Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1559/2021 08.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasını əsassız hesab edilməsi və Sumqayıt şəhər ZDSnin 21 noyabr 1994-cü il tarixli 2656 saylı müqavilə ilə mərhum əri X4 ayrılmış 0.10 ha torpaq sahəsi olan 1525B saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X2 adına dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər ZDS-nin 21 noyabr 1994cü il tarixli 2656 saylı müqavilə ilə mərhum əri X4 0.10 ha torpaq sahəsi olan 1525B saylı bağ və köməkçi tikintilərlə birlikdə icarəyə verilmişdir. Bu günədək həmin bağ sahəsində yaşayır. Naturada torpaq sahəsi heç bir qonşu ilə üst-üstə düşmür və heç bir mübahisə predmeti yoxdur. Özü də yaşlı qadındır. Uzun illərdir istifadəsində olan bağ sahəsinin sənədləşdirilməsi qərarına gəlmiş, bunun üçün DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 25 iyun 2021-ci il tarixli bildirişlə müraciətinin təmin olunmasından imtina etdi. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin nömrələri ilə ardıcıllığa uyğun olmadığı müəyyən olunmuşdur. Torpaq sahəsinin yerini müəyyənləşdirən texniki sənəd olmadığından müraciətin təmin olunması mümkün olmamışdır. Reyestr idarəsinin gətirdiyi dəlillər qanunvericiliyə görə torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Ona görə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qaydada təmzimlənir. Bundan başqa, imtina Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanına, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə ziddir. Həmçinin qeyd edir ki, təxminən 30 il bundan əvvəl mərhum ərinə XDS tərəfindən bağ sahəsi ayrılarkən texniki sənəd verilməməsinin təqsiri onda deyil. Hesab edir ki, cavabdeh əsassız və qanunsuz olaraq onun müraciətimi təmin etməkdən imtina etmişdir. Buna görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Sarı-qaya bağ massivi, 1525B ünvanda yerləşən 0.10 ha torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə 16 mart 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsində çöl-ölçmə işlərinin aparılması nəticəsində əldə olunan məlumatların idarənin xidməti istifadəsində olan kadastr məlumat bazasında yoxlanılması zamanı sözügedən torpaq sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin nömrələri ilə ardıcıllığa uyğun deyildir. Bundan əlavə qeyd edilmişdir ki, ərizəyə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan vefən texniki sənəd (müvafiq sxem,torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin təhkim aktı və s.) əlavə olunmadığından, göstərilən torpaq sahəsinin 2656 nömrəli, 21.11.1994-cü il tarixli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqavilə əsasında X3 ayrılmış torpaq sahəsi olub-olmamasının araşdırılması zərurəti yaranmış və bununla bağlı Dövlət Arxivinin Sumqayıt filialına **********93 nömrəli, 06.04.2021-ci il tarixli sorğu göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Cavabadehin nümayəndəsi Tural Qüdrətli ötən məhkəmə iclaslarında eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 25.06.2021-ci il tarixli **********23 nömrəli imtina məktubu, 06.08.2021-ci il tarixli **********20 nömrəli etirazı, Sumqayıt şəhər ZDS-nin 21 noyabr 1994-cü il tarixli 2656 nömrəli icarə müqaviləsinin surəti, məhkəmənin sorğusuna əsasən Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 02.11.2021-ci il tarixli 1989 nömrəli cavab məktubu, cavabdehin 22.11.2021-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Nəzərə alınmalıdır ki, X5 vəfat etdikdən sonra ondan miras qalmış əmlakı qəbul etmək məqsədilə iddiaçı notariat ofisinə müraciət etmiş, notariat ofisindən iddiaçıya mövcud daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri təqdim edilməsi bildirilmiş və həmin sənədləri təqdim etdikdən sonra onun adına qəbul edilməsinin zəruriliyi bildirilmişdir. Həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyində olduğundan və miras qoyan əri vəfat etdiyindən həmin torpaq sahəsi üzərində öz adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün idddiaçının sübyektiv hüquqları yaranmış olur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mərhum ərinin mübahisə predmeti olan torpaq sahəsinə daşınmaz əmlaka icarə hüququnun yaranması haqqında Sumqayıt şəhər ZDS-nin 21 noyabr 1994-cü il tarixli 2656 nömrəli icarə müqaviləsinin bağlandığı vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 25.06.2021-ci il tarixli **********23 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər ZDS-nin 21 noyabr 1994-cü il tarixli 2656 nömrəli icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Sarıqaya bağ massivi, 1525B ünvanda yerləşən 0.10 ha torpaq sahəsi mərhum X3 uzun müddətli icarəyə verilməsi barədə və kötüyü hər hansı bir dövlət orqanında olmayan müqavilə mövcuddur. Səftər Məmmədov vəfat etdikdən sonra, hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı inzibati orqana müraciət edərək mərhum ərinə ayrılmış bağ torpaq sahəsini xeyli müddətdə faktiki istifadə etdiyini əsas gətirərək, Səftər Məmmədovun adına mülkiyyət hüquqlarını qeydiyyata alınmasını tələb etmiş, lakin inzibati orqan onun mərhumun adına verilmiş icarə müqaviləsinin arxivlərdə olmaması səbəbindən müraciətinin yerinə yetirilməsindən imtina etmişdir. İddiaçının gətirdiyi arqument ondan ibarət olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qaydada təmzimlənir və imtina Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanına, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10cu maddələrinə ziddir. Ona görə də daşınmaz əmlakı mərhum ərinin adına qeydiyyata almaq hüququ vardır. Qeyd olunan arqumentlərin araşdırılması məqsədi ilə məhkəmə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Sumqayıt şəhər, İcraiyyə Komitəsinin bağ sahələrinin verilməsi haqqında 23.09.1994-cü il tarixli, 03 nömrəli protokolun və iddiaçıya 1525 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında məlumatlar tələb etmiş, lakin Sumqayıt Şəhər İcra Hakimiyyətin 02.11.2021-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, qeyd olunan sənədlər Sumqayıt Dövlət arxivində mövcud deyildir. Həmçinin, keçmiş bağ sahələrinin arxiv məlumatlarının əsas balans saxlayıcı orqanı DƏDRX-in 2 saylı Ərazi İdarəsinə anoloji sorğu göndərilmiş və həmin idarə 22.11.2021-ci il tarixli məktubla bildirmişdir ki, Sumqayıt Bələdiyyəsi tərəfindən idarənin arxiv saxlancına verilmiş bağ sahələrinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqavilələrin arxiv qovluğunda 23.09.1994-cu il tarixli, 03 nömrəli protokol aşkar olunmamışdır. İşin araşdırılan hallarından göründüyü kimi, mərhum Səftər Məmmədov ilə Sumqayıt şəhər ZDS arasında bağlanmış 21 noyabr 1994-cü il tarixli 2656 nömrəli uzun müddətli icarə müqaviləsinin bağlanmasına əsas olmuş Sumqayıt şəhər XDS Rəyasət heyətinin 23.09.1994-cu il tarixli 03 nömrəli protokolun mövcudluğu məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmadı. Belə olan halda cavabdeh təşkilatın imtinasının əsasları qanuni olmuşdur. Belə ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasını əsassız hesab edilməsi və Sumqayıt şəhər ZDS-nin 21 noyabr 1994-cü il tarixli 2656 saylı müqavilə ilə mərhum əri X4 ayrılmış 0.10 ha torpaq sahəsi olan 1525B saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X2 adına dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasını əsassız hesab edilməsi və Sumqayıt şəhər ZDSnin 21 noyabr 1994-cü il tarixli 2656 saylı müqavilə ilə mərhum əri X4 ayrılmış 0.10 ha torpaq sahəsi olan 1525B saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X2 adına dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1559/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1559/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver