneələrinin və torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil X2, ƏMDK, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlayıb və mövcud olan hər hansı əmlak qeydə alınırdı. Siyahıya alma zamanı müəyyən olmuşdur ki vətəndaş İddiaçı məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2.12 ha torpaq sahəsinin 0.17 ha “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirildikdən sonra (torpaq və mövcud ağacların bağ şəklində) Azərbaycan Avtomobil X2 (alıcı) və İddiaçı (satıcı) arasında sonuncuya məxsus olmuş Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 2.12 ha torpaq sahəsinin 0.17 ha hissəsi dövlət ehtiyacları üçün alınması məqsədi ilə AN-İ N ******* saylı xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 1224 manat məbləğində kompensasiya "xxxx" ASC-nin “Qusar Filialına” İddiaçı adına köçürülmüşdür. Eyni zamanda siyahıyaalma zamanı iddiaçının İddiaçı tərəfindən iddiada göstərdikləri suvarma arxının qarşısının kəsilməyinin və nəticədə 1700 ədəd alma ağacları məhv olmağının barəsində heç bir məlumat aşkar olunmamışdır.Agentlik tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmayıb. Bununla yanaşı yuxarıda qeyd edilən ərazidə və digər əkin sahələrində avtomobil yolunun tikintisinin layihə çərçivəsində suvarılma məqsədi ilə tədbirlər görülüb və üç ədəd suötürücü boru quraşdırılmışdır. Bununla belə, sifarişçi, məsləhətçi şirkətin və tikintini aparan təşkilatın səlahiyyətli nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin sahə və orda olan digər ərazilər suvarma suyu ilə təmin olunur.İddiaçının Agentliyə yuxarıda qeyd edilən məsələ ilə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış və iddiaçıya cavab verilmişdir ki, sahəyə vizual baxış nəticəsində müəyyən olunmuşdur ki, sahədə ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilmədiyi üçün yaranmışdır. Beləliklə iddiaçının iddia ərizəsində qeyd etdiyi ağacların qurulmağı Agentliyi günahı ucbatından deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki mübahisəyə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, X-3/14-4571 nömrəli imtina məktubu, DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, **********56 və xx.xx.2013-cü il tarixli, **********56 reyestr nömrəli çıxarışların notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qusar X4 Mərkəzi tərəfindən verilmiş MİHO/1251-2-2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, LP-108/2022 nömrəli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mülkiyyətində olan torpaq sahəsinin üzərində əkdiyi ağaclara TAK-8 saylı arxla gələn suyun qarşısının cavabdeh tərəfindən kəsildiyi andan yaranmış olur. Azərbaycan Respublikası Avtomobil X2 publik hüquqi şəxsin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikası Avtomobil X2 publik hüquqi şəxsin hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, Bakı-Quba-Rusiya Federasiyası yolu Azərbaycan Respublikası Avtomobil X2 publik hüquqi şəxs tərəfindən həyata keçirilib və məhkəmə araşdırmasının nəticəsi olaraq alma bağına axan suyun qarşısı onun tərəfindən kəsilib. Belə olduğu tədqirdə Azərbaycan Respublikası Avtomobil X2 publik hüquqi şəxsin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı dəfələrlə Azərbaycan Respublikası Avtomobil X2 publik hüquqi şəxsə müraciət etməsinə baxmayaraq ona müvafiq imtina cavabı verilib. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə də iddiaçı tərəfindən riayət olunub. Belə ki, hazırkı iddia tələbi məvburetmə ilə bağlı olduğundan və məcburetmə tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, qeyd olunan Məcəllənin 8.1.1-ci maddəsi həm daşınmaz əmlakla bağlı olan hüquq münasibətlərini, həm də daşınmaz əmlakla bağlı yaranmış hüquq münasibətlərini özündə əks etdirdir. Hazırkı iddia tələbindən məlum olur ki, iddiaçının tələbi onun mülkiyyətində olan torpaq sahəsində qurumuş alma ağaclarına görə kompensasiya və suyun verilməsi ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Digər tərədən o da nəzərə alınmalıdır ki Azərbaycan Respublikası Avtomobil X2 publik hüquqi şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi göstərilməsə də, təbii inhisar subyektinə aid olması səbəbindən ona qarşı verilmiş hazırkı iddiaya baxılması mümkündür. Bunula bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnizbati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında yaranmış mübahisə insarçı funksiyasına malki qurumun hərəkət və hərəkətsizliyi nəticəsində əmələ gəldiyindən iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir. Çünki hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Avtomobil X2 publik hüquqi şəxs dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İşə mahiyyəti üzrə baxan məhkəmə cavabdeh təşkilatın hərəkətlərini qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar rayonu, Yuxarı Ləyər kəndi ərazisindən keçən şosse yolunun kənarında yerləşən, kənd təsərrüfatı və bağ sahələrinin salınması üçün ayrılmış ümumilikdə 3.12 ha xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona xx.xx.2011-ci il tarixli, **********56 və xx.xx.2013-cü il tarixli, **********56 reyestr nömrəli çıxarışlar verilmişdir.İddiaçıya məxsus torpaq sahəsinin 0.17 ha hissəsi “Bakı-Quba- Rusiya Federasiyası Avtomobil Yolunun Tikintisi” altına düşmüşdür. Cavabdeh tərəfindən həmin dövr üçün torpaq sahəsinin kompensasiyası razılaşdırılaraq iddiaçıya ödənilmişdir. Lakin, cavabdehin apardığı yol tikintisi nəticəsində iddiaçının mülkiyyətində olan bağ təsərrüfatına (torpaq sahəsinə) gedən kənd təsərrüfatı sahələrinin suvarılması kanalının qarşısı kəsilmişdir. İddiaçı ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsinin təmin edilməsini cavabdeh təşkilatdan tələb etsə də, xx.xx.2021ci il tarixli, X-3/14-4571 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçıya cavabdehin hərəkətləri nəticəsində ona məxsus bağ sahəsinə gedən su kanalının yararsız vəziyyətə düşməsi və nəticədə ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı məktubunda dəymiş ziyanın inzibati orqanın hərəkətləri nəticəsində olmadığı qənaətinə gəlmiş və kompensasiya ödənilməsi məsələsinin mümkün olmamasını bildirmişdir. Lakin məhkəmə tədqiqatı nəticəsində cavabdehin hərəkətləri nəticəsində İddiaçı ziyanın dəyməsi öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli əraziyə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən baxış keçirilmiş və Bakı-Quba-Rusifa Federasiyası yolunun inşası zamanı İddiaçı torpaq sahəsinə ağacların suvarılması məqsədi ilə çəkilmiş TAK-8 arxının mübahisəli torpaq sahəsinə gedən hissəsinin qarşısının kəsildiyi müəyyən edilmişdir.Nəzərə alınmalıdır ki, həmin hissədə arxın qarşısı kəsilmədən yol tikinti işlərinin həyata keçirilməsi mümkün olmayacaqdı. Lakin iddiaçıya arxın qabağının müvvəqqəti kəsildiyi bildirilmiş və tikinti işləri yekunlaşan kimi yol alt hissəsində quraşdırılacaq şlyuz vasitəsi ilə suyun əraziyə axıdılmasının bərpa edilməsi bildirilmişdir. Lakin məhkəmə baxışı zamanı yolun altında quraşdırılmış şlyuzların İddiaçı mülkiyyətində olan torpaq sahəsində kənarda quraşdırldığı, yəni həmin şlyuzlar vasitəsi ilə axıdılan suyun mübahisə torpaq sahəsinə çatmadığı müəyyən edilmişdir. Bundan başqa yerli baxış zamanı o da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin yaxınlığında, yəni şimal hissəsində quraşdırılmış və işlək vəziyyətdə olmayan şlyuza qarşısı bağlanmış TAK-8 arxının bərpası nəticəsində suyun verilməsi və həmin şlyuzdan axan suyun mübahisəli torpaq sahəsinə çatdırılması mümkündür. Qeyd olunan məsələ ilə bağlı yerli baxışda iştirak edən cavabdeh təşkilatın nümayəndələrinə, o cümlədən məhkəmənin iclasında iştirak edən məsul şəxslərinə təkilf verilmiş, həmin məhdudiyyətin aradan qaldırılmasının mümkün olmasının bildirlməsinə baxmyaraq cavabdeh təşkilat tərəfindən hər hansı bir tədbir görülməmişdir.Bu isə cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi və su kanalının bərpa edilməsindən boyun qaçırmasına dəlalət edir. Mövcud mübahisənin ədalətli araşdırılması məqsədilə məhkəmə tərəfindən bir neçə dəfə məhkəmə ekspertizası təyin edilmiş və cavabdeh tərəfindən aparılmış tikinti işləri zamanı dövlət tərəfindən salınmış TAK-8 arxın iddiaçıya məxsus bağ sahəsinə kimi olan hissəsi yararsız vəziyyətə düşməsi və hal-hazırda da yararsız vəziyyətdə olması məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qusar X4 Mərkəzi tərəfindən verilmiş MİHO/1251-2-2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus, Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən 2.95 ha sahədə salınmış alma bağının quruma səbəbi ilk növbədə ağacların vaxtında suvarılmamasıdır. Bağ sahəsinin qurumasına digər faktorlar da təsir göstərə bilər (həşəratlara və xəstəliklərə qarşı lazımi bitki mühafizə tədbirlərin aparılmaması və s.).Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən 2.95 ha sahədə salınmış alma bağının yerləşdiyi əraziyə hal-hazırda TAK-9 arxından ayrılmış suvarma arxı vasitəsi ilə suvarma suyu verilir. Qeyd olunan su arxından fermerin bağ sahəsi yerləşən əraziyə tərəf quraşdırılmış hidddrotexniki qurğudan (şlyuz) ümumi sahənin müəyyən bir hissəsinin suvarılmasını təmin etmək mümkündür (bağ sahəsinin qalan hissəsinin relyefi kanala nisbətən 1-1.5 m hündürlükdə yerləşir). Qalan hissəsinin suvarılması üçün su tutumunun qazılması və su nasosları vasitəsi ilə bağ sahənin suvarılması təmin etmək mümkündür (və ya aidiyatı qurumların köməyi ilə alternativ yollarının axtarılması). İddiaçı məxsus, Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən 2.95 ha sahə yerləşən əraziyə su verilən TAK-8 arxın fermer T. Xidirova məxsus bağ sahəsinə kimi olan hissəsi yararsız vəziyyətdədir (550-600 m). Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 2018-ci il 16 avqust tarixli “04Q” nömrəli qərarı ilə təsdiq edilmiş X4 mərkəzlərinin əsasnaməsinə əsasən Qusar X4 Mərkəzinin ağacların qiymətinin müəyyən edilməsi səlahiyyətləri daxilində olmadığından qurumuş alma ağaclarının dəyəri ilə bağlı müstəqil qiymətləndirici olan "xxxx" MMC-nin müvafiq rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, LP-108/2022 nömrəli Qiymətləndirmə hesabatından məlum olmuşdur ki, iddiaçının mülkliyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2.95 ha bağ sahəsində 1700 alma ağacından 300 ədəd Palmet, 1400 ədəd isə Simirinka növündə olan ağaclara ziyan dəymiş və hal-hazırda yararsız vəziyyətdədirlər. Palmet növlü alma ağaclarının (12-15 illik) bazar qiyməti (300 ədəd) 96 min manat, Simirinka növlü alma ağaclarının (1400 ədəd) 504 min manat, ümumilikdə iddiaçıya dəymiş ziyanın məbləği 600.000 manat təşkil edir. Nəzərə alınmalıdır ki, 2014-cü ildə İddiaçı mülkiyyətində olmuş yol altına düşən torpaq sahəsinin alınması və üzərində yerləşən 103 ədəd alma ağclarına görə cavabdeh təşkilat tərəfindən 2014-cü ilin dekabr ayında 42.340 manat, yəni "xxxx" MMC tərəfindən bir alma ağacına qoyulmuş 370 manat qiymətdən yuxarı olan 419 manat pul ödənilmişdir. Göründüyü kimi inzibati orqanının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilat vaxtında TAK-8 arxından mübahisəli torpaq sahəsinə suyun əvvəlki qaydada bərpasını həyata keçirmiş olsaydı zərərin qarşısını qismən də olsa almaq mümkün olardı. Lakin iddiaçının müraciətlərinə baxmayaraq cavabdeh təşkilatın hərəkətsizliyi nəticəsində 1700 ədəd alma ağacları tamamilə qurumuşdur. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması vəzifəsinin və vurulmuş zərərin əvəzi olaraq, cavabdeh Azərbaycan Avtomobil X2 publik hüquqi şəxsindən 400.000 (dörd yüz min) manat məbləğində pul məbləğinin tutularaq ona verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbinə məhkəmə baxışının hədləri çərçivəsində baxılmalı və iddia tələbi təmin edilməlidir. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə həmin torpaq sahəsinə su mənbəyinin verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması və vurulmuş zərərin əvəzi olaraq, cavabdeh Azərbaycan Avtomobil X2 publik hüquqi şəxsindən 400.000 (dörd yüz min) manat məbləğində pul məbləğinin tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə həmin torpaq sahəsinə su mənbəyinin verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması və ona vurulmuş zərərin əvəzi olaraq 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X2 publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar