Məhkəmə qərarları › İş №2-1(118)-1550/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1550/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1550/2021 26.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı X3 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 v-də yerləşən 56 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə qarşı iddia qaldıraraq X3 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 v-də yerləşən 56 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək X3 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 v-də yerləşən 56 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18v-də yerləşən 56 saylı mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarış onun adınadır. İddiaçının oğlu X7 ilə X4 arasında 08.02.2008-ci il tarixdə Abşeron Rayon VVADQ Şöbəsi tərəfindən 49 saylı nikah qeydə alınmışdır. Aralarında söz-söhbət olduğu üçün və bir yerdə yaşamaları mümkün olmadığı üçün oğlu Elşən Abşeron Rayon Məhkəməsinə X4na qarşı nikahın pozulması tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. 2(012)-4210/2021 saylı mülki iş hakim X8 icraatındadır. Sonuncu məhkəmə iclası 08.07.2021-ci il tarixə təyin edilmişdir. X4 31.05.2021-ci il tarixdən evi tərk edərək, çıxıb getmişdir. Onun harada olması barədə heç bir məlumatları yoxdur. Oğlu Elşən ilə Kəmalə arasında olan rəsmi nikahdan - iki övladları - 21.03.2008-ci il təvəllüdlü X9 və 18 aprel 2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Hazırda nəvələri oğlunun himayəsindədirlər. Kəmalə evi tərk edib getdiyi gün onunla mobil telefon vasitəsi ilə əlaqə saxlaya bilsələr də, sonradan onlarla olan əlaqəsini tamamilə kəsmişdir. Evi tərk edib getdiyi tarixdən bu günə kimi onunla heç bir əlaqələri yoxdur və özü də heç olmasa övladları ilə əlaqə saxlamamışdır. X3 ona məxsus mənzilə istifadə hüququ olduğu üçün onun məhkəmə yolu ilə mənzildən çıxarılmasını istəyir. O, ilk əvvəl Kəmalənin ona məxsus mənzildən qeydiyyatdan çıxması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsi tərəfindən 05.07.2021-ci il tarixli cavab məktubu verilərək, ona izah olunmuşdur ki, X3 qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Hazırki vəziyyətdə X3 ona məxsus evdə qeydiyyatda olması səbəbindən o, mülkiyyətində olan evdən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonuncunun təqsiri üzündən qanuni mülkiyyətçi kimi mübahisələndirilən fərdi yaşayış evinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarının ciddi surətdə pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən çıxarıla bilər. İşlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmirlər və məhkəmənin qəbul etdiyi qanuni qərarla razılaşırlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18v-də yerləşən 56 saylı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 07.07.2021-ci il tarixli arayışdan görünür ki, X2 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18v-də yerləşən 56 saylı mənzildə qeydiyyatdadır. - Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 05.07.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının üçüncü şəxs X3 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə, ev 18v-də yerləşən 56 saylı mənzil İddiaçı məxsusdur. Həmin mənzildə iddiaçı ilə yanaşı X4 da qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı üçüncü şəxs X1 mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 05.07.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxs məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18v-də yerləşən 56 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X3 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18v-də yerləşən 56 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar