Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-157/2021 12.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh məcburi köçkünlər üçün təyin edilmiş, xx.xx.2017-ci il tarixdə qeyri-qanuni dayandırılmış onun və ailə üzvlərinin vahid aylıq müavinətinin bərpa edilməsi, xx.xx.2017-ci ildən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün ödənilməyən vahid aylıq müavinətin hesablanaraq ödənilməsi barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. Ona və ailə üzvlərinə məcburi köçkün olduğu gündən yemək xərci müavinəti təyin edilmiş və xx.xx.2017-ci il tarixdən Cavabdeh tərəfindən onlara müavinətin verilməsi dayandırılmışdır. 2020-ci ildə iddiaçı onlara verilən müavinətin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü ildən məlum hadisələrlə əlaqədar Zəngilan rayonundan məcburi köçkün düşmüş və hal-hazırda ünvan 2, mənzil 4də övladları X1 və X2 ilə birlikdə müvəqqəti məskunlaşmışlar. Həmin vaxtdan xx.xx.2017ci ilədək məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təyin edilmiş yemək xərci müavinətini almışlar. Lakin xx.xx.2017-ci ildən onun adına hansısa mənzilin olduğu əsas göstərilərək ona və övladlarına verilən vahid aylıq müavinət qanunsuz olaraq dayandırılmışdır. Hansı ki, həmin vaxt onun adına hər hansı daşınmaz əmlakın olmaması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, **********06 saylı rəsmi məktubunu Cavabdehnə təqdim etmişdir. Lakin bu günədək ona və ailə üzvlərinə verilən vahid aylıq müavinət bərpa edilməmişdir. Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 484-VQD nömrəli Qanununun 2.1-ci bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 244 saylı qərarının 1.1-ci bəndi ilə düzəliş verilmiş və bu qərar imzalandığı gündən qüvvəyə mindiyi üçün ona və ailə üzvlərinə verilən vahid aylıq müavinətin kəsilməsi qanuna ziddir. xx.xx.2017-ci ildən onun və ailə üzvlərinin qeyri-qanuni dayandırılmış məcburi köçkünlər üçün təyin edilmiş vahid aylıq müavinətinin bərpa edilməsi məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Orada ərizəsinə baxılaraq icrası üçün aidiyyatı üzrə xx.xx.2020-ci il tarixli 01/2648 saylı rəsmi məktubla Cavabdehnə göndərilmişdir. Cavabdeh yenə də həmin məktubun icrasına səthi yanaşaraq xx.xx.2020-ci il tarixli 166 saylı imtina məktubunda onun vahid aylıq müavinətinin dayandırılmasına absurd və heç bir qanuna əsaslanmayan, arayış xarakterli səbəb göstərmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdi ki, onun adına əmlaklar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarından öncə olmuşdur və cavabdeh inzibati orqan tərəfindən ona müavinətin verilməsinin dayandırılması barədə qərar qəbul edilərkən onun adına hər hansı bir əmlak olmamışdır. Ona görədə hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, Zəngilan rayon Vənətli kənd sakini, məcburi köçkün İsgəndərov İsgəndər Əli oğlunun adına Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən daxil olmuş siyahıda ünvan 1 ünvanında iddiaçının adına yaşayış sahəsi olduğu üçün ona və ailə üzvlərinə verilən müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1ci bəndinə əsasən dayandırılmışdır. Məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə aylıq müavinət verilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş və iddia ərizəsinə etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının mülkiyyətində digər daşınmaz əmlakların olmasından xəbərləri olmamışdır. İddiaçının qərar qəbul edilərkən onun adına əmlak olmaması dəlilinidə əsaslı hesab etmir. Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair təlimatın 5 və 5.1-ci bəndinə əsasən məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilmir. Ona görədə hesab edirlər ki, iddia rədd edilməlidir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da əsassızdır. Belə ki, işə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkündür. Ona və ailə üzvlərinə məcburi köçkün olduqdan sonra yemək xərci müavinəti təyin edilmiş və ödənilmişdir. xx.xx.2017-ci il tarixdən Cavabdeh tərəfindən onlara müavinətin verilməsi dayandırılmışdır. 2020-ci ildə iddiaçı onlara verilən müavinətin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 166 saylı, xx xxxx 2020-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin iddiaçıya yemək xərci müavinətinin ödənilməsindən imtinasının əsası kimi onun adına ünvan 2 ünvanında 4 saylı mənzilin olduğu qeyd edilmişdir. İddiaçı cavabdehin bu dəlilini qəbul etmir və həmin dəlili istisna edəcək hal kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********06 saylı, xx.xx.2017-ci il tarixli məktubuna istinad edir. Həmin məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd olunan məsələnin araşdırılması üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə İddiaçı adına daşınmaz əmlakların olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı sorğu məktubu göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 54 saylı ünvanda yerləşən qeyri-yaşayış binası xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir. Lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə/83 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 11, 1 saylı mənzil xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. Lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə/82 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Hüsü Hacıyev döngəsi, 7 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsi 24.11.215-ci il tarixində qeydiyyatdan keçmişdir. Lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə/84 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 46, 2 saylı mənzil xx.xx.2014-cü il tarixində qeydiyyatdan keçmişdir. Lakin 3 saylı DNK-nın 4Ə/04-686 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmə bunula bağlı aşağıdakıları qeyd etməyi vacib sayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2, 2.1 və 2.2-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla), məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. Qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi məcburi köçkün yaşayış sahəsi əldə edərsə, habelə həmin yaşayış sahəsini özgəninkiləşdirərsə və ya bağışlayarsa həmin şəxslərə yemək xərci müavinəti şamil edilmir. İddiaçı məhkəmə iclasında izahatında yemək xərci müavinətinin dayandırılması barədə cavabdeh inzibati orqan tərəfindən qərar qəbul edilərkən onun adına hər hansı bir əmlakın olmadığını və adına əmlakların Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adı qeyd edilən qərarının qəbul edilməsindən öncə olduğunu bildirmiş və iddiasının təmini üçün yegənə əsas olaraq bunu göstərmişdir. Məhkəmə iddiaçının bu dəlilini iddianın təmini üçün əsas hesab etmir. Beləki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarından öncədə məcburi köçkünlərə yemək xərci müavinətinin təyin edilməsi ilə bağlı məsələlər Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimatı ilə tənzimlənirdi. Həmin Təlimatın 5 və 5.1-ci bəndinə əsasən məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilmir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yemək xərci müavinəti əvəzinə verilən aylıq müavinətin dayandırılması zamanı inzibati orqan qanun pozuntusuna yol verməmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün dövlət tərəfindən müvafiq güzəştlər müəyyən edilmişdir. Bu güzəştlərdən biridə yemək xərci müavinətidir. Bu kateqoriya güzəştlərin müəyyən edilməsi məcburi köçkünlərin düşdüyü iqtisadi çətinliklərlə bağlı zəruri ehtiyacların ödənilməsinə yönəlmişdir. Yemək xərci ilə bağlı aylıq müavinətin məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə şamil edilməməsinin müvafiq qanunvericiliklə tənzimlənməsi bu kateqoriya şəxslərin məcburi köçkün statusu qalmaqla zəruri ehtiyacı olan şəxslər kateqoriyasından çıxması kimi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, məcburi köçkün düşmüş şəxslərin həm maddi, həm də mənəvi problemlərinin yaranması və onlara hərtərəfli dövlət dəstəyinin olması gözləntisinin olması başadüşüləndir. Torpaqlarımızın, o cümlədən Zəngilan rayonunun işğaldan azad olunması ilə məcburi köçkünlərin mənəvi ehtiyaclarının ciddi şəkildə qarşılandığını və iddiaçının zəruri ehtiyacları olan şəxs statusunu itirdiyinidə nəzərə alanda məhkəmə iddianın rəd edilməsini əsaslı və qanuni hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-157/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-157/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver