Məhkəmə qərarları › İş №2-1(118)-1560/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1560/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1560/2023 31.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdehdən 100 manat pulun 30% bank faizinin uçot dərəcəsini hesablamaqla, ümumilikdə 130 manat pulun iddiaçıya ödənilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehdən 100 manat pulun 30% bank faizinin uçot dərəcəsini hesablamaqla, ümumilikdə 130 manat pulun iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o iki ay əvvəl - xx.xx.2022-ci ildə Cavabdeh ASC-nin Şuşa filialında müqavilə bağlayaraq birbank kartı əldə etmişdir. xx.xx.2022-ci il tarixdə vətəndaş X1 iddiaçının həmin kartına 100 manat pul köçürmüşdür. Kartla bağlı əməliyyatlar getdiyinə görə iddiaçı yenidən həmin bankın Şuşa filialına getməli olmuşdur. 12-ci pəncərədə vətəndaşlara xidmət göstərən xanım kartı iddiaçıdan götürərək kompyuterdə müəyyən əməliyyatlar etdikdən sonra iddiaçıya qaytarmışdır. Bildirmişdir ki, kartda olan 100 manatı çıxardıqdan sonra kart veriləcəkdir. Lakin kart bloklandığı üçün iddiaçı həmin məbləği məxaric edə bilməmiş və yenidən banka yaxınlaşmalı olmuşdur. Məlum olmuşdur ki, bank əməkdaşı kartın kodunu dəyişdirmiş və kartın bloklanmasını bilərəkdən etmişdir. Bank işçisi xanım bildirmişdir ki, ona yeni kart veriləcək, 100 manat pul həmin günü axşam saat 6-ya qədər yeni karta köçürüləcək. Lakin həmin məbləğ karta mədaxil olmadığı üçün iddiaçı xx.xx.2022-ci il tarixdə Şuşa filialına getmişdir. İddiaçıya bildirilmişdir ki, səhvlik olduğundan ərizə yazılmalıdır, 1 ay sonra məbləğ köçürüləcəkdir. İddiaçı müqavilənin dərhal ləğv edilməsini və 100 manat pulun ona verilməsini tələb etmiş, daha sonra Cavabdeh ASC-nin Baş Ofisinə müraciət edərək şikayətini bildirmişdir. Şikayətində “Kapital Bank “ASC-nin Şuşa filialının bütün rəhbərliyinin işlərində yol verdikləri hərəkətlərə görə cəzlandırılması və faktla bağlı materialın Baş Prokurorluğa göndərilməsi, mənimsənilmiş 100 manat pulun geri qaytarılması barədə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İndiyə qədər iddiaçının müraciətinə cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının tələbi bank hesabı müqaviləsi ilə bağlı olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı mülki müqavilə münasibətlərindən yaranan məsələlər barəsində mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr qarşısında iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdehdən 100 manat pulun 30% bank faizinin uçot dərəcəsini hesablamaqla, ümumilikdə 130 manat pulun iddiaçıya ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar