Məhkəmə qərarları › İş №2-1(118)-1557/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1557/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1557/2023 19.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni istifadəsində olan Sumqayıt şəhərinin Sumqayıt Novxanı yolu, 2 saylı şəhər xəstəxanası rayonu ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar hüquqların dövlət qeydiyyatı haqqında müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Dəhnə-Afina" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni istifadəsində olan Sumqayıt şəhərinin Sumqayıt-Novxanı yolu, 2 saylı şəhər xəstəxanası rayonu ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar hüquqların dövlət qeydiyyatı haqqında müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin Sumqayıt-Novxanı yolu, 2 saylı şəhər xəstəxanası rayonu ərazisində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair torpağın mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 11 yanvar 2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarənin müddəti 31 dekabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Adı çəkilən icarə müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ 10 dekabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bununla bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** olan Seriya MA ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" verilmişdir. Həmin hüquq müəyyənedici sənəddə torpaq sahəsi üzərində icarənin müddəti 31 dekabr 2021-ci il tarixədək nəzərdə tutulmuşdur. Qeyd edilən torpaq sahəsi ayrıldığı vaxtdan bugünədək Dəfnə-Afina" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istifadə olunur, mütəmadi olaraq torpaq icarə haqqı məbləğləri tərəflərindən Sumqayıt Bələdiyyəsinə ödənilir. “Dəfnə-Afina" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sumqayıt Bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair icarənin müddəti 2021-ci ilin sonlarında başa çatmaq üzrə olduğundan, tərəflər arasında 21 iyun 2021-ci il tarixdə yeni torpaq icarə müqaviləsi bağlanılmaqla icarənin müddəti 31 dekabr 2069-cu tarixədək uzadılmışdır. Bundan sonra Dəfnə-Afina" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaq üzərində icarə hüququnun təkrar dövlət qeydiyyatı üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunaraq hüququn dövlət qeydiyyatının həyata keçirilməsini xahiş edilmişdir. Lakin cavabdeh Dəfnə-Afina" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququnun təkrar dövlət qeydiyyatından imtina etmişdir. Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri "Daşınmaz Əmlakın Respublikasının Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Ərazi İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciətinə verilmiş 09 avqust 2021 -ci il tarixli, **********40 saylı cavab məktubunda torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, torpaq icarə müqaviləsinin hərracdan kənar bağlanıldığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilməli olduğu göstərilərək,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə yalnız 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur.Yuxanda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla həmin qanun norması qüvvəyə minənədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrıldığından,torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin artıq yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1- dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz.Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda hesab edirlər ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qänunvericliyini, o cümlədən, bələdiyyə torpaqlarına dair qanunvericiik aktlarının müddəalarını da heçə saymışdır. Həmçinin, qeyd edilməlidir kı, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsəsən hüquqlardan sui-istifadə qadağandır. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyat, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövge onun tərəfindən "inzibati icraat" haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki,"İnzibati icraat" haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya nüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə,istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində huquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə "Marks Belçikaya qarşı" işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Sporring və Lonnort İsveçə qarşı" işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyr-sabit" xarakter almışdır.Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 2.1- ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd olunmuşdur ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak Kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun İX bəndində birbaşa qeyd olumuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla,digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Lakin bütün bu sadalanan qanun normalarına baxmayaraq, torpağa dair müvafiq hüquq muəyyənedici sənədlər tərəflərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilsə də, sonuncu əsassız olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnu dövlət qeydiyyatından keçirməmişdir.Cavabdeh tərəfindən müraciətlərinə verilmiş cavab məktubunda bildirilmişdir ki,2007-ci ilin 01 dekabr tarixindən sonra bələdiyyə torpaqları üzərində hüquqlar yalnız açıq torpaq hərracları,yaxud müsabiqələri vasitəsi ilə əldə edilə bilinər. Ancaq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olan torpaq sahəsinin 2007-ci ilin dekabr ayının 1-dən əvvəl ayrıldığını,bu səbəbdən də həmin tarixdən sonra qəbul edilmiş qanun normasının bu torpağa münasibətdə şamil eilmədiyini nəzərə almamışdır.Sumqayıt Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2021ci ildə bağlanılmış torpaq icarə müqaviləsi tərəflər arasında daha öncə bağlanılmış icarə müqaviləsinin davamı olaraq bələdiyyə ilə torpağın icarəçisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Yəni "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun İX bəndində istinad olunan qanun norması da onu özündə ehtiva edir ki, qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının, o cümlədən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhərinin Sumqayıt-Novxanı yolu, 2 saylı şəhər xəstəxanası ərazisində yerləşən sahəsi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi barədə 16 iyul 2021-ci il tarixlı ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti müvafiq olaraq, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı "Dəhnə-Afina” Məhdud Məsuliyyətli Cəmiyyətinə **********40 saylı cavab məktubunda bildirilmişdir ki, "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 2007-ci il 23 oktyabr tarixli 466 İİİ QD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 'Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsində edilmiş dəyişikliyə əsasən Qanunun müvafiq maddəsində bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılması nəzərdə tutulmuşdur. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 16-cr bəndinə əsasən bələdiyyə, torpaq sahəsi ayrılmazdan əvvəl torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınma proseduruna başlamalıdır. Torpaq icarəsi haqqında AR Qanununun 10-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. Həmçinin sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, 11 yanvar 2007-ci il tarixində Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılması barədə qərar qəbul etdiyi, lakin 21 iyun 2021-ci ıl tarixində qanunvericiliyin tələblərinə zidd olaraq idiaçı ilə hərracdan kənar icarə müqaviləsi bağladığı müəyyən olunmuşdur “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə əsasən, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət huququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul edir Bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın, (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Göründüyü kimi, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X7 iştirak etmiş, izahatında bildirmişdir ki, iddia əsaslıdır. Praktika belə formalaşmışdır. Etirazları yoxdur. İddiaçı icarə haqqını ödəyir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni istifadəsində olan Sumqayıt şəhərinin Sumqayıt-Novxanı yolu, 2 saylı şəhər xəstəxanası ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar hüquqların dövlət qeydiyyatı haqqında müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, 11 yanvar 2007-ci il tarixində Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılması barədə qərar qəbul etdiyi, lakin 21 iyun 2021-ci ıl tarixində qanunvericiliyin tələblərinə zidd olaraq ıdiaçı ilə hərracdan kənar icarə müqaviləsi bağladığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu bəndinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Qeyd olunmuş normaya görə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. 21 iyun 2021-ci il tarixli 16 saylı torpaq icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolu, 2 saylı şəhər xəstəxanasının yanı ərazisində yerləşən, ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı müvəqqəti istifadəsinə vermişdir. İcarə müqaviləsi 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2069-cu ilə tarixədək bağlanmışdır. Bundan əvvəl tərəflər arasında icarə müqaviləsi 11 yanvar 2007-ci il tarixdə bağlanmış, iddiçının icarə hüquqları dövlət dövlət qeydiyyatına alınmışdır. (xx.xx.2007-ci il tarixli, 04 saylı icarə müqaviləsi) Göründüyü kimin icarəyə verilmiş torpaq sahəsinin təyinatı əhaliyə məişət və iaşə xidmətinin göstərilməsi – sahibkarlıq olmuşdur. Yəni, torpaq sahəsi icarəyə sahibkarlıq məqsədilə verilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanmış növbəti müqavilə mahiyyət etibarilə yeni müqavilə olmamış, əvvəlki icarə münasibətlərinin davamı olaraq bağlanmışdır. Torpaq sahəsinin 2007-ci ildən iddiaçının qanuni istifadəsində olması işin mübahisə olunmayan halıdır. Beləliklə qeyd edilənləri nəzərə alanda məhkəmə hesab edir ki, iddiaçı ilə üçüncü şəxs 2007-ci ildə bağlanmış icarə müqaviləsini açıq torpaq hərracı və ya müsabiqəsi keçirmədən uzatmaq hüquqları olduğuna görə, cavabdeh inzibati orqanda əvvəl dövlət qeydiyyatına alınmış və hazırda uzadılmış icarə hüquqlarını dövlət qeydiyyatına almalıdır Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni istifadəsində olan Sumqayıt şəhərinin Sumqayıt-Novxanı yolu, 2 saylı şəhər xəstəxanası rayonu ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar hüquqların dövlət qeydiyyatı haqqında müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar