Məhkəmə qərarları › İş №2-1(118)-1552/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1552/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1552/2025 04.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X11 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, (qərarın elanında iştirak etməmişlər) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Siyəzən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisində JN-110A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X3 verilmiş 0,05 ha torpaq sahəsini xx.xx.2009-cu il tarixli rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etdiyindən həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daçınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-8-11/2-2253/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tanınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu il tarixində rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Siyəzən şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur.....Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, Siyəzən rayonu, Siyəzən şəhəri ərazisində yerləşən alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının müraciətinə dair sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən daşınmaz əmlakın naturadakı quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün müayinə baxışı keçirilərkən əldə olunan məlumatların elektron kadastr məlumat bazasında yoxlanılması zamanı ərizəyə əlavə edilmiş JN-110A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan torpaq sahəsinin elektron kadastr məlumat bazasında mövcud olmadığı, faktiki torpaq sahəsinin isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, müraciətin araşdırılması ilə əlaqədar olaraq sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş JN-110A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin surətinin və qüvvədə olub-olmamasına dair məlumat verilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab məktubunda Mərkəzin arxivində JN-110A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin X1 adına tərtib edilməsinə dair məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də ərizənin icrasından imtina olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır.Bu səbəbdən də iddiaçının 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2- 1470/2024 nömrəli imtina məktubu, etiraz ərizəsi, Şabran rayon dövlət Notariat konturunun xx.xx.2009-cu il tarixli 4-Ə-5 reyestr nömrəli alq-satqı müqaviləsinin təsdiqlənmiş surəti, daşınmaz əmlakın yüklülüyünə dair xx.xx.2008-ci il tarixli arayış, JN- 110A Kod 30501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiqlənmiş surəti, X7 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv çıxarışı, cavabdehin mübahisəli daşınmaz əmlaka aid tərtib etdiyi xx.xx.2024-cü il tarixli müayinə aktının surəti, cavabdehin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-ə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-1470/2024 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Siyəzən şəhərində yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.....Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Şabran rayon dövlət Notariat konturunun xx.xx.2009-cu il tarixli 4-Ə-5 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Siyəzən şəhəri ərazisində yerləşən 0.05 hektar torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi cavabdehin sələfi olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyzən rayon şöbəsi tərəfindən iddiaçının alqı-satqı əsasında aldığı X2 adına qeydə alınaraq JN- 110A Kod 30501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı müqavilə əsasında 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba rayonu ərazisində yerləşən JN-110A Kod 30501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumentlər JN-110A Kod 30501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin arxiv nüsxəsinin olmaması və faktiki torpaq sahəsinin ayrıldığı yerin bələdiyyə mülkiyyətində olmasıdır. Cavabdeh təşkilatın gətirdiyi arqumentdə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş müayinə aktı və mütəxəssis rəyi alınmışdır. Həmin sənədlərdə qeyd olunmuşdur ki, müayinə aktına əsasən torpaq sahəsinin yaşayış məntəqələri torpaqlara aid olduğu, torpaq sahəsinin üzərində həyət tikilisinin olduğu, mübahisəli torpaq sahəsinin faktiki ölçüsünün 0.05 ha olduğu, hər hansı kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyi və torpaq sahəsinin faktiki koordinatlarının hər hansı şəxsin torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməməsi məlum olmuşdur. Həmçinin, sözügedən torpaq sahəsininin DWG fayllarında aşkar edilmədiyi bildirilmişdir. İşin faktiki hallarında da görünür ki, iddiaçı mübahisəli torpaq sahəsini uzun müddətdir ki, istifadə edir və tikililər inşa etmişdir. Eyni zamanda Şabran rayon dövlət Notariat konturunun xx.xx.2009-cu il tarixli 4-Ə-5 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilməsinə dair məhkəməyə hər hansı məlumat daxil olmamış, əksinə sözügedən müqavilənin qüvvədə olduğu Notariat kontoru tərəfindən təsdiqlənmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı müvafiq torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmiş, həmin alqı-satqı müqaviləsi mövcuddur və pryedusiyal əhəmiyyətə malikdir. Eyni zamanda sözügedən JN-110A Kod 30501004 nömrəli şəhadətnamənin ləğv edilməsi ilə bağlı hər hansı məlumat məhkəməyə daxil olmamışdır.Belə olan halda iddiaçının tələbinin təmin edilməməsində hər hansı maneə mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçıların hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisində JN-110A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X3 verilmiş 0,05 ha torpaq sahəsini iddiaçı xx.xx.2009-cu il tarixli rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etdiyindən həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daçınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar