Məhkəmə qərarları › İş №2-1(118)-155/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-155/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-155/2023 20.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), İddiaçının nümayəndəsi X3 (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili, ünvan 3 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, 13-cü mikrorayon, 22 saylı evdə yerləşən 1 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 13-cü mikrorayon, 22 saylı evdə yerləşən 1 saylı mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 22 saylı evdə yerləşən 1 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması vəzifəsinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 12 may 2022-ci il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 xx.xx.1953-cü ildə Naxçıvan şəhərində doğulmuş, xx.xx.2018-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. İddiaçının atası Naxçıvan şəhərində olan mənzilini Sumqayıt şəhəri şəhəri, 13-cü mikrorayon, 22 saylə evdə yerləşən 1 saylı mənzillə dəyişdirmişdir. Bununla əlaqədar xx.xx.1978-ci ildə onunla Sumqayıt şəhər XDS İK-nin Mənzillərin bölüşdürülməsi bürosu arasında tipik müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon, 22 saylı evdə yerləşən 1 otaqlı 1 saylı mənzil ona verilmişdir. İddiaçı mənzilin əsas icarədarının oğlu kimi həmin mənzildə doğulmuş və hazırki günə kimi anası Rəhimova Kimyəxanım qızı ilə həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. Yaşadıqları evi dövlət qeydiyyatına aldırmaq istərkən onlardan mənzilin orderi tələb olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına müraciətlər etmişdir. Mənzilə dair order tapılmamışdır. Anası iddiaçının adına yaşadıqları və qeydiyyatda olduqları mənzilə dair kirayə müqaviləsinin bağlanmasına razıdır. Sumqayıt şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək adına kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Lakin iddiaçı ilə kirayə müqaviləsi bağlanmasından imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı və nümayəndəsi H.Dadaşova iddia tələbini müdafiə etdilər və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılmış araşdırma nəticəsində mübahisəli mənzildə 1987-cı ildən iddiaçı da daxil olmaqla 6 nəfər (iddiaçı, nənəsi, atası, əmisi, qardaşı və anası) qeydiyyatda olmaqla yaşadıqları müəyyən edilmişdir. 1992-ci ildə iddiaçının nənəsi X5, 1996-cı ildə əmisi X11, 2018-ci ildə atası X6 vəfat etmiş, qardaşı X9 2005-ci ildə qeydiyyatdan çıxmışdır. Hazırda mənzildə 2 nəfər (iddiaçı və anası Rəhimova Kimyəxanım Dostəli qızı) 2007-ci ildən qeydiyyatda olmaqla yaşayır.İddia predmeti olan 1 otaqlı ünvan 1 yaşayış sahəsi 17,26 kv m-dən ibarət olmaqla dövlət mənzil fonduna aiddir və həmin mənzilə dair şöbənin arxivində hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. İş materiallarına əlavə edilmiş : -xx.xx.1979-cu ildə X6 ilə Mənzil İstismar Sahəsi arasında bağlanmış yaşayış sahəsinin kirayəsi üzrə tipik müqavilədən görünür ki, H.Hüseynov ilə Sumqayıt şəhərində yerləşən (ünvan yaxşı oxunmur) mənzilə dair bağlanmışdır. -Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02 arxiv saylı arayışından görünür ki, Sumqayıt şəhər XDS İK-nın avqust-dekabr 1973-ci il tarixli iclas protokollarına baxılmış və vətəndaş X4 mənzil ayrılması və dəyişdirilməsi barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı qızı və Rəhimova Kimyəxanım Dostəli qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. -AZ-İ№ 965274 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 82 saylı sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-nin yanvar, fevral,mart 1978-1979-cu illərə dair iclas protokollarına baxılmış, vətəndaş X2 adına mənzil ayrılması barədə məlumata rast gəlinməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşatış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi order əsasında, kirayədarla – mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Hazırda qüvvədə olan (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 4.0.2. Dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 8.0.3. Məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. 48.1 Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı mübahisə predmeti olan mənzilin mərhum atası tərəfindən Naxçıvan şəhərində yerləşən mənzillə dəyişdirilməsi nəticəsində əldə edildiyinən istinad edərək mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum atasına məxsus olmuş Naxçıvan şəhərində yerləşən mənzilin ünvanının bilmədiyini bildirdiyinə görə həmin məlumatın yoxlanılması məqsədi ilə müvafiq sorğunun verilməsi mümkün olmamışdır. Məhkəmə iddia tələbini təsdiq edən sübut kimi mənzil kirayəsi üzrə tipik müqavilənin əslini və kserosurətini təqdim etmişdir ki, həmin müqavilə (xüsusilə də ünvan olan hissəsi) oxunmaz vəziyyətdədir (bu səbəbdən notariat qaydasında da təsdiq edilməmişdir). Başqa bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının və anasının həmin ünvanda pasport qeydiyyatında olması onunla mənzil kirayə müqaviləsinin bağlanması üçün əsas deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, 13-cü mikrorayon, 22 saylı evdə yerləşən 1 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə dair iddiasə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar