Məhkəmə qərarları › İş №2-1(118)-1566/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1566/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1566/2021 08.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ SHakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı-nin Cavabdehnə qarşı “Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 19400.0 kv.m qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı-nin adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 19400.0 kv.m qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı-nin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 7 ha torpaq sahəsi üzərində yerləşən İddiaçı-yə məxsus əmlak kompleksi vardır. Həmin kompleksin 34703.3 kv.m hissəsi və 7.0 ha torpaq sahəsi dövlət reyestrindən çıxarışa əsasən MMC-nin mülkiyyətindədir. Əmlak kompleksinə əlavə tərkib hissəsi kimi 19400.0 kv.m qeyri-yaşayış sahəsi də inşa edilmişdir. Həmin əlavə sahə texniki pasporta salınmışdır. Qeyri-yaşayış sahəsinə dair çıxarışın alınması üçün cavabdeh inzibati orqan olan Cavabdehnə müraciət edilmişdir. Cavabdeh 04.05.2021-ci il tarixli məktubunda hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyinə görə ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəv vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “AVRORA" MMC-nə məxsus əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 savlı Abşeron Ərazi İdarəsinə 28 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı "AVRORA’' MMC-nə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid 7.0 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 34703.3 kv.m olan 06.02.2020-ci il tarixdə **********56-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış əmlak kompleksi kimi müəssisənin tərkibində əlavə inşa edilmiş ümumi sahəsi 19400.0 kv.m olan qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin (müvafiq icazə sənədlərinin) ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa sözügedən qeyri-yaşayış binasının faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu, 1-ci və 2-ci mərtəbəsində layihə eskizdə qeyd olunmayan antresol quraşdırıldığı, eskiz layihənin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiqlənmədiyi müəyyən edilmişdir. Əlavə olaraq **********56-12301 reyestr nömrəsi ilə İddiaçı- nin mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin "xxxx" ASC-nin xeyrinə yüklü olması müəyyən edilmişdir. Lakin ipoteka saxlayanın xeyrinə yüklülüyün qalması şərti ilə qeydiyyatın aparılmasına dair razılıq ərizəsi və yaxud yüklülüyün ləğvi barədə hər hansı bir sənəd müraciətə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydalarının 10-cu bəndinə əsasən dövlət reyestrinin bölmələri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestr nömrələri (bundan sonra - reyestr nömrələri) ilə nömrələnir. Dövlət reyestrinin bölmələrinə konkret daşınmaz əmlak növünün (torpaq sahələri, torpaqla möhkəm bağlı olan bütün obyektlər, o cümlədən su obyektləri (sututarlar), meşələr, çoxillik əkmələr, binalar, qurğular, qeyri-yaşayış sahələri, mənzillər, fərdi yaşayış və bağ evləri, əmlak kompleksi kimi müəssisələr, kommunikasiyalar və yer təki sahələri) adı verilir. Təyinatın konkretliliyi baxımından - təyinat çoxməqsədli olduğu halda funksiyalarının cəmi bütöv bir vahid kimi qəbul edilir. Obyektin öz aralarında birbaşa əlaqəsi olmayan ayrıca baxılan funksional hissələri inventar obyekti deyildir. Bina və qurğuların təyinatından kənar, bu və ya digər məqsədlər üzrə istifadəsi texniki inventarlaşdırılma sənədlərində əks etdirilmir. Qeyd olunan binanın qeyri-yaşayış binası kimi qeydiyyatının aparılması üçün tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən tikintiyə icazə — memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədi, 4-cü maddəsinə əsasən memarlıq obyektinin yaradılması üçün sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsinə və obyektin tikintisinə dair icazə almalıdır. Obyektin müvafiq icra hakimiyyəti orqanının tərəfindən təsdiqlənmiş layihəsi təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan yaşayış evlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin Məcəllənin 47.4.2-ci maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasın) və təsdiqlənməsini təmin edir, 48.3.3-cü maddəsinə əsasən sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır və s. Habelə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydalan”nın tələblərinə cavab verən tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Akt təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinə uyğun olaraq, İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı ilə bağlı əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş və iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 34703,3 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə və 7 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı-nin adına qeydiyyata alınmışdır. -Cavabdeh tərəfindən verilmiş texniki pasportdan görünür ki, iddiaçıya məxsus sahəsi 34703,3 kv.m olan əmlak kompleksinin texniki pasportu tərtib edilmiş və həmin pasportda iddiaçının hazırda üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyi 19400.0 kv.m qeyri-yaşayış sahəsi də göstərilmişdir. - Cavabdeh iddiaçıya ünvanladığı 04.05.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının 19400.0 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində Abşeron rayonu Hökməli qəsəbəsində 7 ha torpaq sahəsində 34703,3 kv.m əmlak kompleksi vardır. Sözügedən əmlak kompleksinin texniki pasportu tərtib edilmişdir. Həmin torpaq sahəsində iddiaçı tərfindən sahəsi 19400.0 kv.m olan başqa qeyri-yaşayış sahəsi də inşa edilmişdir. İddiaçıya məxsus əmlak komplesinə aid texniki pasportda həmin qeyri-yaşayış sahəsi də öz əksini tapmışdır. İddiaçı tərəfindən adı çəkilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X5 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunanların əyani təsdiqi üçün X4rşı 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi». Həmin işdə Avropa İnsan Hüquqları Məhkəməsi «Mülkiyyətin mövcud olubolmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözü gedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Göründüyü kimi Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında özbaşına tikilinin dövlət orqanları tərəfindən tikinti aparılarkən qarşısının alınmaması və uzun müddət həmin tikilinin mövcudluğuna susması, tikilinin sökülməsi ilə bağlı hər hansı tədbir görməməsi, tikiliyə tikinti aparmış şəxsin hüququnun mülkiyyət hüququna bərabər kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 19400.0 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 19400.0 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar