Məhkəmə qərarları › İş №2-1(118)-1569/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1569/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1569/2021 14.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “18.05.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,0055 hektar (55 kvadrat metr) kommersiya təyinatlı torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “18.05.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,0055 hektar (55 kvadrat metr) kommersiya təyinatlı torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.05.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisindən 0,0055 hektar kommersiya təyinatlı torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı X3 xüsusi mülkiyyətində olmuşdur. X7 04.11.2019-cu ildə vəfat etmişdir. Hazırda iddiaçı vərəsəliyi rəsmiləşdirmək üçün göstərilən 55 kvadrat metr torpaq sahəsinə mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və müvafiq texniki sənədləri almaq istəyir. Bununla bağlı olaraq, göstərilən 55 kvadrat metr torpaq sahəsinin mülkiyyət sənədlərinin verilməsi üçün bütün müvafiq sənədlərin əsl nüsxələrini əlavə etməklə cavabdeh orqana 10.06.2021-ci ildə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən 16.06.2021-ci il tarixli, **********44 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdehin imtina məktubu iddiaçının oğlu X2 ünvanlanmışdır ki, bununla bağlı iddiaçının ona verdiyi etibarnamə mövcuddur. Cavabdehin məktubunda imtinanın səbəbi kimi X10 Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş DT və XK tərəfindən cavabdehə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyat kitabında öz əksini tapmaması göstərilmişdir. Qeyd olunmalıdır ki, 05.02.2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur. Həmin komitə ləğv olunduqdan sonra komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş mülkiyyət sənədlərinə, o cümlədən, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına aid arxiv sənədləri də cavabdehə təhvil verilmişdir. 18.05.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində oturdulmayıbsa, buna görə məsuliyyəti elə cavabdeh daşımalıdır. Cavabdehin mülkiyyət sənədlərinin verilməsindən imtinası əsassızdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, X1 şəhərində yerləşən 0.0055 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mərhum X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 10.06.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 16.06.2021-ci il tarixli, **********44 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,0055 ha torpaq sahəsinə və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş qeyri-yaşayış binasına dair sənədlərə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyriyaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Bundan əlavə, ərizəyə əlavə olunmuş JN-1143 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Məlumat üçün bildirilir ki, qeyd olunan JN-1143 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Bununla bağlı İddiaçı 04.06.2021-ci il tarixdə **********81 nömrəli məktubla münasibət bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxii edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumam uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunan səbəblərdən Quba şəhərində yerləşən 0.0055 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mərhum X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən, dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddia ərizəsində mübahisələndirilən JN-1143 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Bu qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aiddir: İşdə olan AZ-İİ № 019892 saylı ölüm haqqında şəhadətamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 04.11.2019-cu ildə vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı ilə mərhum X7 arasında nikah 23 avqust 1970-ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 25.01.2021-ci il tarixli, 170 nömrəli məktubuna əsasən iddiaçı 07.05.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən övladları – X5 və X8 ilə birlikdə 04.11.2019-cu il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsələri sırasına daxildir. JN – 1143 saylı KOD 30301004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3 mülkiyyətinə Quba rayonu Quba bələdiyyəsinin 23 yanvar 2001-ci il tarixli, 18 saylı qərarı ilə cizgidə göstərilən sarhəd daxilində 0,0055 hektar kommersiya təyinatlı torpaq sahəsi ayrılmışdır. İş materiallarına, həmçinin, mülkiyyətə verilmiş torpaq sahəsinin plan cizgisi, torpaq sahəsinin qaiməsi və cavabdeh orqanının iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 ünvanladığı imtina məktubu da əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından göründüyü kimi iddiaçı mərhum həyat yoldaşı X3 mülkiyyətinə verilmiş JN 1143 saylı KOD 30301004 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 55 kvadrat metr kommersiya təyinatlı torpaq sahəsinə dair Çıxarışın, habelə plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh təşkilat imtinasının əsası kimi torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamasını, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamasını göstərmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Abşeron Ərazi İdarəsinin torpaq sahəsinə dair gətirdiyi imtinasını əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır (4.2.). 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər (4.3.) . Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir (maddə 12). İşdən göründüyü kimi Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçının mərhum həyat yoldaşına 0,0055 hektar torpaq sahəsinin verilməsi müəyyən edilmişdir. Həmin torpaq sahəsi Tərlan Əliyevə 23.01.2001-ci il tarixli Quba Bələdiyyəsinin qərarı ilə ayrılmışdır. Belə ki, həmin Dövlət Aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab edilir. Qeyd olunan normalardan belə qənaətə gəlmək olar ki, dövlət aktının qeydiyyat kitablarında qeydə alınmaması, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmaması vətəndaşın təqsiri deyildir. İş materiallarında olan Az-İİ 019892 nömrəli ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 04.11.2019-cu ildə vəfat etmişdir. Həmçinin, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 25.01.2021-ci il tarixli, 170 nömrəli məktubuna əsasən iddiaçı 07.05.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum həyat yoldaşının vərəsəsi olduğundan daşınmaz əmlakı onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə oğlu Siyavuş Əliyevə verdiyi etibarnamə əsasında onun adından cavabdehə müraciət etmişdir. Yəni, iddiaçının iddia ərizəsinin verilməsində subyektiv hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-ci maddəsinə əsasən vəsiyyət anlayışı fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunaraq, 18.05.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,0055 hektar (55 kvadrat metr) kommersiya təyinatlı torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 18.05.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,0055 hektar (55 kvadrat metr) kommersiya təyinatlı torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar